• şənbə, 20 Aprel, 02:00
  • Baku Bakı 15°C

Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib

19.05.19 18:36 597
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu baş tutub.
AZƏRTACxəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədr müavini Faiq Quliyev, ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva və 200 nəfərə yaxın tələbə iştirak edib.
Forumu Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) sədri Fərid Abbasov açıb.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan-İtaliya arasındakı ikitərəfli münasibətlər, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq, İtaliyada təhsil alan azərbaycanlıların dövlətlər arasında münasibətlərdə rolundan danışıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropada təhsil alan azərbaycanlı tələbələrin diaspor fəaliyyəti barədə ətraflı məlumat verərək bu qitədə diasporun formalaşmasında gənclərin roluna diqqəti cəlb edib. Bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və qorunmasında gənclərimizin rolu böyükdür. Odur ki, gənclərimizin keyfiyyətli təhsil alması olduqca vacibdir.
Azərbaycan dövlətinin gənclərə qayğı və diqqətlə yanaşdığını vurğulayan F.Muradov xatırladıb ki, məhz xaricdə təhsil alan gənclərimiz Vətənimizlə bağlı keçirilən tədbirlərdə fəallıq nümayiş etdirirlər. Bunun nümunəsi "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər zamanı hiss edilir, bu yaxınlarda isə Brüsseldə keçirilən aksiyada da bir daha sübut olundu.
Azərbaycanın Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Avropada təhsil almış tələbələrin diplomlarının tanınması və nazirlik tabeliyində olan qurumlarla iş imkanlarından danışıb. Qeyd edib ki, dövlət proqramı əsasında xaricdə 3500-dən çox azərbaycanlı gənc təhsil alıb və Avropada təhsil alan hər bir azərbaycanlı gənc ölkəmiz üçün qiymətlidir. N.Məmmədli deyib ki, Vətənimizin gələcəyi üçün daha yaxşı kadrların hazırlanması prioritet məsələlərdən biridir. Buna görə də xaricdə təhsil almaq üçün hər cür şərait yaradılıb və ölkəmizdə xaricdə təhsil alanlara böyük ehtiyac var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva Avropada təhsil almış və ixtisaslaşmış kadrlar üçün Azərbaycanda potensial iş imkanları barədə məlumat verib. O, ölkəmizdə tətbiq olunan sosial-iqtisadi innovasiyalardan və gənclər arasında sahibkarlığın inkişafından danışıb.
Tədbir fikir mübadiləsi ilə davam etdirilib. Dövlət qurumlarının rəsmiləri gənclərin Avropada qarşılaşdıqları problemləri diqqətlə dinləyiblər və onların suallarını cavablandırıblar.

banner

Oxşar Xəbərlər