• cümə, 19 Aprel, 06:01
  • Baku Bakı 13°C

Avropanı ikiyə bölən layihə

04.10.19 16:00 786
Avropanı ikiyə bölən layihə
Rusiyanın ən qalmaqallı layihələrindən biri kimi tarixə düşmək şansı əldə edən "Şimal axını-2” layihəsi ilə bağlı müzakirələr davam edir. Rusiyanın Ukraynanı iqtisadi cəhətdən zəiflətmək üçün ortaya atdığı layihə ətrafında, sözün əsl mənasında gərginlik yaşanır. Layihə Avropanı iki yerə bölüb. Bir tərəfdə layihəni müdafiə edən Almaniya, Fransa, İtaliya kimi nəhənglər, digər tərəfdə isə yerdə qalan Avropa. Məsələ ondadır ki, layihənin reallaşması üçün Avropa İttifaqına daxil olan ölkələr arasında konsensus zəruridir. Bu konsensus isə nəinki var, əksinə, günbəgün çat vermək üzrədir. Qərb nəşrlərinin yazdıqlarına görə, bu dəfə Danimarka "Şimal axını-2” layihəsinin reallaşmasına qarşı çıxdığını bəyan edib. Öz növbəsində Rusiyanın energetika naziri Aleksandr Novak ümidvardır ki, "Şimal axını-2” nəzərdə tutulan marşrutda davam edəcək. Nazirliyin rəhbəri bildirib ki, Rusiya tərəfi əvvəlki tək, hesab edir ki, Danimarkanın qaz kəmərinin reallaşmasına qarşı çıxmağa, ona mane olmağa əsası yoxdur. "Layihə reallaşmaq üzrədir. Biz Danimarka krallığından icazənin veriləcəyini gözləyirik. Aydındır ki, icazə verilməzsə, digər çıxış yolları da mövcuddur. Lakin belə olan halda, bu, bir qədər baha başa gələcək və vaxt aparacaq”, - deyə rusiyalı nazir Rusiya enerji həftəliyi çərçivəsində etdiyi çıxışında bəyan edib. Novak eyni zamanda diqqəti ona yönəldib ki, Rusiya tərəfi əvvəlki tək, layihənin ilkin marşrutla reallaşmasını istəyir. "Biz icazənin verilməməsi üçün heç bir əsas görmürük”, - deyə mətbuat nazirin fikirlərini sitat kimi gətirib. "Vestnik Kafkaza”nın əməkdaşı ilə söhbətində Milli enerji təhlükəsizliyi üzrə Fondun aparıcı analitiki, Rusiya hökuməti yanında maliyyə universitetinin müəllimi İqor Yuşkov bildirib ki, Danimarka akvatoriyası ilə boru xəttinin inşası ən mümkün ssenaridir. "Alternativ marşrut tapmaq çox mürəkkəbdir.
Axı bir qədər cənubda Polşa yerləşir. Bu ölkə isə "Şimal axını-2” layihəsinin ən radikal əleyhdarlarından biridir. Mən hesab edirəm ki, Novakın sözləri daha çox əcnəbi investorlara ünvanlanıb. Bununla bir növ onları sakitləşdirir və inandırmağa çalışır ki, Rusiya istənilən halda bu qaz kəmərini ərsəyə gətirəcək. İstənilən halda əsas ssenari Danimarka ərazisindən kəmərin inşasıdır. Və indi oturub gözləmək gərəkdir ki, Moskva Kopenhagenə təzyiqləri gücləndirəcək. Özü də iki ildir ki, Danimarka tərəfi heç bir iş görmürdü”, - deyə ekspert bildirib. "Nəzərə alın ki, "Şimal axını-2” layihəsinin əsas rəqiblərindən olan "BalticPipe” layihəsinin (Norveçdən Polşaya qaz kəməri) icazəsini məhz Danimarka verib. Özü də rəsmi Kopenhagen bunu qısa zaman kəsiyində edib. "Şimal-2” layihəsinin sənədləri isə stol üzərində