• şənbə, 20 Aprel, 04:50
  • Baku Bakı 15°C

“Avropanın uzunmüddətli enerji layihəsi”

17.02.18 10:08 1006
“Avropanın uzunmüddətli enerji layihəsi”
Cənub Qaz Dəhlizinin mərkəzi axın hissəsi ümumi uzunluğu 3500 km olacaq 3 qovşaqdan - Cənubi Qafqaz Boru Kəməri,TANAP, TAP-dan ibarətdir. Azərbaycan qazını Türkiyəyə nəql etmək üçün Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum qaz kəməri) tikintisi 2004-cü ildə başlayıb və 2006-cı ilin sonunda başa çatıb. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın payına düşür.
Boru kəməri öz başlanğıcını Azərbaycanın Səngəçal terminalından götürür və Türkiyə-Gürcüstan sərhədində tamamlanır.Kəmərlə Azərbaycanın Xəzərdəki "Şahdəniz” yatağından (Mərhələ-I) hasil edilən qazın bir hissəsi (təxminən ildə 7,7 mlrd. kubmetr) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql edilir. Türkiyə ilə bağlanmış müqaviləyə müvafiq olaraq, uzunluğu 970 kilometr, yükgötürmə qabiliyyəti isə ildə 30 mlrd. kubmetr olan kəmər vasitəsilə bu ölkə 15 il ərzində 91 mlrd. kubmetr qaz almalıdır. 2007-ci il martın 13-də ilk "Şahdəniz” qazı bu kəmərə vurulub. Cənubi Qafqaz Boru Kəməri Azərbaycan qazının təkcə Türkiyə bazarlarına deyil, oradan Avropa bazarlarına nəqli üçün də imkanlar açıb. Artıq Cənubi Qafqaz boru kəməri vasitəsilə Azərbaycan qazı Türkiyədən Yunanıstana nəql olunub. Bununla da, Azərbaycan Cənub Qaz Dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə verib.
2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Bu, "Cənub Qaz Dəhlizi” layihəsi üçün əsas məsələ olub. Birgə BəyanatTANAP və TAP ilə bağlı Hökumətlərarası sazişlər ilə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilib. Prezidentİlham Əliyevin qeyd etdiyi kimi, məhz tarixi hadisə olanTANAP layihəsinin razılaşdırılmasından sonra artıq Cənub Qaz Dəhlizinin konturları görünməyə başlayıb. 2012-ci il iyunun 27-də Azərbaycan prezidentiİlham Əliyev və Türkiyənin baş naziri Rəcəp Tayyib ƏrdoğanTANAP barədə müqavilə imzalayıb.TANAP Türkiyə-Gürcüstan sərhədindən başlayıb, 20 şəhərdən keçərək Türkiyə-Yunanıstan sərhədində bitəcək. Müqavilə Azərbaycanın "Şahdəniz” yatağının ikinci fazasından çıxarılan qazın ildə 16 mlrd. kubmetrinin Türkiyəyə nəqlini nəzərdə tutur. Bu həcmin 6 mlrd. kubmetri ölkənin daxili tələbatına yonəldiləcək, 10 mlrd. kubmetri isə Türkiyə üzərindən Avropa bazarlarına çıxarılacaq. Azərbaycandan Dövlət Neft Şirkətinin, Türkiyədən BOTAŞ və TPAO-nun ortaqlığı ilə yaradılanTANAP layihəsi 7 mlrd. dollar sərmayə ilə altı ildə həyata keçiriləcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Gələcəkdə kəmərin buraxılış gücünün artırılması mümkündür. Layihə 4 mərhələdə həyata keçiriləcək. Onun ilk mərhələsi cari ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə 31 mlrd. kubmetrə çatdırılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib və bu təklif müsbət dəyərləndirilib. Həmin təşəbbüsdən irəli gələrək, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı fevralın 15-də Bakıda keçirilib. Toplantıda çıxış edən Prezident İlham Əliyev "Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının güclü əzmindən, layihənin icrasından geniş söhbət açıb. Bildirib ki, "Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və ölkəmizə öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Onun sözlərinə görə, Azərbaycan enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırıb, bununla da iqtisadiyyatın uzunmüddətli davamlı inkişafını təmin edib: "Əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra - 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal "Əsrin müqaviləsi” adını aldı. 2017-ci ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı "Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan "Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq”.
