• çərşənbə axşamı, 16 aprel, 23:24
  • Baku Bakı 18°C

Avropanın son dayanacağı olan “sevimli buxta” - Fotolar

28.03.19 11:30 1198
Avropanın son dayanacağı olan “sevimli buxta” - Fotolar
Kutaisi üzərindən "Wizzair”lə Avropaya uçuşlar xeyli ucuz başa gəldiyindən, demək olar ki, azərbaycanlılar artıq səyahət arzularını bu aşağı büdcəli (Low cost) hava yolları ilə reallaşdırmağa başlayıblar. Həmçinin Gürcüstanın hava yolları bazarına daxil olan xidmət xaricilərin də diqqətini cəlb edir. Təyyarənin salonunda olan əcnəbi sərnişinlərə əsasən bunu demək olar.

Əlbəttə, Kutaisidən Bakıya gedib-gəlməyin kifayət qədər vaxt almasına, üstəlik, fiziki yorğunluğa baxmayaraq, qənaətcillilik baxımından səyahətsevərlər Avropaya ucuz uçuş imkanı tapdıqlarına sevinirlər.

Bakı-Tbilisi-Kutaisi-Vyana-Lissabon-Madrid marşrutu üzrə uçuşum da bu hava yolları ilə həyata keçdi.

Vyanada əvvəllər səfərdə olsam da, Lissabona – dəniz dövlətinin paytaxtına ilk səfərim idi. Piriney yarımadasının incisi, adı "Sevimli buxta” mənasını verən şəhər, ilk baxışdan maraqlı təsir bağışladı. Əlbəttə, burada qonaq olduğum 3 gün müddətində şəhərin tarixi, mədəniyyəti, mətbəxi ilə tanış olacaq, insanlarının yaşam standartlarına bələd olacaqdım. Ona qədər isə informasiya resurslarından səfər müddətində də müşahidə etdiyim faktları əldə etmək maraqlı idi.
Portuqal dili, Fado, tramvay...
Portuqaliyanın əsas əhalisi demək olar ki, paytaxt Lissabonla Portu şəhəri arasında bölünüb. Lissabon təkcə paytaxt deyil, həm də ölkənin ən nəhəng şəhəridir. Şəhərin 2 milyondan çox əhalisi var.

Lissabon dünyanın ən qədim şəhərlərindən hesab olunur. Hətta London, Paris kimi tarixi şəhərlərdən yaşı 100 il çoxdur. Paytaxt, dünyanın əlverişli şəhər həyatına malik ölkələrin reytinqində 25-ci yeri tutub. Müşahidələrdən hiss olunmasa belə, qitədə ən varlı şəhərlərin TOP-10-unda yer alıb. Şəhərdə bizim üçün Avropaya çıxış dili olan ingilis dilini bilən təbəqə çox azdır. Bəlkə də bu onunla əlaqədardır ki, Portuqaliya dili 9 ölkədə rəsmi dil sayılır və dünyada 232 milyon insan bu dildə danışır.

Portuqalların Fado adlı öz musiqi stilləri var. Yüksək emosionallıqla ifadə olunan, kədər və romantikanı ifadə edən musiqinin portuqal gitarasında müşayiəti maraqlı təsir bağışlayır. Bu canlı musiqilərin səsləndiyi kafe və restoranların qiyməti 70-80 avro arasıdır. Sevgi, qəlb və iztirab musiqisi YUNESKO-nun ümumdünya bəşəri irs siyahısındadır. Küçələrdə də musiqini ifadə edən dəstələri insan kütlələri əhatəyə alır.

Şəhərin küçələrini gəzdikcə qədim məbədlər, kilsələr, muzeylər, qalalarla tanış olmaq mümkündür. "Qloriya” funikulyoru da insanları qədim hissəyə aparır.

Lissabon bir sıra ilklərə imza atan paytaxtlar sırasındadır. Hər şeydən əvvəl paytaxt müxtəlif dövrlərdə işğala məruz qalsa da, 1755-ci il zəlzələsində qədim hissəsi dağılsa da, yenidən qurulub və əzəmətini qoruyub saxlayıb.

Şəhər Avropada ən uzun körpü sayılan Vasko da Qama körpüsü ilə öyünür. Portuqal səyahətçi 1490-cı ildə Hindistana dəniz yolu açıb. Məhz buna görə də, Avropada ən böyük körpü elə bu səyahətçinin adını daşıyır. Dünya səyahətini ilk dəfə gerçəkləşdirən Ferdinand Magellan da bu ölkədəndir. Portuqal Varfolomey Dias Afrikanın cənub hissəsinə çatan ilk dənizçi olub və həmin yeri Xeyirxah Ümid Burnu adlandırıb. Ona görə, paytaxtda Dəniz Muzeyi fəaliyyət göstərir.