qalmaqdadır. Mən hesab edirəm ki, "Qazprom” alternativ ssenarilər axtarmaqdansa, ən optimal ssenari kimi danimarkalıları məhkəməyə verməyə çalışacaq. Ən son hədd kimi "Şimal axını-2” layihəsinin əsas operatoru qismində çıxış edən Almaniya qəti əhval-ruhiyyədədir. Almanlar artıq bildiriblər ki, danimarkalıları məhkəməyə verə bilərlər və itirəcəkləri bütün itkilərin və məhkəmədəki ləngimələrin haqqını alacaqlar. Kopenhagenə qarşı qaz kəməri layihəsini siyasiləşdirmək ittihamı irəli sürüləcək. Eləcə də, imzalanması nəzərdə tutulan bütün sənədləri siyasi nöqteyi-nəzərindən ləngitməkdə ittiham ediləcək. Qarşı tərəf də hər hansı bir cavab vermək istəmir - nə hə, nə yox və problem də bundadır. Onların hansısa bir cavab vermələrinə nail olmaq gərəkdir”, - deyən Yuşkov əlavə edib ki, Danimarka üçün cavab bu ay ərzində olmalıdır.
"NyuTek Servisez” şirkətinin vitse-prezidenti, İ.M.Qubkin adına Rusiya Dövlət Universitetinin professoru Valeri Bessel ümidvardır ki, "Şimal axını-2” layihəsi istənilən halda inşa edilib istismara veriləcək. Onun sözlərinə görə, Avropa İttifaqının karbohidrogen ehtiyatlarını əldə etmək üçün başqa bir ciddi mənbəyi yoxdur. Yalnız ümid yeri Körfəz ölkələri və Rusiyadır. Avropa İttifaqı böyük məmnuniyyətlə İrandan karbohidrogen ehtiyatlarını alardı. Lakin İran sərt sanksiyalar altındadır. Öz iqtisadiyyatlarının inkişaf etdirilməsi ilə məşğul olan ölkələr – Almaniya, Hollandiya, İtaliya ucuz enerjiyə möhtacdırlar. Əks təqdirdə onların iqtisadiyyatı rəqabətədavamlı olmayacaq. Bu səbəbdən də onlar "Şimal axını-2” kimi layihələrin reallaşdırılmasına çalışacaqlar.
O ki qaldı Danimarkaya - təəssüf hissi ilə bildirək ki, bu ölkə ekoloji turizm kateqoriyasına daxil olan ölkələrə aiddir, onun iqtisadiyyatı əhəmiyyətli dərəcədə deyil. Layihəni dayandırmağı bacarmayacaq - Kopenhagen öz ərazi sularından boru xəttini sahil boyu 12 mil əraziyə buraxmaya bilər. BMT konvensiyasına görə, iqtisadi maraq kəsb edən zonada isə onun bu hüququ yoxdur”, - deyə o bildirib. "Əgər boru xətti heç bir ekoloji normaları pozmursa, onda, sadəcə Danimarka onu buraxmağa məcbur olacaq. Əks təqdirdə, boru xəttini ləngitməyə görə məsuliyyət onun üzərinə düşəcək. Özü də gecikmə "Qazprom” üzündən deyil, Avropadandır. Onlar isə yaxşı bilirlər ki, Avropa məhkəmələrində necə işləmək olar. Mütləq halda Kopenhageni məhkəməyə cəlb edəcəklər. Mən hesab edirəm ki, Danimarkanın ərazi sularından kənar keçməklə daha uzun marşrut imkanları nəzərdən keçirilir. Bu yol da iqtisadi maraq zonasıdır. Və indi Danimarka seçim qarşısındadır: ya mövcud marşrut davam etdiriləcək, yaxud da boru xətti iqtisadi maraqlar zonasından keçəcək. O zaman Kopenhagenə qarşı, boru xəttini ciddi şəkildə gecikdirməyə görə cərimə tətbiq olunacaq”, - deyə ekspert vurğulayıb.
Azər
banner

Oxşar Xəbərlər