Milli Məclisin deputatı Azər Badamov "Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışarkən Azərbaycanın indiyə qədər reallaşdırdığı neft-qaz layihələrinə, onların ölkə iqtisadiyyatında oynadığı rola diqqət çəkib. Bildirib ki, ulu öndər Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin hərtərəfli inkişafına səbəb olub: "Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox, ümumi daxili məhsul 3,2 dəfə artıb. Azərbaycan işsizlik və yoxsulluğu azaltmaq üçün enerji ehtiyatlarından düzgün şəkildə istifadə etməyə müvəffəq olub. Cənab İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında çıxış edərkən vurğuladığı kimi, son 15 ildə əhalimizin 1,5 milyon nəfər artmasına baxmayaraq, işsizlik səviyyəsi çox aşağı – 5 faizdir. Yoxsulluq səviyyəsi 5,4 faizdir, savadlılıq səviyyəsi 100 faizə yaxındır. Azərbaycan iqtisadiyyatı şaxələndirmək üçün insan kapitalına investisiya yatırıb, iş yerləri açıb, müasir infrastruktur yaradıb. 2018-ci il yanvar ayının nəticələri də göstərib ki, Azərbaycanda iqtisadiyyatın əsasən qeyri-enerji sektorunda inkişaf gedir. Burada iqtisadi artım 4 faizə yaxın olub. Yanvarda sənayenin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Bütün bunlar qara qızılın insan kapitalına çevrilməsi, neft-qaz layihələrinin uğurla idarə edilməsi, əldə edilən gəlirlərin düzgün xərclənməsi sayəsində mümkün olub. Sözügedən faktları nəzərə alaraq inamla deyə bilərik ki, Avropanın uzunmüddətli enerji layihəsi olan "Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycana, eləcə də bu layihədə iştirakçı olan ölkələrə müsbət töhfələr verəcək”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban isə "Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini statistik rəqəmlərə istinad etməklə şərh edib. Bildirib ki, bu layihəyə Azərbaycanın kapital yatırmasının düzgün seçim olub-olmaması uzun müddət müzakirə edilib. Onun sözlərinə görə, bu fikir cəmiyyətin nəinki ali təhsilli olanları, hətta ali iqtisadi təhsilliləri arasında bu günə qədər mübahisə predmeti olub: "2013-cü ildə əsas arqument ondan ibarət idi ki, həm "Şahdəniz-2”, həm də 3 ayrı-ayrı boru kəmərinin - toplam 40 milyard dollar dəyərində bir layihənin reallıqda özünü doğrultması şübhəlidir. Buna görə də belə kapitalyönümlü layihənin reallaşdırılmasına indiki şəraitdə riskə getmək olmazdı. Belə arqument gətirənlərə qısa cavab həmişə bu olub ki, belə olan təqdirdə, "Şahdəniz-2” layihəsi gerçəkləşməyəcəkdi və Azərbaycan ancaq "Şahdəniz-1” layihəsi ilə qane olmalı idi. O zaman həmin qrupdan olanlar qeyd edirlər ki, "Şahdəniz-2”ni işləmək vacibdir, ancaq boruların çəkilişində Azərbaycan iştirak etməməli idi. Yəni öz qazını öz sərhədində xaricilərə təhvil verib məsələyə nöqtə qoya bilərdi. Təklif edirdilər ki, Azərbaycan qaz siyasətini Türkmənistan kimi aparsaydı, daha yaxşı olardı. Ola bilərdi, ancaq dünyada qaz ehtiyatlarına görə 4-cü yeri tutan Türkmənistanın bu gün məhz belə siyasət nəticəsində hansı vəziyyətə düşdüyü hər kəsə məlumdur. İkincisi, Azərbaycanın "Şahdəniz-2” gəlirləri 3 kateqoriya üzrə çeşidlənəcək. Birincisi, qazın satışı, ikincisi, kondensatın satışı, nəhayət üçüncüsü, nəqletmədən gələn gəlirlər. Layihə kommersiya yönümlüdür. Ona verilən kreditlər həm də şirkətlərə verilir. Dövlət zəmanəti olmadan, bank özünü doğrultmayan layihələrin maliyyələşdirilməsinə imza atmaz”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər