Avropanı 6 rekordla “fəth edən” gənc - Portret
Burda sənin rəqibin elə özünsən. Körpücük üzərində səni rəqib yox,
özündən iki dəfə ağır, dəmir çəki gözləyir. Medala gedən yol isə bu çəkinin
öhdəsindən gəlməkdən keçir. Ya bu ağır çəkini başın üzərinə qaldıracaq, ya da
çəkdiyin bütün əziyyəti heç edəcəksən. Ağır atletika doğrudan da, adına uyğun
olaraq, idmanın ən ağır növlərindən biridir. Lakin ölkəmizdə bu ağır yükün
altına girəcək, bu dəmir çəkini ram edəcək yetərincə perspektivli gənclərimiz
var.
Bir neçə gün öncə Kosovonun paytaxtı Priştinadan xoş xəbər aldıq.
Ağır atletlərimiz Avropanın bu kiçik, yeni ölkəsində keçirilən yeniyetmələr
arasında qitə birinciliyindən vətənə uğurlu nəticə ilə qayıtdılar. Ancaq Tarmenxan
Babayevin uğuru xüsusilə diqqət çəkdi. Yeniyetmə atletimiz Priştinada nəinki
qitə birinciliyinin qızıl medalını qazandı, həm də, bu nəticəyə 6 rekorda
birdən imza ataraq nail oldu.
Güləşdən ağır atletikaya
Tarmenxan Babayev 2002-ci il, yanvarın 8-də Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunda dünyaya gəlib. Onun idmanla tanışlığı çox erkən
olub. Cəmi 6 yaşında. Atası, əmisi güləşçi olan Tarmenxan da bu sahəyə maraq
göstərir. Özünün sözlərinə görə, idmanın bu növünü seçməsində atasının rolu ilə
yanaşı, öz istəyi də az rol oynamayıb. Ancaq atanın yolu ilə getmək Tarmenxanda
alınmayıb. Belə ki, idmanın bu növündə onun işləri heç də uğurlu olmayıb. Ancaq
onda güləşçi olmasa belə, idmançı perspektivi var idi. Tarmenxandakı bu
perspektivi isə ağır atletika məşqçisi Şəfi Hüseynov kəşf edir: "Tarmenxan
bizimlə qonşu zalda məşq edirdi. Güləşlə məşğul olsa da, tez-tez bizim zala
gəlir, çəkilərlə maraqlanırdı. Onda olan bu marağı görüb, məşqə gəlməsini
təklif etdim. Çox arıq uşaq idi, cəmi 40 kq olardı. Ancaq onda olan həvəs,
məndə ona qarşı inam yaradırdı. Ümumiyyətlə, Tarmenxan digər uşaqlardan
tamamilə fərqli idi. Ona verilən tapşırığı dəqiq yerinə yetirirdi”.
Tarmenxan ağır atletika ilə məşğul olmağa başlayanda cəmi 10 yaşı var
idi. Həmin vaxt onun karyerasında dönüş olacaq bir hadisə yaşanır. Azərbaycanın
yeniyetmələrdən ibarət ağır atletika yığması təlim-məşq toplanışı keçmək üçün
Şərura gəlir. Səfər zamanı millimizin məşqçiləri Nizami Paşayev və Asif
Məmmədov yerli yeniyetmə və gənclərə seleksiya xarakterli baxış keçirlər. Şəfi
bəy də özü ilə birlikdə bir neçə yetirməsini, həmçinin Tarmenxanı da baxışa
aparır. Mütəxəssislər bu uşaqdan ciddi uğur gözləmirdilər. Lakin Şəfi bəy öz
yetirməsindəki potensialı görürdü. Tarmenxanın özünü göstərməsi üçün isə illər yox,
cəmi bir neçə ay kifayət etdi. O, artıq həmişə heyranlıqla baxdığı çəkilərin
öhdəsindən gəlməyi, ağır yükü başı üzərinə qaldırmağı bacarırdı.
Cəmi 8 ay sonra Şərura qayıdan millimizin məşqçiləri artıq tam fərqli
Tarmenxanla qarşılaşmışdılar. Şəfi bəy onu cəmi 11 yaşı olanda ölkə
çempionatında çıxış üçün Bakıya üçün gətirir. Tarmenxan özündən 4-5 yaş
böyüklərlə mübarizədə çempionatı 6-cı pillədə başa vurur. 11 yaşlı uşaq üçün
əla nəticədir. Məhz bu nəticə Hüseynovda yetirməsinin gücünə bir az da inam yaradır.
Elə bundan sonra da Tarmenxan Azərbaycan yığmasına da dəvət almağa başlayır.
Cəmi 12 yaşında yeniyetmələrdən ibarət yığmanın üzvü olan Tarmenxan, tezliklə,
beynəlxalq yarışlarda da özünü göstərir.
6 rekordla gələn çempionluq
O, ötən il yeniyetmələr arasında Avropa çempionatını 4-cü kimi başa
vurur. Bu il isə Tailandın paytaxtı Banqkokda keçirilən yeniyetmələr arasında
dünya çempionatında yaxşı nəticə qazandı. 77 kq çəki dərəcəsində yarışan
Tarmenxan B qrupunda birinci olur. O, ümumi nəticədə 10-cu yeri tutur. Babayev
bu nəticə ilə həm də, gələn il keçiriləcək gənclərin olimpiadasına vəsiqə
qazanır. Lakin onun əsas uğuru irəlidə idi. Tailanddakı nəticə isə gələcək
uğurların isti nəfəsi idi.
