Avropanın gününü qara edən mafiya

"Köhnə qitə”nin həbsxanaları
gürcü cinayətkar birləşmələrin üzvləri ilə dolub
Avropa İttifaqına tamhüquqlu üzv olmağa iddialı Gürcüstan, getdikcə
quruma daxil olan ölkələri üçün ciddi bir problemə çevrilir. Problemi yaradan
isə gürcü cinayətkar birləşmələridir. Gürcüstanla Assosiativ üzvlük haqqında
saziş imzalayan və gürcü vətəndaşlarına Şengen vizası təqdim edən Avropa
İttifaqı belə getsə, qərarlarına yenidən baxmalı olacaq. Bəllidir ki, gürcü
kriminal ünsürlər vaxtilə SSRİ məkanında ən güclü qruplaşma kimi tanınırdı.
Postsovet məkanında ən çox məhz gürcü "qanuni oğru”ların olduğu hər kəsə bəlli
idi. Lakin nəhəng imperiyanın süqutu ilə cinayətkar ünsürlər daha da
aktivləşdilər. Və tam 20 ilə yaxın həm ölkələrində, həm də bütövlükdə postsovet
məkanında aktiv fəaliyyət göstərdilər. Mixail Saakaşvili hakimiyyətə gələndən
sonra isə Gürcüstanı tərk etmək məcburiyyətində qaldılar. Yeni prezident gözəl
anlayırdı ki, bu təhlükə ciddidir. Bu səbəbdən də əsas vəzifə kimi ölkəni "qanuni
oğrular”dan təmizləməyi qarşıya qoydu və insafən də bunun öhdəsindən uğurla
gəldi. Lakin Gürcüstan bu ünsürlərdən təmizlənsə də, digər ölkələr bundan zərər
çəkməkdədir. Gürcüstanın Avropa ilə üzvlük sazişinin imzalanması ilə qitəyə
axışan gürcülər "qozbeli qəbir düzəldər” prinsipinə sadiq qaldıqlarını nümayiş
etdirməkdədir. Bu dəfə isə meydanda "qanuni oğrul”ar deyil, adi oğrulardır.
Qərb mediasının yazdıqlarına görə, cinayətkar ünsürlər Avropa ölkələrinə ciddi
problemlər yaratmaqda davam edir. Xüsusən də, gürcü "qanuni oğrular”ın bu
kimi əməllərindən narahat olan avropalı siyasilər, Gürcüstanla viza rejiminə
yenidən baxmağı təklif edirlər. Avropa İttifaqı Gürcüstana qarşı viza rejimini
aradan qaldırandan sonra gürcülər sürətlə Qərbə doğru hərəkət götürdülər.
Avropaya ayaq açan gürcülər vətənlərinə dönmək istəmir, orada kriminal işlərlə
məşğul olurlar. Rəsmən bəyan edilib ki, oğru dünyasının nümayəndələri olan
gürcülər daha çox Yunanıstana toplaşıblar.

Avropanı cənginə alan gürcü
oğrular
Son hadisə isə avropalıları özündən çıxarıb və narahatlığı artırıb.
Yunanıstan hüquq-mühafizə orqanları Gürcüstanın səkkiz vətəndaşını qarət və
oğurluq ittihamı üzrə həbs ediblər. Yerli kütləvi informasiya vasitələrinin
yaydıqları məlumata görə, onların qarət etdiklərinin həcmi milyon avronu keçib.
Zərgərlik, antikvar məmulatları, mobil telefonlar, eləcə də, avtomobillər -
Gürcüstanın səkkiz vətəndaşı əllərinə qiymətli nə keçibsə, oğurlamağa üstünlük
veriblər. Hüquq-mühafizə orqanları oğurluğun həcmini 900 min avro qiymətləndiriblər.
