• çərşənbə, 24 Aprel, 14:43
  • Baku Bakı 27°C

Avropada intellekt axtarışı

26.06.13 10:03 1542
Avropada intellekt axtarışı
Rafiq Əliyev,
Fəlsəfə elmləri doktoru, professor
[email protected]
www.raliyev.az

Ağıl, intellekt və idrak bir-birilə sıx bağlı olan anlayışlardır. Bütün baş verənlər bu üç məfhum çərçivəsində - gözəgörünməz gizli üçbucağın daxilində cərəyan edir.
Əksər alimlər, xüsusən də klassik metodologiya çərçivəsində çalışan sovet alimləri şəxsi mövqelərini çox vaxt seçdikləri, tədqiq etdikləri mövzuya dair onlarla müəlliфlərin kitablarından iqtibaslarla əsaslandırmağa çalışıblar. Bu zaman belə bir sual meydana çıxır? Əgər hər hansısa bir mövzuya onlarla alim toxunubsa, o zaman gənc müəllif tərəfindən müəyyənləşdirilmiş mövzunu araşdırmağa ayrılan 2-3 il ciddi fayda verə bilərmi, ümumiyyətlə, bu zərurət nədən irəli gəlir?
Amma etiraf edək ki, bu tip metodologiya bir çox baxımdan faydalıdır: ilk növbədə, sözügedən tədqiqat üçün. Belə ki, onun ciddi parametrləri tədqiqatçını mövzu ilə bağlı daha da məlumatlı edər, onun diqqətini bir məqama yönəldərək konkret problemi ayrılıqda həll etmək təşəbbüsünü artırar. Bir sözlə, məhdud şərtlər daxilində geniş düşünmək qabiliyyətinə sahib bir insan olaraq onun intellekti inkişaf edə bilər!
Lakin yaxın keçmişin həqiqətlərinə əsaslanaraq, deyə bilərik ki, bu şərtlərlə alimliyə iddialı olan şəxs axtarış obyektinə çətin ki, yenilik gətirə, töhfə verə bilsin. O, bu yolla, sadəcə, öz bilik səviyyəsini yüksəltməyə nail ola bilər ki, yekun nəticədə elmdə irəliləməklə daha yüksək əmək haqqı almağa müyəssər olar. Bunlardan savayı, heç bir ciddi elmi nailiyyətin qazanılmasından söhbət belə gedə bilməz! Odur ki, namizədlərin sayının minlərlə olmasına baxmayaraq elmlər doktorlarının sayı olduqca azdır, yaxud az idi.
Sözügedən metodologiya ortaya qoyulmuş suala dəqiq cavab tapmağa həmişə yardım edib. Bunun nəticəsi olaraq, insan istər-istəməz daha ciddi araşdırmalara hazırlıq qabiliyyətini artırıb. Bu üsul əksər hallarda özünü doğruldub. Mən özüm də bu metodologiya əsasında işləmişəm. Etiraf edim ki, uğurlara da nail olmuşam: elmlər doktoru, professor olmuşam və öz elmi araşdırmalarımın nəticələrini nəşr etdirmişəm. Onun sayəsində özünəgüvən hissimi xeyli artırmışam.
Lakin bugünkü informasiya axınını, kompyuter texnologiyasının geniş imkanlarını nəzərə alaraq, məsələyə yanaşmamda kiçik düzəliş etmək istərdim. Bu və ya digər problemin araşdırılmasında tətbiq etdiyim metod, obrazlı desək, geniş əhatəli variantdır. Məsələn, parkın bir hissəsində əyləşib yalnız göz önündə olanları nəzərdən keçirməklə kifayətlənməyib parkın hər tərəfini gəzib dolaşmaq məcburiyyətində olarsan. Əks halda parkın bir küncündə əyləşib, səndən aralıda baş verənlərdən xəbərsiz qala bilərsən. Bu halda isə oxucuya parkın ümumi görünüşü haqda məlumat ötürə və orada baş verənlər barəsində ətraflı danışa bilməzsən.
Bu, o anlama gəlir ki, insan bütün fikrini araşdırdığı mövzunun yalnız bir ünsürünə yönəltdikdə ümumi problem onun diqqətindən kənarda qalır. Halbuki araşdırma aparmağa onu məhz həmin ümumi məsələ vadar edir. Təbii ki, belə dar çərçivədə aparılan elmi tədqiqatın nəticəsi heç oxucu üçün də maraqlı və faydalı olmaz.