Bir neçə gün öncə Kosovoda keçirilən yeniyetmələr arasında Avropa
çempionatında Tarmenxana olan inam böyük idi. Məşqçilər ondan qızıl medal
gözləyirdilər. Lakin heç kim ondan bir neçə rekord qıracağını gözləmirdi.
Priştinada keçirilən turnirdə 85 kq çəki dərəcəsində yarışan
yeniyetmə atlet birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə
yetirərək sonda 130 kq-ı ram edir. O, bu nəticə ilə ən yaxın izləyicisi olan
bolqar Stefço Xristovu 15 kq qabaqlayaraq, 1-ci olur. Tarmenxan təkanla
qaldırma hərəkətində daha möhtəşəm çıxış edir. O, ilk yanaşmasında 150 kq-ın öhdəsindən
gəlib. Bununla da, macarıstanlı atlet
Adrian Terebesinin bu ilin aprel ayında Banqkokda keçirilən yeniyetmələrin
dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunu (146 kq) düz 4 kq yeniləyib.
O, eyni zamanda yunanıstanlı atlet Evangelios Qaliatsatosun 2015-ci ildə
İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu
çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kq) da təzələyib. Atletimiz ikinci yanaşmasında 155 kq-ı qaldıraraq,
həm bu hərəkətdə, həm də toplamda daha 2 rekord yeniləyib. Sonuncu yanaşmasında
161 kq-ın da öhdəsindən gələn Tarmenxan, rekordlarının üstünə 2-sini də əlavə
edib. Atletimiz toplam 291 kq (130+161) nəticə ilə Avropa birinciliyini çempion
kimi başa vurub. Özü də o, bu uğura 6 Avropa rekordunu yeniləyərək nail olur. Möhtəşəm
uğurdur.
İdmanla yaşayan gənc
Ancaq bu möhtəşəm uğurlar əziyyətsiz başa gəlmir. Tarmenxan da bu
uğurlara gərgin məşqlər sayəsində nail olub. O, ağır atletikaya o qədər bağlıdır
ki, hətta asudə vaxtlarını da idman zalında keçirir. Tarmenxan "boş vaxtlarımda
zala gedir və öz səhvlərim üzərində işləyirəm” deyir. Bu əziyyətin qarşılığını
isə körpücük üzərində alır.
Gələcək hədəflər
Tarmenxan Kosovada möhtəşəm uğura imza atdı. Ancaq 15 yaşlı atletin
əsas uğurları hələ irəlidədir. Onun məşqçisi Şəfi Hüseynov yetirməsinin daha
böyük uğurlara imza atacağına, Naxçıvana ilk olimpiya "qızıl”ını gətirəcəyinə
ürəkdən inanır: "Bu uğurlar Tarmenxan üçün son hədd deyil. Onun potensialı daha
böyük uğurlara imkan verir. Mən ondan ilk növbədə gələn il keçiriləcək
gənclərin olimpiadasından qızıl medal gözləyirəm. Bu yarışdan iki il sonra isə
Tokio olimpiadası olacaq. Məhz orda da Tarmenxanın medal qazanacağına inanıram.
Ümumiyyətlə, həmişə demişəm, indi də deyirəm. Məncə, Naxçıvana olimpiadalarda
ilk qızıl medalı məhz Tarmenxan qazandıracaq. 1978-ci ildən indiyə kimi
Naxçıvan onun kimi ağır atlet yetişdirməmişdi”.
Bu il Tarmenxan üçün uğurlu başladı. O, ilin əvvəlində 77 kq çəkidə
Azərbaycan çempionu oldu. Ardınca Tailandda keçirilən yeniyetmələrin dünya
çempionatında gənclərin olimpiadasına lisenziya, Kosovada keçirilən
yeniyetmələrin Avropa çempionatında isə 6 rekordla çempionluq əldə edildi. O,
özü bu uğurları "ilk addımlar” hesab edir. əsas hədəfi isə məşqçisinin dediyi
kimi olimpiya çempionluğudur. Tarmenxan özü də "Əsas hədəfim Naxçıvana ilk
olimpiya "qızıl”ını gətirməkdi” deyir. Ancaq Tokio olimpiadasına hələ 3 il var.
Qarşıda isə Tarmenxanı Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək gənclərin
olimpiadası gözləyir.
Portret
Onun əsas gücü məşğul olduğu idman növünə olan həvəsidi. Bu həvəs onu
Şərurun idman zallarından Avropa çempionluğuna qədər aparıb. O, həm də
ambisiyalıdır. Bu ambisiyalar isə ona hər bir idmançının arzusunda olduğu
olimpiya "qızıl”ını qazandıra bilər. Bu zirvəyə çatmaq üçün isə onda hər cür
potensial var. Ən əsası, verilən tapşırığı yerinə yetirmək məsuliyyəti və
məşğul odluğu işə sevgi. Məsuliyyət və həvəs olan yerdə isə uğur həmişə olacaq.
Elnur