• şənbə, 20 Aprel, 16:15
  • Baku Bakı 23°C

Avropadan gətirilən mallar ucuzlaşa bilər

05.07.13 10:10 2121
Avropadan gətirilən mallar ucuzlaşa bilər
Son vaxtlar dünya bazarında avronun məzənnəsi aşağı düşür. Bunun Azərbaycan iqtisadiyyatına təsirini öyrənmək üçün iqtisadçılarla söhbətləşdik.
İqtisadçı Vüqar Bayramov avronun məzənnəsinin aşağı düşməsi Azərbaycanın saxlanılan dövlət rezervlərinin həcminə, eləcə də dəyərinə mənfi təsir göstərdiyini bildirdi. Onun sözlərinə görə bu, həm də Azərbaycanın Avropa Birliyinə (AB) qeyri-neft sektorunun ixrac imkanlarını xeyli məhdudlaşdırır: “AB Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 65 faizi Avropa Birliyinin payına düşür. Təbii ki, onun böyük bir hissəsini neft və neft məhsulları təşkil edir. Bununla yanaşı, ölkəmiz AB ölkələrinə, o cümlədən qeyri-neft məhsulları və aqrar məhsulları da ixrac edib. Təbii ki, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycan məhsullarının Avropa bazarında daha baha olmasına səbəb olur. Bu da Azərbaycan məhsullarının çıxış imkanlarını məhdudlaşır və ölkəmizin Avropada rəqabət aparma imkanını xeyli azaldır. Əksinə, bu, Avropa şirkətlərinə imkan verir ki, Azərbaycan daxil olmaqla digər xarici bazarlara daha asan çıxsınlar. Çünki Avronun məzənnəsinin aşağı düşməsi Avrozonada istehsal olunan məhsulların dünya bazarında ucuzlaşmasına və bununla daha çox rəqabət aparmasına imkan yaradır”.
Kiçik sahibkarlar üçün imkandır
İqtisadçının sözlərinə görə, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana Avropadan idxal edilən məhsulların həcminin artmasına gətirib çıxaracaq: “Eyni zamanda təbii ki, Azərbaycan daxilində Avropada istehsal olunan məhsulların qiymətlərində enmələr müşahidə ediləcək. Çünki avronun məzənnəsinin aşağı düşməsi birmənalı şəkildə həmin məhsulların qiymətlərinin azalmasına gətirib çıxaracaq. Kiçik sahibkarlar, avrozonadan məhsul və avtomobil idxal edən iş adamları üçün avronun aşağı düşməsi sərfəlidir. Çünki avro məzənnəsinin aşağı düşməsi xüsusən Almaniyada və digər avrozona ölkələrindən Azərbaycana avtomobil gətirən iş adamlarının daha ucuz mal almasına səbəb olur. Bu da Azərbaycana gətirilən avtomobillərin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Çünki avro ilə alınan məhsullar Azərbaycan bazarında dollar və ya manatla satılır. Eyni zamanda, Almaniyadan Azərbaycana gətirilən avtomobillərin sayının artması da gözləniləndir. Çünki qiymət aşağı olduğu üçün bu maşınlara daha çox tələbat yaranacaq”.
V.Bayramov onu da qeyd etdi ki, avronun məzənnəsinin aşağı düşməsi digər ölkələrin avroya münasibəti baxımından da əhəmiyyətlidir: “Nə ABŞ, nə Çin, nə Yaponiya avronun məzənnəsinin aşağı düşməsində maraqlı deyil. Çünki avronun məzənnəsinin aşağı düşməsi həmin ölkələrin avrozonaya ixrac imkanlarını xeyli məhdudlaşdırır. Buna görə də güman edilir ki, avronun məzənnəsinin düşməsində kəskin azalmalar olmayacaq. Düşünürəm ki, sözügedən valyutanın məzənnəsinin düşməsi həm də yay mövsümü ilə əlaqədar avrozonada məzənnənin aşağı düşməsi fonunda Avropa Birliyinin ixrac imkanlarını artırmaq məqsədi daşıyır. Bununla belə güman olunur ki, avqust ayında, payızda avronun məzənnəsində möhkəmlənmələr müşahidə ediləcək”.
Dolların məzənnəsinin qalxmasına gəlincə, iqtisadçı bunun avronun məzənnəsinin düşməsi ilə bağlı olduğunu dedi: “Dünya bazarında dolların məzənnəsinin yüksəlməsi ABŞ-da iqtisadiyyatın stabilləşməsi ilə bağlıdır. Dolların məzənnəsinin qalxması ABŞ-ın ixrac imkanlarını məhdudlaşdırır, buna görə ABŞ da dolların məzənnəsinin kəskin artmasında deyil, daha çox sabit qalmasında maraqlıdır. Buna görə də avronun gözlənilən potensial məzənnə yüksəlişi ilə yanaşı, dollar məzənnəsinin stabilləşəcəyi proqnozlaşdırılır. Amma iyulda dolların məzənnəsindəki artımların davam edəcəyi gözlənilir”.
İqtisadçı Samir Əliyev isə düşünür ki, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycanda o qədər də hiss olunmayacaq: “Burada bir neçə amili nəzərə almaq lazımdır. İlk növbədə nefti kənara qoysaq, Azərbaycanın avrozonada ticarət payı 10-15 faizdən çox deyil. Buna görə də avronun kursunun dəyişməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmir. Əslində avronun ucuzlaşması nəticəsində avrozonadan Azərbaycana gətirilən malların dəyərində enmə müşahidə edilməlidir. Amma ölkəmizdə mövcud olan idxal inhisarçılığı avronun aşağı düşdüyü vaxtda avrozonadan Azərbaycana gətirilən malların qiymətində ciddi ucuzlaşmaya səbəb olmur”.
Dollar avronu kompensasiya edir
S.Əliyevin fikrincə, avronun ucuzlaşması avtomatik olaraq avronun manata qarşı ucuzlaşması deməkdir: “Bu gün Azərbaycan manatı dollara bağlıdır. Dolların kursunun dəyişməsi avtomatik olaraq manatın kursunun dəyişməsinə təsir göstərir. Dünya bazarında avro dollara qarşı bahalaşanda Azərbaycanda da avro manata qarşı bahalaşır”.
Azərbaycanın valyuta ehtiyatlarının təxminən 40 faizi avro ilə yerləşdirildiyini deyən iqtisadçının fikrincə, avronun ucuzlaşması ölkəmizin valyuta ehtiyatının avroda saxlanılan dəyərinin itirilməsinə gətirib çıxarır: “Amma ölkəmizin valyuta ehtiyatında dolların payı 50-55 faiz arasında dəyişir.Avronun avronun dünya bazarında ucuzlaşması bir qayda olaraq dollara münasibətində baş verir. Biz avro tərəfdən itirdikdə valyuta ehtiyatımızda dolların olması onu kompensasiya edir”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər