Avropanın çöküşünün qarşısını necə almalı?
Avropanın az qala bir nömrəli probleminə çevrilən miqrant məsələsi və
onun yaratdığı fəsadlar qitənin gündəmini zəbt edib. Artıq Qərb dünyası anlamağa
başlayır ki, Yaxın Şərq və Şimali Afrikada mövcud rejimləri devirməsi onu necə
ciddi problemlərlə üz-üzə qoyub. Artıq Qərbin bir sıra dairələrində belə bir
qənaət var ki, ölkələrdə vətəndaş müharibələri və qarşıdurmalara rəvac vermələri
səhv addım olub. Bir vaxtlar NATO, Avropa Müdafiə Agentliyi (EDA) kimi nüfuzlu
qurumlara rəhbərlik etmiş Havyer Solana da bu qənaətdədir. Keçmiş diplomat "The New York Times” qəzetində dərc edilən
"Avropanın çöküşünün qarşısını necə almalı?” başlıqlı məqaləsində problemin nə
qədər ciddi xarakter aldığını araşdırmağa çalışıb. Onun qənaətincə, son 70 ildə
dünyanın böyük bir hissəsini əhatə edən Birləşmiş Ştatlar, Kanada və Avropa
müddət ərzində firavanlıq və demokratiyanı özlərində ehtiva ediblər: "Hazırda transatlantik
cəmiyyət genişlənib, bu gün əhalisinin sayı 900 mln-a çatıb və özündə 30-dan
artıq ölkəni birləşdirir”.
Havyer Solananın qənaətincə, "bu qədər əhəmiyyətli
bölgəni əhatə edən transatlantik məkan Afrika, Latın Amerikası və Cənub-Şərqi
Asiya regionunda regional əməkdaşlığa önəm verir, liberal dünya düzəninin
əsasını təşkil edir”. Lakin əlavə edir ki, bu dəyərlər bu gün təhlükə
altındadır: "Avropa ilə əlaqələr artıq zəifləmə xətti götürüb və bu il
münasibətlərin tarixinə ən pis il kimi düşüb. Ötən ay Avropa İttifaqının
rəsmisi Jan Klod Yunker bəyan edib ki, Aİ ekzistensial (mövcudiyyət) böhranla
üzləşib. Bununla yanaşı, Amerikanın iki partiyasının Avropa və Asiya ilə
ticarət razılaşmalarına marağı azalıb. ABŞ-da respublikaçı namizəd Donald Tramp
Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlayır, Qərbin həmrəyliyinə
qarşı çıxan və onu zəiflətməyə çalışan Rusiyanın hazırkı rəhbərini müdafiə
edir, ABŞ-ın ənənəvi müttəfiqlərini lağa qoyur. Bu cür neqativ şəraiti nəzərə
alaraq, bu qənaətə gəlmək olar ki, gələn il Qərbin öz problemlərinin öhdəsindən
gələ biləcəyi sual altına düşür”.
H. Solana vurğulayır ki, müasir dövrdən
çıxarılan əsas dərs odur ki, beynəlmiləlçilik dünyanı sabitləşdirir, hərbi
millətçilik isə xaos yaradır. O hesab edir ki, Birinci Dünya müharibəsindən
sonrakı dövr çoxsaylı axmaq addımlar və iflas ilə yadda qalıb. Versal sülhü heç
nəyə qadir olmayan bir vəziyyət yaratdı, Böyük durğunluq dövrü, səlahiyyətsiz Millətlər
Cəmiyyəti totalitarizmin yaranmasına
gətirib çıxardı. Bütün bunlar isə sonradan İkinci Dünya müharibəsinin qaçılmaz
olmasına gətirib çıxardı: "İkinci Dünya savaşının qalibləri də özlərindən
əvvəlkilərin səhvlərini təkrarlamaq istəmədilər. Qərb dünyasının ilk addımlarından
biri Avropanın bir ailədə birləşməsi oldu - ilk addım kimi vahid kömür və polad
ittifaqı yaradıldı. Bir vaxtlar müharibə aparan Fransa və Almaniya sülh
dövründə sənaye və ticarət tərəfdaşlarına çevrildilər. Sözsüz ki, onlara bu
planı həyata keçirməkdə Marşall planı əvəzsiz yardım göstərdi. Bunun ardınca
Şimali Atlantika Bloku fəaliyyətə başladı və 42 il ərzində sovetlərə qarşı bir
qalxan funksiyasını yerinə yetirdi. SSRİ-nin 1991-ci ildə süqutu Avropa
iqtisadi cəmiyyətini Avropa İttifaqı cəmiyyətinə dönməsinə səbəb oldu. NATO öz
sıralarına yeni dövlətləri daxil etmək barədə planını irəli sürdükdə, Aİ də
belə bir addım atmalı oldu”.