Onlardan beşi kişi, üç isə qadındır. Nə vaxtdan oğurluq və qarətlərlə məşğul
olduqları isə bəlli deyil. "Lakin onlardan bir neçəsi artıq neçə ildir ki,
Yunanıstanda yaşayır”. Bunu, saxlanılan şəxslərdən birinin Kaxetiyada yaşayan
qohumlarından biri bildirib. "Mtavari” kanalına müsahibəsində bildirib ki, baş
verənlərdən şokdadır: "Axı biz onu elə tərbiyə edib böyütməmişik. Bəli, pula
ehtiyacı var idi. Yoldaşı işləyir, iki uşaqları var. Gürcüstanda mebel ustası
idi. Bir neçə il bundan əvvəl Gürcüstandan gedib və ondan sonra barəsində heç
nə eşitməmişəm”. Polis əməliyyatı eyni vaxtda 18 vilayətdə keçirilib. Və yunan
kütləvi informasiya vasitələri qeyd edirlər ki, saxlanılan şəxslər birlikdə və
razılaşdırılmış şəkildə fəaliyyət göstərirmişlər. Ümumiyyətlə, son aylar əcnəbi
nəşrlər tez-tez Avropa ölkələrində Gürcüstandan olan mütəşəkkil cinayətkar
qruplaşmalar barəsində yazırlar.
"Kanonieri Kurdi”
əməliyyatı
Bundan əvvəl isə Avropanın bir sıra hüquq-mühafizə orqanları gürcü
"qanuni oğruları”nın rəhbərlik etdiyi cinayətkar qruplara basqın edib. Bir neçə
əyalətdə misli görünməmiş genişmiqyaslı əməliyyat nəticəsində polis, soyğunçuluq,
qanunsuz ticarət və çirkli pulların yuyulması ilə məşğul olan Gürcüstandan olan
45 miqrantı saxlayıb. Yunanıstanla yanaşı, İtaliya, Fransa, Polşa, Belçika və
Sloveniyada məskunlaşan "qanuni oğrular”la bağlı əməliyyat altı ay çəkib.
İtaliyada hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyatı "Kanonieri
Kurdi” ("qanuni oğru”) adlandırıblar. Yalnız İtaliyanın Reggio Emilia şəhərində
23 şübhəli nəzarətə alınıb. Fransada polis, basqını "Bratva-35” adlandırılıb:
Roche-sur-Yon, Noir, Angers, Bordo və Renn şəhərlərində Gürcüstandan gələn 17
miqrant tutulub. Şübhəlilərin qalan hissəsi Polşa, Belçika və Sloveniyada saxlanılıb.
Bundan əvvəl Avropa Komissiyası Gürcüstanın mütəşəkkil cinayətkar
qruplaşmalarının Aİ ərazisindəki fəaliyyətindən narahatlığını ifadə edib.
Avropa Komissiyasının Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova və Ukrayna ilə
viza rejiminin liberallaşması barədə hesabatında da bu informasiyalar yer alıb.
Hesabata əsasən, Gürcüstan vətəndaşları Avropa ərazisində cinayətlərin
törədilməsində lider olaraq qalır: "Gürcü mütəşəkkil cinayətkar qruplaşmaları
yüksək dərəcədə mobildirlər. Onlar, əsasən mülkiyyətə qarşı cinayətlərə cəlb
olunurlar və Fransa, Yunanıstan, Almaniya, İtaliya, İspaniyada aktivdirlər.
Onların fəaliyyəti Aİ üçün təhdiddir. Belə ki, onların kriminal bazarlara
nəzarəti artır və digər qruplaşmalarla əməkdaşlıq edirlər. Gürcüstan, artıq
cinayətkar gəlirlərin yuyulması baxımından tranzit ölkə olub”.

