• cümə axşamı, 25 aprel, 14:21
  • Baku Bakı 23°C

Avropalıların NATO-ya inamı azalır

22.07.15 13:37 1317
Avropalıların NATO-ya inamı azalır
2009-2015-ci illər arasında almanların NATO-ya olan etimadı 73 faizdən 55 faizə düşüb
Polşanın nüfuzlu “Rzeczpospolita” nəşrində Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) haqqında məqalə dərc olunub. “Kaspi” qəzeti həmin məqalənin tərcümə variantını təqdim edir.
Bir ay bundan əvvəl bizim qəzet başda olmaqla, bir çox media orqanlarda “Pew Research Center” analitik mərkəzinin keçirdiyi sorğu dərc olunmuşdu. Araşdırmanın nəticələrinə görə, Rusiya tərəfindən hücum edildiyi halda, Almaniya, İtaliya və Fransa əhalisinin yarısı NATO-ya daxil olan müttəfiq dövlətlərə yardım etməyin tərəfdarı deyil. Almaniya əhalisinin 58, Fransa əhalisinin 53, İtalyan əhalisinin isə 51%-i bu təşəbbüsün əleyhinədir. Lakin amerikanların 56, kanadalıların 53, britaniyalıların 49, polyaklar və ispanların 48%-i müttəfiqlərə hərbi yardım göstərməyin tərəfdarıdır.
Narahatedici nəticələr
Ukraynaya separatçılar ilə mübarizədə silah verilməsi haqqında, NATO-ya daxil olan dövlətlərin əhalisinin fikirləri də düşündürücüdür. Belə ki, bu ideyanı polyakların 50, almanların yalnız 19, italyanlıların 22, ispanların isə 25%-i dəstəkləyir. Ukraynanın NATO-ya daxil olmasını polyakların 59, amerikalıların 62, almanların 35, italyanlıların isə yalnız 36%-i istəyir.
Qərb Avropa ölkələrinin əhalisi əmindir ki, NATO-ya hər hansı bir dövlət hücum edərsə, ABŞ bu mübarizədə onlara kömək edəcək. İtalyanlar və almanların 68, britaniyalıların 66, fransızların isə 65%-i ABŞ-ın yardım edəcəyinə inanır. Lakin NATO-nun daha çox köməyinə ehtiyacı olan Polşada, əhalinin yalnız 49%-i ABŞ-ın hər hansı bir münaqişə zamanı onlara kömək edəcəyinə əmindir.
2009-2015-ci illər arasında almanların NATO-ya olan etimadlarının aşağı düşməsi daha narahatedicidir. Belə ki, 2009-cu ildə bu göstərici 73 faiz idisə, 2015-ci ildə əhalinin yalnız 55%-i NATO-ya inanır. “Pew Research Center”-in bu araşdırması polyaklar üçün Avropa əhalisinin NATO ilə bağlı fikirləri haqqında əsas göstərici olmalıdır. Lakin bu araşdırma haqqında demək olar ki, heç bir ciddi məqalə yazılmadı. Siyasətçilər isə bu haqda heç bir şərh vermədilər. Doğrudanmı bu məsələ haqqında hər hansı bir şərh verməyə belə ehtiyac yoxdur?
Bu sorğunun nəticələri yumşaq desək insanda narahatlıq oyadır. Avropa İttifaqına və NATO-ya daxil olan ölkələrin əhalisinin əksəriyyəti Rusiya təhlükəsinə qarşı hər bir dövlətin ayrıca mübarizə aparmalı olduğunu düşünür. Həmçinin bu ölkələr hücum zamanı onlara ABŞ-ın kömək edəcəyinə ümid edir. Lakin sorğuda iştirak edən fransızların, almanların və italyanların əksəriyyəti NATO-ya daha az inanır.
Avropalıların yeni tabusu
Hazırda almanların, italyanların və fransızların əksəriyyəti təhlükəsizliklə bağlı bir-biriləri arasında əlaqənin olmadığını düşünür. Onlar bir-birilərinə kömək etməyi belə fikirləşmirlər. NATO-ya üzv olmaq əvvəl əhali arasında qürurverici amil idi. Lakin hazırda antimilitarist əhval-ruhiyyə ilə bərabər bu hərbi alyansa qalmaq insanlara o qədər də maraqlı deyil. Bu dövlətlərin uzun müddətdən bəri məcburi hərbi xidmətdən imtina etməsinə baxmayaraq, əhali arasında bu amil hərbi əməliyyatların keçirilməsinə mənfi münasibəti dəyişməyib. NATO hazırda Qərbi Avropa ölkələrinin əhalisinin gözündə işləməyən və mənasız bir hərbi ittifaqa çevrilib. Avropa İttifaqının bayrağı bu ölkələrdə hər küncdə dalğalandığı halda, NATO barəsində bunu demək mümkün deyil. Uzun müddət, hətta NATO-ya heç bir dövlətin hücum edə bilməyəcəyi və bu qurumun lazımsız olduğu haqda fikirlər də mövcud idi. Vladimir Putinin Ukraynaya hücum etməsi bu barədə fikirləri demək olar ki dəyişməyib.
Lakin buna təəccüblənmək lazım deyil. Çünki avropalılar müdafiə barəsində yalnız piar keçirməklə məşğuldurlar. Lakin NATO bir qurum olaraq cəmiyyətdə öz etimadını itirib. Araşdırmalar mərkəzinin sorğusu, Avropa ölkələrində demək olar ki müzakirə olunmadı. XXI əsrdə Avropada hərbi öhdəliklər haqqında danışmaq tabudur. Niyə Avropa İttifaqı bu quruma daxil olan ölkələr arasında zibilin yığılması haqqında treyninq keçir, lakin orduya olan inamı çoxaltmaqla bağlı heç bir şey eləmir? Niyə NATO-ya daxil olan ölkələrdə “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipini xatırladacaq plakatlar asılmır?
Cavab çox sadədir. Lakin bu cavab qərb cəmiyyəti üçün xoş deyil. Avropalılar öz rahatlıqlarına görə unudublar ki, azadlıq- onu qoruya biləcəyin halda mövcud olan bir dəyərdir. Bir neçə ölkəni çıxmaq şərti ilə, NATO-ya daxil olan dövlətlərin əksəriyyəti real hərbi əməliyyatlarda iştirak etməyib. Əlbəttə Danimarka və yaxud Çexiya Əfqanıstana məhdud sayda hərbiçilər göndərir. Lakin bunun əsl müharibə ilə heç bir əlaqəsi yoxdur.
Hazırda amerikanlar, ingilislər və fransızlar əsl müharibə apara bilərlər. Lakin bu sözləri almanlar haqqında demək mümkün deyil. Buna görə də hazırda Polşa hərbi sahədə ABŞ ilə daha çox güclü əlaqələr qurmalıdır. Lakin bu heç bir dövlətin bizi satmayacağını təminat verə bilərmi? Yüz faizlik qarantiya mövcud deyil. Lakin xalqın azadlıq uğrunda mübarizə aparmaq istədiyi dövlət ilə əlaqələri möhkəmləndirmək məqsədəuyğundur.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər