• çərşənbə axşamı, 16 aprel, 20:52
  • Baku Bakı 18°C

Avropanı 6 rekordla “fəth edən” gənc - Portret

09.10.17 09:00 4132
Avropanı 6 rekordla “fəth edən” gənc - Portret
Burda sənin rəqibin elə özünsən. Körpücük üzərində səni rəqib yox, özündən iki dəfə ağır, dəmir çəki gözləyir. Medala gedən yol isə bu çəkinin öhdəsindən gəlməkdən keçir. Ya bu ağır çəkini başın üzərinə qaldıracaq, ya da çəkdiyin bütün əziyyəti heç edəcəksən. Ağır atletika doğrudan da, adına uyğun olaraq, idmanın ən ağır növlərindən biridir. Lakin ölkəmizdə bu ağır yükün altına girəcək, bu dəmir çəkini ram edəcək yetərincə perspektivli gənclərimiz var.

Bir neçə gün öncə Kosovonun paytaxtı Priştinadan xoş xəbər aldıq. Ağır atletlərimiz Avropanın bu kiçik, yeni ölkəsində keçirilən yeniyetmələr arasında qitə birinciliyindən vətənə uğurlu nəticə ilə qayıtdılar. Ancaq Tarmenxan Babayevin uğuru xüsusilə diqqət çəkdi. Yeniyetmə atletimiz Priştinada nəinki qitə birinciliyinin qızıl medalını qazandı, həm də, bu nəticəyə 6 rekorda birdən imza ataraq nail oldu.

Güləşdən ağır atletikaya

Tarmenxan Babayev 2002-ci il, yanvarın 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. Onun idmanla tanışlığı çox erkən olub. Cəmi 6 yaşında. Atası, əmisi güləşçi olan Tarmenxan da bu sahəyə maraq göstərir. Özünün sözlərinə görə, idmanın bu növünü seçməsində atasının rolu ilə yanaşı, öz istəyi də az rol oynamayıb. Ancaq atanın yolu ilə getmək Tarmenxanda alınmayıb. Belə ki, idmanın bu növündə onun işləri heç də uğurlu olmayıb. Ancaq onda güləşçi olmasa belə, idmançı perspektivi var idi. Tarmenxandakı bu perspektivi isə ağır atletika məşqçisi Şəfi Hüseynov kəşf edir: "Tarmenxan bizimlə qonşu zalda məşq edirdi. Güləşlə məşğul olsa da, tez-tez bizim zala gəlir, çəkilərlə maraqlanırdı. Onda olan bu marağı görüb, məşqə gəlməsini təklif etdim. Çox arıq uşaq idi, cəmi 40 kq olardı. Ancaq onda olan həvəs, məndə ona qarşı inam yaradırdı. Ümumiyyətlə, Tarmenxan digər uşaqlardan tamamilə fərqli idi. Ona verilən tapşırığı dəqiq yerinə yetirirdi”.

Tarmenxan ağır atletika ilə məşğul olmağa başlayanda cəmi 10 yaşı var idi. Həmin vaxt onun karyerasında dönüş olacaq bir hadisə yaşanır. Azərbaycanın yeniyetmələrdən ibarət ağır atletika yığması təlim-məşq toplanışı keçmək üçün Şərura gəlir. Səfər zamanı millimizin məşqçiləri Nizami Paşayev və Asif Məmmədov yerli yeniyetmə və gənclərə seleksiya xarakterli baxış keçirlər. Şəfi bəy də özü ilə birlikdə bir neçə yetirməsini, həmçinin Tarmenxanı da baxışa aparır. Mütəxəssislər bu uşaqdan ciddi uğur gözləmirdilər. Lakin Şəfi bəy öz yetirməsindəki potensialı görürdü. Tarmenxanın özünü göstərməsi üçün isə illər yox, cəmi bir neçə ay kifayət etdi. O, artıq həmişə heyranlıqla baxdığı çəkilərin öhdəsindən gəlməyi, ağır yükü başı üzərinə qaldırmağı bacarırdı.

Cəmi 8 ay sonra Şərura qayıdan millimizin məşqçiləri artıq tam fərqli Tarmenxanla qarşılaşmışdılar. Şəfi bəy onu cəmi 11 yaşı olanda ölkə çempionatında çıxış üçün Bakıya üçün gətirir. Tarmenxan özündən 4-5 yaş böyüklərlə mübarizədə çempionatı 6-cı pillədə başa vurur. 11 yaşlı uşaq üçün əla nəticədir. Məhz bu nəticə Hüseynovda yetirməsinin gücünə bir az da inam yaradır. Elə bundan sonra da Tarmenxan Azərbaycan yığmasına da dəvət almağa başlayır. Cəmi 12 yaşında yeniyetmələrdən ibarət yığmanın üzvü olan Tarmenxan, tezliklə, beynəlxalq yarışlarda da özünü göstərir.