"Gürcü oğrular sərt və
peşəkarcasına hərəkət edirlər”
Bir neçə gün əvvəl Almaniyanın "Deutsche Welle” nəşri İspaniyadan
misal çəkib. Yunanıstan Daxili İşlər Nazirliyində bildirirlər ki, 2016-cı ildə ölkədəki
mənzil oğrularının 60 faizi Gürcüstandan olan vətəndaşlardır. Nazirliyin
nümayəndəsi Migel Anhel Karransa nəşrə müsahibəsində bildirib ki, gürcü oğrular sərt və
peşəkarcasına hərəkət edirlər: "Madriddə və digər şəhərlərdə, əsasən
xidmətçilərin olmadığı həyət evləri qarət olunur. Adətən quldur dəstələri səhər
tezdən və dörd nəfərlik qrupla fəaliyyət göstərirlər. İki nəfər həyətdə qalır,
vəziyyətə nəzarət edir və mobil telefon vasitəsilə əlaqə qururlar. Evdə heç
kimin olmadığını müəyyən etdikdən sonra qapını sındırır, siqnalizasiyasını
sıradan çıxarırlar. Yalnız pul, saat və zinət əşyalarını oğurlayırlar”.
"Xaricdə həqiqətən də iri cinayətkar qruplaşmalar fəaliyyət göstərir.
Onlar əsas etiabrilə məişət oğruluğu ilə məşğuldur”. Bu sözləri Tbilisi Dövlət
Universitetinin nəzdində hüquq və dövlət institutunun əməkdaşı Georgi Qlonti
bildirib: "Belə cinayətləri vaxtilə Sovet İttifaqına daxil olan ölkələrdən və
Gürcüstandan olanlar həyata keçirir. Onların sayı, xüsusən də son illər miqrantların
hesabına artmaqdadır. Mən tez-tez Almaniyaya, Avstriyaya gedir, orada Daxili
İşlər Nazirliyindən olan həmkarlarla görüşməli oluram. Məsələn, 90-cı illərin
əvvəllərində Almaniyanın həbsxanalarında keçmiş SSRİ-dən mühacir yox idi və
indi, məsələn, Frayburq həbsxanası onlarla dolub. Bunlar Qazaxıstandan olan
alman repatriantlar və Gürcüstanı tərk edən, qaçqın statusu almağa çalışan,
cəmiyyətə uyğunlaşa bilməyən, işləmək istəməyən, parazit olmaq və müəyyən bir
gəlir əldə etmək istəyən insanlardır". Qlonti əlavə edir ki, qanunsuz
fəaliyyətlə pul qazanmaq, getdikcə Avropa ölkələrinə səyahət edənləri cəlb edir:
"Bunlar heç bir dəyərli peşə keyfiyyətinə sahib olmayan insanlardır, eləcə də,
qazancları pandemiya səbəbindən azalmış qara fəhlələrdir. Görünür, pandemiya
gündəmin əsas məsələsi kimi ortaya çıxıb. İş yoxdur, geriyə qayıda bilmirlər.
Bu səbəbdən də hər şeyə gedirlər. Bu ölkələrin mütəşəkkil cinayətkar qruplarla
üzləşmədiklərini nəzərə almaq gərəkdir. Bu səbəbdən də, onlarla mübarizə
aparmaq çox çətin olur. Belə dövlətlərdə villalar, evlər elə də yaxşı qorunmur -
qapılar şüşəli, siqnalizasiya isə primitivdir. Axı bu tip sakit şəhərlərdə
cinayətlər çox az olub. Problem ondadır ki, belə cinayətkar qruplaşmaların
üzvlərini saxlamaq çox çətin olur”. Ekspert onları "köçəri quldur” adlandırır.
Bildirir ki, onlar daimi hərəkətdə olur, bir ölkədən digərinə gedir, olduqları
ölkələrdə informasiya toplayır. Bu səbəbdən də çox vaxt hüquq-mühafizə
orqanları onların yerini müəyyən edə bilmir. Və belə bir vəziyyət də təşviş
doğurmaya bilməz.