Dünyada ən qədim kitab mağazası Lissabondadır. 1732-ci ildə açılan mağazada portuqal, ispan, ingilis, fransız və alman dillərində istənilən əsəri tapmaq mümkündür.

Şəhər turizmin inkişafı üçün bütün infrastrukturu qurub, nəqliyyatı ideal səviyyədədir. Məsələn, hava limanından şəhərə getmək üçün avtobus, metro, taksi xidmətləri və s. nəqliyyatlar var. Aeroportdan (1.40 avro) avtobusla, Aerobus və ya Aeroshuttle (3.50 avro) vasitəsilə istənilən nöqtəyə rahat çatmaq mümkündür. Marşrutda hərəkət etmək üçün sürücüyə yerində pul ödəmək də olur. Amma qənaət etmək üçün "Viva Viagem” gündəlik, həftəlik və ya aylıq kartlarından istifadə məsləhət görülür.

Tramvaylar paytaxtın simvolu sayılır. Xüsusən şəhərin qədim hissəsində hərəkət edən 28 saylı sarı rəngli məşhur tramvaydan, paytaxta gələn hər bir insan istifadə edir. Bu tramvayların görkəmini maksimum saxlamaqla modernləşdiriblər. Tramvay şəhərdən axşama qədər turistləri və yerli sakinləri orta əsərlərə aid Alfama məhəlləsinə daşıyır.

Küçələrdə hər addımda dünya ölkələrinin mətbəxlərinə rast gəlinir. Çin, hind mətbəxləri üstünlük təşkil edir. Qiymətlər 6-50 avro arası dəyişir. Okeanın çeşidli balıqları əksər mətbəxlərin menyusunu bəzəyir. Əlbəttə, dəniz məhsulları yeməyə, dadlı portuqal şərabı dadmağa üstünlük verənlər fərqli məbləğ ödəməli olurlar. Türk kafelərinin çörəkarası dönərini də 3.50 avro ödəməklə dadmaq mümkündür.
"Çantanızdan ehtiyatlı olun”
Əvvəllər Lissabon Avropanın ən sakit şəhərlərindən hesab olunub. İndi isə bu şəhərdə sakitliyi yalnız xəyal etmək olar. Nəqliyyatın, turistlərin və immiqrantların səs-küyü şəhərdəki sakitliyi pozub. O baxımdan demək olmaz ki, bu şəhərdə hər şey idealdır. Lissabon Atlantik okeanı vasitəsi ilə immiqrantların ən çox üz tutduğu şəhərlərdəndir. Küçələrində evsiz-eşiksiz insanlar, dilənənlər, qaraçılar da var. Xidmət sektorunda əsasən hindli, pakistanlı və ərəb ölkələrindən gələnlərdir. Afrika ölkələrindən gəlib qeyri-leqal yaşayanlar da kifayət qədərdir. Hər gələn immiqrantın da ölkəyə fərqli "töhfəsi” var. Məsələn, küçələrdə narkotik satışını əsasən Afrika ölkələrindən gələnlər həyata keçirir. Yoldan ötənlərə yaxınlaşıb "həşiş” deyə mallarını təklif edirlər. Ölkədə narkotik satışı isə leqal deyil. Bir sıra küçələr də var ki, əməllicə narkotik qoxusu ətrafa yayılır. Suvenir dükanlarında əsasən hindlilər işləyir. "Ölkəmizdə iş yoxdur. Əhali çoxdur, ona görə, biz Avropaya gəlirik. Viza problemi var. Amma biz məqsədimizə çatmaq üçün bütün çətinliklərə dözürük”- deyə hind satıcılardan biri mənimlə söhbətində ürəyini açdı: "Əlbəttə, yaşayışımız üçün hər işə qatlaşırıq. Çalışmasaq, heç kəs bizi dolandırmaz. Ona görə də, gecə keçənə qədər işləyirik”. Kafedə rastlaşdığım qoca rus qadın isə bu ölkədə yaşamağın digər Avropa ölkələrindən təhlükəsiz olduğunu dedi: "Oğlum idmançıdır. Dünyanın çox ölkələrində yaşayıb. Burada özümüzü daha rahat hiss edirik. Yaşayış xərcləri xeyli ucuz, qidalar isə təmizdir”.

