• cümə, 19 Aprel, 21:16
  • Baku Bakı 24°C

Avropanın yeni Türkiyəyə münasibəti dəyişməlidir

13.07.18 16:53 447
Avropanın yeni Türkiyəyə münasibəti dəyişməlidir
Türk seçicisi iyunun 24-də tarixi seçim edərək, ölkədə gələcək nəsillərin rifahına əsaslanacaq yeni dövrün əsasını qoymuş oldu. Seçkilərin nəticələri bir mühüm nəticəni ortaya çıxardı – türk vətəndaşlarının böyük bir qismi ölkə iqtidarının yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir. Ölkə terrorizmə qarşı qətiyyətli mübarizə aparır, qonşu Suriyada vətəndaş müharibəsinin sona çatması üçün əlindən gələni edir. Bu siyasət isə Türkiyədə sabitliyin saxlanmasında maraqlı olmayan qərbin müəyyən dairələrini qane etmir. Hər cür bəhanələr gətirərək Ankaranın Avropa İttifaqına üzvlüklə bağlı göstərdiyi səylər heçə endirilir. Türkiyə qarşısında Aİ üzvü olmaq üçün ciddi şərtlər ildən-ilə sərtləşdirilir. Qarşı tərəf də nəticədə məcbur olub üzünü digər təşkilatlara (Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və s.) tutur. Hətta iş o yerə çatıb ki, bu ölkənin baş naziri Binəli Yıldırım rəsmən bəyan etmişdi ki, Türkiyənin Aİ-yə ehtiyacı yoxdur. Onun sözlərinə görə, Aİ-də son illər islamafobiya halları kəskin hal alıb və bu da Avropada ciddi böhrana gətirib çıxara bilər.
Xatırladaq ki, Türkiyənin Aİ-yə üzvlüyü barədə assosiativ üzvlük sənədi 1963-cü ildə imzalanıb. Ankara quruma üzvlüklə bağlı müraciəti 1987-ci ildə təqdim etsə də, danışıqlar yalnız 2005-ci ildə başlayıb.
Lakin seçkilərdən sonra artıq bu istiqamətdə ciddi bəyanatlar səslənməyə başlayıb. Daha dəqiq desək, Aİ ilə Türkiyə arasında strateji yol xəritəsi ilə bağlı ümidverici bəyanatlar səslənir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, "bizim Aİ-dən istədiyimiz bu günə qədər qəbul edilən qərarların tətbiq edilməsidir. Üzvlüklə bağlı Aİ-dən gözləntimiz yoxdur, ancaq bunun səbəbi də biz deyilik. Nümayiş edilən mövqeyə görə gözlənti içində deyilik. Nə etdiyini, nə istədiyini bilməyən bir Aİ var”. Nazir xüsusi vurğulayıb ki, Türkiyə Avropa İttifaqı ilə münasibətləri genişləndirmək niyyətindədir. Yəqni Türkiyə üçün Aİ ilə münasibətlər əvvəlki tək prioritet olaraq qalır.
Bir faktı da qeyd edək ki, Türkiyənin yeni idarəçilik sisteminə keçməsi ilə Avropa İttifaqı məsələləri üzrə nazirlik XİN-ə birləşdirilib.
Öz növbəsində qardaş ölkənin "Sabah” qəzeti yazır ki, "yeni Türkiyə tək siyasi şüar demək deyil, bu, ölkənin daxilində və hüdudlarından kənarda inkişaf proqramı, ölkənin irəliləməsi üçün mümkün, sosial, iqtisadi və siyasi strategiya deməkdir”. Məqalədə vurğulanır ki, "ən əsası, bu, təkcə terror və müharibələrdən təngə gəlmiş region üçün deyil, həm də Avropa üçün yaxşı bir xəbərdir. O baxımdan ki, Türkiyə hər zaman pozitiv və yaradıcı dəyişikliklərin avanqardı qismində çıxış edib”. Qeyd edilir ki, Avropa İttifaqının elit dövlətləri özləri üçün Türkiyəni yenidən tanımalıdırlar. Müəllifin qənaətincə, türk milləti Qərbin və yaxud Şərqin ardınca