• cümə, 29 Mart, 16:50
  • Baku Bakı 14°C

Avropada ondan imtina edilir, biz də başlamalıyıq

30.10.18 10:00 1802
Avropada ondan imtina edilir, biz də başlamalıyıq
XXI əsrin ən böyük bəlalarından biri də plastik torbalar, bir dəfəlik istifadə üçün nəzərdə tutulan qablardır. Bunların sağlamlığa vurduğu zərər haqqında yəqin ki, az-çox məlumatınız var. Amma onların ekologiyaya vurduğu zərər isə daha böyükdür. Bununla mübarizə aparmaq üçün dünya təcrübəsində müxtəlif təcrübələr tətbiq olunur. Məsələn, Polşada yaşayan müsahibim deyir ki, orada marketlərdə plastik torbalar və qablar pulla satılır. Bunu etməkdə əsas məqsəd isə ətraf mühitin təmizliyini qorumaqdır. İnsanlar plastikə pul verməyi artıq bildiyi üçün, marketə parça torbalarla gəlirlər. Qonşu ölkə Gürcüstandan da bu təcrübə tətbiq olunmaqdadır. Ölkəmizdə isə bu sahədə vəziyyət heç də qaneedici deyil. Amma yaxşı xəbərlər də var. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə plastik qablardan istifadənin azaldılması ilə bağlı tədbirlərə başlayıb.
Trend-in məlumatına görə, bu barədə nazirlikdə keçirilən mətbuat konfransında qurumun ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. U.Tağıyevanın sözlərinə görə, hazırda bununla bağlı tədbirlər hazırlanır: "Bildiyiniz kimi, Avropa Parlamenti tərəfindən plastik qablaşdırmanın qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə, plastik məhsulların istifadəsi 2021-ci ildən qadağan olunmalıdır. Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, Nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır. Bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır. Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqlarını nəzərə alınaraq, mərhələli şəkildə həyata keçiriləcək. Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün ETSN-nin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib. Yerləşdirilən konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi Rayon İcra Hakimiyyətləri, 12 ədədi yerli sahibkarlar, 2 ədədi isə AzEkol tərəfindən hazırlanıb”.
Mövzu ilə bağlı ekspertlərin rəyini aldıq. Professor İslam Mustafayev qeyd etdi ki, plastikdən hazırlanan məhsullar günümüzdə böyük ekoloji problemə çevrilib: "Çünki onlar uzun müddət parçalanmır və bununla da ekologiyaya xeyli ziyan vurur. Plastik qabların yandırılması isə insan sağlamlığına təhlükə hesab olunur. İnsan sağlamlığı üçün dünyanın qabaqcıl ölkələrində müəyyən ölçüdə tədbirlər həyata keçirilir. Hollandiyada, Hindistanda, Amerikanın bəzi ştatlarında plastik qablardan istifadə qadağan olunub. Bundan başqa əhali tərəfindən daha çox istifadə olunan polietilen torbalar da ətraf mühiti çirkləndirir. Bu problemin çıxış yolu kimi Ekologiya Nazirliyi, Səhiyyə Nazirliyi və ictimaiyyət bir yerdə tullantılarla mübarizə aparmalıdır. Amma bunun üçün ciddi tədbirlər görülməlidir. Əgər polietilen torbalar və plastik qablar qadağan olunursa, onların alternativi təklif edilməlidir. Həmçinin bunun üçün lazımi qanunvericilik aktları qəbul edilməlidir. Yəni birdən-birə plastikdən imtina etmək mümkün deyil. Hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələdə xüsusilə fəallıq göstərir. İctimai şuranın üzvləri kimi bu ideyanı dəstəkləyirik. Tezliklə bu məsələ ilə bağlı müzakirələr başlayacaq. Hesab edirəm ki, məsələ ilə bağlı müvafiq qərar qəbul ediləcək”.
Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov plastikdən tədricən imtina etməli olduğumuzu qeyd etdi: "Bu məsələnin həlli üçün inzibati metodlarla yanaşı, maarifləndirmə tədbirləri də həyata keçirilməlidir: "İnsanlar artıq rahatlığa öyrəşiblər. Ona görə də təkcə inzibati metodlar tətbiq etmək düzgün deyil. Əhali ciddi qaydada maarifləndirilməlidir. Bizdə də tədricən, plastiki əvəz edə biləcək məhsullardan istifadəyə keçid olmalıdır. Bununla biz ekoloji təmizliyə öz töhfəmizi verə bilərik. Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi tədbirlər planı hazırlamalıdırlar. Azad bazar iqtisadiyyatında dövlət bu məsələlərə müdaxilə etmir. Ona görə də yalnız və yalnız maarifləndirmə işlərinin faydalı ola biləcəyini düşünürəm”.
Şəbnəm
banner

Oxşar Xəbərlər