6 rekordla gələn çempionluq

O, ötən il yeniyetmələr arasında Avropa çempionatını 4-cü kimi başa vurur. Bu il isə Tailandın paytaxtı Banqkokda keçirilən yeniyetmələr arasında dünya çempionatında yaxşı nəticə qazandı. 77 kq çəki dərəcəsində yarışan Tarmenxan B qrupunda birinci olur. O, ümumi nəticədə 10-cu yeri tutur. Babayev bu nəticə ilə həm də, gələn il keçiriləcək gənclərin olimpiadasına vəsiqə qazanır. Lakin onun əsas uğuru irəlidə idi. Tailanddakı nəticə isə gələcək uğurların isti nəfəsi idi.
Bir neçə gün öncə Kosovoda keçirilən yeniyetmələr arasında Avropa çempionatında Tarmenxana olan inam böyük idi. Məşqçilər ondan qızıl medal gözləyirdilər. Lakin heç kim ondan bir neçə rekord qıracağını gözləmirdi.

Priştinada keçirilən turnirdə 85 kq çəki dərəcəsində yarışan yeniyetmə atlet birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək sonda 130 kq-ı ram edir. O, bu nəticə ilə ən yaxın izləyicisi olan bolqar Stefço Xristovu 15 kq qabaqlayaraq, 1-ci olur. Tarmenxan təkanla qaldırma hərəkətində daha möhtəşəm çıxış edir. O, ilk yanaşmasında 150 kq-ın öhdəsindən gəlib. Bununla da, macarıstanlı atlet Adrian Terebesinin bu ilin aprel ayında Banqkokda keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunu (146 kq) düz 4 kq yeniləyib. O, eyni zamanda yunanıstanlı atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kq) da təzələyib. Atletimiz ikinci yanaşmasında 155 kq-ı qaldıraraq, həm bu hərəkətdə, həm də toplamda daha 2 rekord yeniləyib. Sonuncu yanaşmasında 161 kq-ın da öhdəsindən gələn Tarmenxan, rekordlarının üstünə 2-sini də əlavə edib. Atletimiz toplam 291 kq (130+161) nəticə ilə Avropa birinciliyini çempion kimi başa vurub. Özü də o, bu uğura 6 Avropa rekordunu yeniləyərək nail olur. Möhtəşəm uğurdur.

İdmanla yaşayan gənc

Ancaq bu möhtəşəm uğurlar əziyyətsiz başa gəlmir. Tarmenxan da bu uğurlara gərgin məşqlər sayəsində nail olub. O, ağır atletikaya o qədər bağlıdır ki, hətta asudə vaxtlarını da idman zalında keçirir. Tarmenxan "boş vaxtlarımda zala gedir və öz səhvlərim üzərində işləyirəm” deyir. Bu əziyyətin qarşılığını isə körpücük üzərində alır.

Gələcək hədəflər

Tarmenxan Kosovada möhtəşəm uğura imza atdı. Ancaq 15 yaşlı atletin əsas uğurları hələ irəlidədir. Onun məşqçisi Şəfi Hüseynov yetirməsinin daha böyük uğurlara imza atacağına, Naxçıvana ilk olimpiya "qızıl”ını gətirəcəyinə ürəkdən inanır: "Bu uğurlar Tarmenxan üçün son hədd deyil. Onun potensialı daha böyük uğurlara imkan verir. Mən ondan ilk növbədə gələn il keçiriləcək gənclərin olimpiadasından qızıl medal gözləyirəm. Bu yarışdan iki il sonra isə Tokio olimpiadası olacaq. Məhz orda da Tarmenxanın medal qazanacağına inanıram. Ümumiyyətlə, həmişə demişəm, indi də deyirəm. Məncə, Naxçıvana olimpiadalarda ilk qızıl medalı məhz Tarmenxan qazandıracaq. 1978-ci ildən indiyə kimi Naxçıvan onun kimi ağır atlet yetişdirməmişdi”.

Bu il Tarmenxan üçün uğurlu başladı. O, ilin əvvəlində 77 kq çəkidə Azərbaycan çempionu oldu. Ardınca Tailandda keçirilən yeniyetmələrin dünya çempionatında gənclərin olimpiadasına lisenziya, Kosovada keçirilən yeniyetmələrin Avropa çempionatında isə 6 rekordla çempionluq əldə edildi. O, özü bu uğurları "ilk addımlar” hesab edir. əsas hədəfi isə məşqçisinin dediyi kimi olimpiya çempionluğudur. Tarmenxan özü də "Əsas hədəfim Naxçıvana ilk olimpiya "qızıl”ını gətirməkdi” deyir. Ancaq Tokio olimpiadasına hələ 3 il var. Qarşıda isə Tarmenxanı Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək gənclərin olimpiadası gözləyir.

Portret

Onun əsas gücü məşğul olduğu idman növünə olan həvəsidi. Bu həvəs onu Şərurun idman zallarından Avropa çempionluğuna qədər aparıb. O, həm də ambisiyalıdır. Bu ambisiyalar isə ona hər bir idmançının arzusunda olduğu olimpiya "qızıl”ını qazandıra bilər. Bu zirvəyə çatmaq üçün isə onda hər cür potensial var. Ən əsası, verilən tapşırığı yerinə yetirmək məsuliyyəti və məşğul odluğu işə sevgi. Məsuliyyət və həvəs olan yerdə isə uğur həmişə olacaq.
Elnur

banner

Oxşar Xəbərlər