kor-koranə sürünmür, müstəqil gələcəyə aparacaq yolla hərəkət edir. Qərbdəki siyasətçilərin bir çoxu ümid edirdilər ki, bu dəfəki seçkilərlə Ərdoğanın qarşısını almaq, onu birinci turdaca üstələmək mümkün olacaq. Onlar seçki prosesi və namizədlərin təbliğat kampaniyasını ciddi şəkildə izləyərək, qərbyönümlü, liberal namizədlərin hazırkı prezidenti üstələyəcəyinə ümid edirdilər. Bu namizədlər təbliğat kampaniyasının ilk günündən Ərdoğanı hədəfə alaraq, onu ölkənin bütün bədbəxtliklərinin baiskarı adlandırır, tənqid və təhqir etməyə üstünlük verirdilər. Lakin seçkilərin nəticələri göstərdi ki, bu kimi təbliğat üstünlük əldə etmək üçün kifayət etmir. Nəticədə də onlar iyunun 24-də məğlubiyyətə uğradılar”. Lakin bununla belə, onlar bir çox məsələlərdə haqlıdırlar: "Türkiyə hökumətli nəinki regional sülh və təhlükəsizliyə, eləcə də qlobal problemlərin həllinə öz töhfəsini verməlidir. Bu, Türkiyənin taleyidir və onun qəbul etdiyi çağırışdır. Türkiyə Suriya münaqişəsinin həllinə, bir sıra Afrika ölkələrinin dövlətçilikləri üçün yaranan təhlükənin aradan qalxmasına kömək edə bilər. Digər tərəfdən, Türkiyə qeyri-rəsmi regionlararası təşkilatlarda, məsələn, MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) fəaliyyətini genişləndirə bilər. Türkiyə, Hindistan, Braziliya və İndoneziya kimi ölkələr BMT kimi təşkilatlarda böyük ehtiram və diqqət göstəriləsi ölkələrdir. "Böyük səkkizliy”in sammitləri "patetik farsa” çevrildiyi bir dövrdə "Böyük iyirmilik” əvvəlki tək ümumi rifah və problemlərin həll edəcək bir platforma rolunu oynayır. Bundan əlavə, Avropa İttifaqı özünün ikili standartlar siyasətindən əl çəkməli, Türkiyəni praqmatik və dəyişilməz tərəfdaş ölkə kimi nəzərdən keçirməlidir. Türkiyədə prezident və parlament seçkilərində yüksək fəallıq göstərdi ki, vətəndaşlar öz demokratiyalarına yüksək qiymət verir, məsuliyyətli seçicilərdirlər. Bütövlükdə seçkilərin nəticələri indiki prezident Rəcəb Tayyib Ərdoğanı qəbul etməyən bəzi Aİ liderləri üçün dərs olmalıdır”.
Öz növbəsində Moskva Karnegi Fondunun ekspertlərinin gəldiyi qənaət bundan ibarətdir ki, son seçkilərdən sonra qətiyyətli qələbə qazanan hazırkı Türkiyə rəhbərliyinin Avropa İttifaqı ilə münasibətlərinin necə olacağı sual doğurur. "Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinə dönəcəyi çoxları tərəfindən mümkünsüz görünür. Berlin, Haaqa və Vyana heç bir zaman buna getməyəcəklərini bəyan edirlər”, - deyə Moskva Karnegi Fondunun apardığı araşdırmada bildirilir. Hesabatda vurğulanır ki, Avropa İttifaqı liderləri Türkiyə və onun prezidenti ilə bağlı yeni kollektiv mövqe işləyib hazırlamalıdırlar. "Avropa istədi-istəmədi Türkiyə ilə münasibətləri genişləndirmək məcburiyyətindədir. Bir tərəfdən miqrant məsələsi, digər tərəfdən terrorizmə qarşı mübarizədə Avropaya güclü tərəfdaş gərəkdir. Bütün bunların fonunda Türkiyəni hesabdan silmək mümkün deyil”, - deyə hesabat bu fikirlərlə yekunlaşır.

Azər


banner

Oxşar Xəbərlər