Avropalı diplomat Ermənistan rəsmilərini məyus edib
Saxta seçkilər keçirən Ermənistana təzyiqlər artmaqda davam edir. ATƏT-in
ardınca Avropa İttifaqı da işğalçı qarşı təzyiqləri artırmaq qərarına gəlib.
Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Petr Svitalski
Sarkisyan hökumətinin seçki siyasətini, keçirilən seçkiləri sərt tənqid edib.
Onun qənaətincə, seçkilərin keçirilməsini təmin edən Ermənistan Mərkəzi Seçki
Komissiyasının tərkibində dəyişikliklər edilməlidir. Səfirin sözlərinə görə,
komissiyanın tərkibinə vətəndaş cəmiyyətinin nümayəndələri daxil edilməlidir.
Avropa Şurasının Yerevanda keçirdiyi konfransda iştirak edən diplomat bəyan
edib ki, Ermənistan hakimiyyəti Seçki Məcəlləsini öz maraqlarına uyğun
formalaşdırmaq istəyir. "Lakin dünyada Seçki Məcəlləsi ayırıcı məsələ olmur.
Belə bir halı Ermənistanda müşahidə etmək olur. Mənim sizə məsləhətim – Seçki
Məcəlləsini yaxşılaşdırın. Seçkilər göstərdi ki, qaydalar təkmilləşdirilməlidir
və ermənilər üçün ən əsası, seçki institutlarına etibarın formalaşdırılmasıdır.
Ümumiyyətlə, ermənilər üçün Mərkəzi Seçki Komissiyası çox əhəmiyyətli
məsələdir. Mən adıçəkilən qurumun işini bəyənirəm. Lakin bu struktur böyük
ictimai etibar qazanmalıdır. Söhbət hamı tərəfindən qəbul olunmaqdan gedir”, -
deyə o bildirib. P.Svitalski əlavə edib ki, Seçki Məcəlləsinin müzakirəsi
zamanı böyük uğur əldə edilib. "Müxalifətlə bir stol arxasında oturub müzakirə
aparmaq qərara alındı. Lakin təəssüf ki, bir sıra əhəmiyyətli məsələlərlə bağlı
razılıq əldə olunmayıb. Gəlin xəyallara qapanmayaq. Bu, çox ciddi problemdir.
Bütün tərəflər qərar əldə etmək üçün kompromisə getməlidir. Mənin bununla bağlı
öz fikrim var və ümidvaram ki, ermənilər bu məsələni müzakirə etməlidir”, -
deyə o əlavə edib.
Avropa İttifaqının xüsusi nümayəndəsi daha sonra Ermənistanda
keçirilən seçkilərə də toxunub. Onun sözlərinə görə, heç kim Ermənistanda
keçirilən seçkiləri keyfiyyətli, tam saya bilməz: "Ermənistanın can atdığı
demokratik standartlara çatdığını söyləmək olmaz. Bu, hələ prosesdir. Biz deyə
bilərik ki, yolun yarısındayıq. Bu məqsədə çatmaq üçün 25 il gərək oldu”.
Avropalı diplomat onu da qeyd edib ki, gələcəkdə keçiriləcək seçkilərin
standartlara cavab verəcəyini söyləmək çətindir.
Diplomatın daha bir hədəfi hüquq-mühafizə sistemi olub. O bildirib
ki, Ermənistanın hüquq-mühafizə sistemi müstəqil və yaxud neytral sistem kimi
nəzərdən keçirilmir. Belə olan halda, heç kim onu insanların ictimai maraqlara
uyğun hərəkət etdiyinə inandıra bilməz. "Hüquq-mühafizə sistemi dövlətin bir
hissəsi olsa da, siyasi elitanın maraqlarına xidmət edən qurum kimi qəbul
edilməlidir. İctimai qəbuletməni dəyişmək gərəkdir”, - deyə Avropa İttifaqının
Ermənistandakı missiya rəhbəri bildirib. Onun qənaətincə, əsas diqqəti seçki məntəqələrindən
kənarda baş verənlərə yönəltmək gərəkdir: "Biz seçicilərin pulla ələ alınması,
rüşvətin paylanması, hədə-qorxu, seçicilərin yönləndirilməsi hallarına bilirik.
Hətta tibb müəssisələrində həkimlərin xəstələrin yerinə səs vermələri barədə
fotolar var. Bu kimi hallar seçki prosesinə ciddi təsir edib”. O, əlavə edib
ki, məktəblərdə hansı mənəvi böhranın yaşandığı barədə kütləvi informasiya
vasitələrində çoxsaylı materiallar gedib - pul paylanılması, insanlara fiziki
təzyiqlər göstərilməsi, ümumiyyətlə, biabırçı hallar kifayət qədərdir: "Özəl
müəssisələrin əməkdaşları səs əldə etmək üçün ən çirkin hərəkətlərə yol
veriblər”. Diplomat bundan əlavə, bu kimi halların hüquq-mühafizə orqanları
əməkdaşları tərəfindən araşdırılmamasına toxunub: "Halbuki, bütün faktlar
ortada olub”. Xüsusi elçi bütün bunlardan irəli gələrək qeyd edib ki, ermənilər
dərin demokratiyaya möhtacdırlar.
Maraqlıdır ki, seçki sistemi ilə bağlı keçirilən konfransa iştirak
edən Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan diplomata
heç bir cavab verə bilməyib.
Avropalı diplomatın fikirləri Ermənistan hakimiyyətində kəskin
narazılıq doğurub. Hakim partiya - Ermənistan Respublika Partiyasının mətbuat
katibi Eduard Şarmazanov Avropa İttifaqının xüsusi nümayəndəsini ölkəsinin
daxili işlərinə qarışmamağa və siyasi korrektəni saxlamağa çağırıb. Parlamentin
vitse-spikeri vəzifəsində çalışan Şarmazanov Petr Svitalskinin diqqətinə
çatdırıb ki, Ermənistan suveren dövlətdir. "Biz etiraf edirik ki, Avropa
İttifaqı üzrə tərəfdaşlarımız təkliflər verə, qiymətləndirmələrlə çıxış edə
bilərlər. Lakin bu təkliflər və iradlar korrekt, diplomatik dillə ediləndə daha
yaxşı olur. Hərdən insanlar yaddan çıxararlar ki, Ermənistan suveren dövlətdir
və Mərkəzi Seçki Komissiyasının tərkibi ilə bağlı məsələ, reytinq sistemi,
seçkilər Ermənistan parlamentində təmsil olunan siyasi qüvvələrinin
monopoliyasıdır”. O, Avropa İttifaqının azad, şəffaf və əhalinin etimadını
doğruldan seçkilərin keçirilməsi üçün hakimiyyətə milyonlarla dollar verməsinə
də toxunub: "Bu, "musiqini çalınmasına kim pul verirsə, o da haqlıdır” məsələsi
deyil”.
Vitse-spikerlər yanaşı, ədliyyə naziri də Svitalskini kəskin tənqid
edib. Nazir onu Ermənistanın daxili işlərinə qarışmaqda günahlandırıb. "Seçki
prosesi barədə səfirlər deyil, bu sahə üzrə mütəxəssislər danışmalıdır. Bu sahə
üzrə ən nüfuzlu qurum Venesiya Komissiyasıdır və o da bizim sistemə müsbət rəy
verib”, - deyə nazir fikrini tamamlayıb.
Azər NURİYEV