Bununla belə, Lissabon turistlərə "çantanızdan ehtiyatlı olun”, "hava qaralanda sakit küçələrdə tək dolaşmayın” xəbərdarlığının edildiyi ölkələrdəndir. Ona görə, turistlərin, çantalarını möhkəm-möhkəm qucaqladıqlarını müşahidə etmək mümkündür.

Portuqallar üçün hörmət etdikləri və bunu ölkələrinə gələnlərə də riayət etməyə çağırdıqları yazılmayan qanunlar var. Məsələn, Lissabonda ictimai yerlərdə əsnəmək, gərnəşmək, yerli sakinlərin ailə problemlərini müzakirə etmək və uşaqlar haqqında onlarla danışmaq qəbuledilməzdir. Həmçinin ölkənin tarixi qüdrətini şübhə altına almaq, onları qonşu ispanlarla müqayisə etmək yerli əhali tərəfindən qeyri-etik sayılır.
Sintra-Kabo da Roca-Kaşkaiş
Ölkəyə gələn turistlər paytaxtla yanaşı yaxın şəhərlərə səyahətə də üstünlük verirlər. Sintra-Kabo da Roca-Kaşkaiş marşrutu üzrə minlərlə turist hərəkət edir. Paytaxtdan bir saatlıq məsafədə yerləşən bu yerlərə baş çəkmək ucuz başa gəlir. Amma turistik nöqtələri görmək üçün avtobusdan və ya qatardan düşən kimi turizm şirkətlərinin nümayəndələri başının üstünü kəsdirir. Dağların başında, okeanın sərhədlərində yerləşən məkanları görmək isə onlarsız mümkün olmur.

Bu əyalətlərin hər birinin öz füsunkarlığı var. Məsələn, Sintra şəhərinin adı Avropanın 19 ağlagəlməz şəhərləri sırasındadır. Lissabondan qatarla 40 dəqiqəlik məsafədə yerləşir. Şəhər meşələrlə və Atlantik okeanı ilə əhatələnib. Hər il 6 milyon turist buralara səfər edir. Kral qəsrləri, dünya ulduzlarının dincəldiyi qədim saray-otellər, təbiətin əsirgəmədiyi gözəllik, ideal turizm xidməti... bu dəniz şəhərinin romantik ab-havasını və turizm imkanlarını sərgiləyir. Avropanın ən qədim kral sarayı burdadır. XIII əsrə aid saraydan şəhər əl içi kimi görünür.

Kabo-da-Roca ölkənin ən qərb nöqtəsidir. Bura Atlantik okeanının torpaqla kəsişdiyi, Avropanın son qurtaracaq yeridir. Yerin son sərhədlərini görməyə dünya turistləri böyük maraq göstərir. Okeanın qəzəbli dalğaları və güclü küləkləri insanlara landşaftın möcüzəsini görməyə mane ola bilmir...

Bələdçi Kaşkaiş haqqında da məlumat verərək turistlərin sevimli şəhəri siyahısında olduğunu bildirir: "Burada gözəllik üçün hər şey var. Okean, təbiət, dadlı mətbəx... İnsanlar pul xərcləyib buralara istirahətə və gəzməyə gəlməkdən peşman olmurlar”.

Bu ölkənin hər yerində futbolu çox sevirlər. Futbol ulduzu Kriştiano Ronaldonu uşaqdan böyüyə hamı tanıyır. Adını söyləyən kimi dodaqlara təbəssüm qonur. Doğulduğu Funşalda büstünü də qoyublar. Suvenir mağazalarında isə idman formaları satılır. Küçə aktyorları onun formasında insanlarla şəkil çəkdirib pul da qazanırlar. Ronaldonun adı təkcə ölkəyə məşhurluq gətirməyib, həmçinin insanların dolanışığına yol açıb.

Lissabon bütün millətlərin qarışığından ibarət əhalisi ilə normal həyatını yaşayır. Ölkənin nəbzi isə elə paytaxtda döyünür: bir qədər səs-küylü, bir qədər şən əhval-ruhiyyəli, bir qədər gənclərin bütün sərhədləri aşdığı qanunlarla. Təbiətin bəxş etdiyi gözəllik, tarixin yadigar qoyduğu izlər də öz yerində...
Təranə Məhərrəmova
Lissabon-Bakı

banner

Oxşar Xəbərlər