Avropalı diplomatın qənaətincə, bütün bu dövr
ərzində başlıca məsələ isə inteqrasiya, qloballaşma oldu. Onun sözlərinə görə,
ötən əsrin 90-cı illərində iqtisadiyyat sürətlə inkişaf etdi, iş yerlərinin sayı
artdı, gəlirlər sürətlə artmağa başladı. "2007-ci ildə Dou-Cons indeksi
dollarla müqayisədə rekord həddə çatdı. Lakin az keçməmiş ABŞ-ın inşaat və bank
sektorunda fəlakət yaşandı. Bu da öz növbəsində 30-cu illərdən bəri yaşanmayan
maliyyə böhranına gətirib çıxardı. Təqribən 9 milyon amerikalı iş yerlərini
itirdi və bir o qədər də ev sahibi evlərindən məhrum oldu. Ən çox zərər çəkən isə
yoxsullar və orta təbəqədir. Böyük ressesiya ən ağrılı zərbəni Avropaya vurdu.
Ətraf aləmlə xüsusən də Aralıq dənizi ölkələri ilə ticarətin həcmi azaldı,
işsizlik artdı. İqtisadi böhran Aİ-nin daxilində ciddi problemlərə yol açdı.
Hətta yaxşı vaxtlarda belə kreditor ölkələrlə borclu dövlətlər arasında
gərginlik hökm sürürdü. Vahid valyuta - avronun tətbiqindən sonra ümumi
pul-kredit siyasəti yürüdülməyə başlansa da, vergi-büdcə inteqrasiyası həyata
keçirilmədi. Bu çatışmazlıq üzündən Avropa dövlət borc böhranlarına reaksiya
verə bilmir və bu da məşğulluq səviyyəsinin aşağı düşməsinə səbəb olur”.
H.Solana qeyd edir ki, ötən il bir fəlakət başqası ilə əvəzlənirdi: "Terror
aktları təhlükəsizliklə bağlı narahatçılıqları atdırdı. Britaniyanın Aİ-dən
çıxması isə bu nümunənin təkrarlana biləcəyi təhlükəsini artırdı. Yaxın Şərq və
Şimali Afrika ölkələrindən miqrant axını əmək bazarında yüklənməyə səbəb oldu,
cəmiyyətdə narahatçılıqlar artmağa başladı. Avropa İttifaqının yaşanan miqrant
böhranına kəskin reaksiyası, iqtisadiyyatda proteksionizm, xarici siyasətdə
izolyasiya cəmiyyətdə şovinist əhval-ruhiyyə və ksenofobiya hallarının
artmasına səbəb olmaqdadır. Bu kimi təhlükəli halların qarşını almaq üçün Aİ
dövlətləri qərarların qəbulunu sürətləndirməli, əməkdaşlığı
sürətləndirməlidirlər. İlk növbədə terrorçulara qarşı effektiv mübarizə apardıqlarını
sübut etməlidirlər. Terror təhlükəsinin artması bu təhlükəyə qarşı uzunmüddətli
strategiyanın hazırlanmasını zəruri edib”. H.Solana hesab edir ki, miqrantları
ayrıca anklav ərazilərdə yerləşdirmək əvəzinə, bəzi dövlətlər onlara ucuz
evlərlə təmin edir, təhsil və peşə qazanmaqda yardım göstərir.
Avropalı diplomat bütün bunların fonunda sonda Rusiya prezidenti
Vladimir Putinin uğurlu formada Qərbdə uğursuzluqlar qarşısında qorxu əhval
ruhiyyəsini gücləndirdiyini vurğulayır. Onun qənaətincə, Kreml avroskeptikləri
müdafiə edir, qonşularını qorxudur, sanksiyaların ləğvinə çalışır: "Bütün
bunlara qarşı isə NATO effektiv mübarizə aparmalı, Avropanın siyasi cəhətdən
məhv olmasına qarşı çıxmalıdır. Bu həm də ABŞ administrasiyası üçün başlıca
prioritet olmalıdır. Qərb ölkələri qloballaşmanın mənfi fəsadları ilə bağlı
vətəndaşların haqlı narahatçılığı barədə düşünməlidir. Ən əsası isə evdəki
çatışmazlıqları həll etmək gərəkdir”.
Azər