Strateji və beynəlxalq tədqiqatlar Mərkəzinin eksperti Kaxa
Qoqolaşvili də bu qənaətdədir. O bildirir ki,
Gürcüstandan olan kriminal elementlərin Avropa İttifaqına üzv olan
ölkələrin ərazisində uzunmüddətli qalmaları, artıq narahatlıq doğurmağa
başlayıb: "Belə məsələlər əvvəllər də ortaya qoyulub. Məsələn, Almaniya belə
bir hədələyici bəyanatla çıxış etmişdi. Başqa ölkələr də belə tip bəyanatlar
səsləndirmişdilər. Lakin gürcü hakimiyyət orqanlarının bu cür cinayətkarların
ələ keçirilməsində avropalılarla aktiv fəaliyyəti durumu bir qədər dəyişdi. Cinayətkarların
izlənilməsi yaxşı həyata keçirilir. Lakin uzunmüddətli perspektivdə bu kimi
məsələlər ölkənin Avropa İttifaqına üzvlüyünə neqativ təsir göstərə bilər. Gürcüstan
isə 2024-cü ildə belə bir müraciətlə çıxış etmək niyyətindədir. Bu prosesə
gürcü hakimiyyət orqanlarının cinayətkarların ələ keçirilməsi prosesinə aktiv
qoşulması, informasiya mübadiləsi və Avropa ölkələrində yerləşən Gürcüstan
səfirliklərində polis ateşelərinin yerləşdirilməsi kömək edə bilər.
Tbilisi narahatdır
Rəsmi Tbilisi, vətəndaşları ilə bağlı problemlərin Avropa İttifaqı
ilə vizasız gediş-gəliş rejiminin ləğv olunması ilə nəticələnə biləcəyindən
narahatdır. Belə bir addımın atılması barədə təşəbbüslə indiyədək Fransa,
İtaliya və Almaniyanın daxili işlər orqanları çıxış ediblər. Gürcü əsilli
mafiya artıq Yunanıstandakı iqtisadi sektorlara nəzarət edir. Media da buna
diqqət ayırmağa başlayıb. Ötən il şərti adı "Qafqaz Normandiyası” olan
əməliyyatın ən diqqətçəkən və maraqlı hissəsi Fransanın şimal hissəsi və
Yunanıstanda yaşanıb. Əməliyyat gedişində polislər 19 ən məşhur kriminal
avtoritetləri, o cümlədən Laşa Şuşanişvilini ələ keçirib. Laşa Rustavski və
yaxud "Gombul” ləqəbli bu şəxs Rusiyanın kriminal dünyasında ən iri fiqur,
Yunanıstanda isə "nömrə bir” hesab edilir.
Xatırladaq ki, Saakaşvili dövründə hakimiyyət "qanuni oğru”lara
qarşı irimiqyaslı əməliyyatlar keçirdi. Onların bir qismi həbs edildi, digər
bir qisim isə deportasiya olundu. Lakin ondan sonra hakimiyyətə gələn
İvanişvili dərhal 5 min məhbusu azad etdi. Ən maraqlısı odur ki, Gürcüstanda 6
"qanuni oğru” da amnistiyaya düşərək azad edildi, 20 kriminal avtoritetin
cəzası isə yüngülləşdirildi. Cinayətkar qrupların üz tutduqları məkan isə Yunanıstan
olub. Yunanıstan Avropanın digər ölkələrinə çıxış kimi istifadə edilir. Nəşrlər
yazır ki, "qanuni oğru”ların, hakimiyyəti korrupsiyaya sövq etmək üçün
kifayət qədər maddi vəsaiti var və bu, onlara iqtisadiyyata təsir imkanları
verir. Mənbə bildirib ki, Yunanıstan 100-ə yaxın "qanuni oğru”nun təsiri
altındadır. Hazırda Yunanıstanda 400 minə yaxın Gürcüstan əsilli vətəndaşın
yaşadığı deyilir ki, onların da böyük əksəriyyəti ötən əsrin əvvəllərində
Osmanlı İmperiyasından əvvəlcə Gürcüstana, oradan isə Yunanıstana köçənlərdir.
Onlar müxtəlif dövrlərdə, əsasən də, son bir ildə viza rejimi aradan
qaldırılandan sonra Yunanıstana ayaq basıblar.
Azər NURİYEV