Əgər biz bu gün Avropa ölkələrində yaşanan böhrandan danışsaq, fikrimizi yalnız iqtisadi tənəzzül və maliyyə kollapsının səbəblərinə yönəltsək, o zaman məsələyə birbaşa aidiyyatı olan digər, bəlkə də daha mühüm siyasi, sosial, mədəni, etik, ailə, şəxsiyyətlərarası amillər diqqətdən kənarda qalacaq. Ola bilsin ki, bu yolla iqtisadi-maliyyə fəlakətinin günahkarlarını tapmağa nail ola biləcəyik. Amma bütün bunlar Avropa İttifaqının problemlərinin tam məğzini açmaq üçün əsla yetərli olmayacaq. Problem kifayət qədər geniş və mürəkkəbdir. Dünyanın bugünkü real vəziyyətinin olduğu kimi qəbul edilməməsi İttifaqı faciəvi sonluğa gətirib çıxara bilər.
Burada söhbət konkret obyektdən gedir: uçurumun kənarında olan Avropa İttifaqı xalqlarının artan narazılıqları və getdikcə aşağı düşən yaşayış səviyyəsi.
Həllolunmaz problemlər fonunda mənim nəzərimdə daha bir ciddi məqam da var – bütün dünyanı, xüsusilə də “kollektiv ağıl”ın nəinki faydalı, hətta həyati əhəmiyyətli olduğu Avropanı bürümüş qeyri-müəyyənlik. Müxtəlif baxışlardan ibarət ümumi fikirlər heç zaman ayrı-ayrı şəxslərin, dahi insanların iti zəkasını üstələyə bilməz. Düzdür, belə dahilərin sayı bu gün Avropada o qədər də çox deyil. Üstəlik, bəzən fərasətsiz hakimiyyət hərisləri onların yüksək intellektlərini tənqid atəşinə tutaraq, problemi ictimai rəyin manipulyasiyası yolu ilə həll etməyə çalışırlar. Sanki problemlər girdabında boğulan xalq ölkəni böhrandan çıxartmağın yollarını daha yaxşı bilir. Əlbəttə ki, olduqca gülünc və absurd fikirdir. Avropa demoktratiyasının yaratdığı “möcüzə” məhz budur!
Bəşər tarixində belə halların uğurlu nəticə verməsi ilə bağlı tutarlı məlumat yoxdur. Elə bu səbəbdən də xalqлар taleyini həmişə öz intellekti, inadcıllığı və biliyi ilə başqalarından fərqlənən şəxslərə həvalə ediblər və bundan sonra da edəcəklər. Odur ki, “xalqdan soruşaq” variantı yalnız və yalnız lazımlı qərar qəbul edə, inandırıcı arqumentlər gətirə bilməyənlərin əlində öz qabiliyyətsizliklərini örtbastır etmək üçün bəhanədir.
Bütün söylənilənləri nəzərdən keçirtdikdən sonra insanda belə təəssürat yaranır ki, Avropa siyasətçilərinin əksəriyyəti intellektlə hiss və emosiyalar arasında əlaqə yaratmaqda çətinlik çəkirlər. Bu isə öz növbəsində ümumi işin gedişatına mane olur. Onlardan fərqli olaraq, böhranın bütün ağırlığını öz üzərində hiss edən xalqın intellektlə bağlı heç bir problemi yoxdur. O emosiyalar dalğasında, necə deyərlər, çapalayır. Həmin səriştəsiz siyasətçilər özləri və sosialist, yaxud da radikal-nasionalist, yaşıl (bəzən homoseksual), xristian demokrat, sosial-demokrat və ultra-sağçı sələfləri tərəfindən işlənib hazırlanmış qaydaları dəyişmək iqtidarında deyillər. Onların bütün fikir-zikirləri qarşısında qul kimi diz çökdükləri Kapitaldadır. Solçu sosialistlərdən tutmuş nasional-radikallara qədər hamısı Kapitala xidmət edir, onun quluna çevrilib.
Xalq isə həmin siyasətçilərə, sadəcə, tramplin qismində dəstək üçün lazımdır. Niyəsini isə heç onlar özləri də konkret bilmirlər. Əsas “siyasətə hoppanmaq” problemini həll etməkdir.
Bu gün İstanbulda Taksim meydanındakı “Gezi parkı”nın taleyini həll etmək üçün referendum hiyləsinə əl atanlar da göz qabağındadır. Çox güman ki, onlar xalqın fikirləşib konsensusa gələnə və kollektiv qərar qəbul edənə qədər mövcud problemin ya aktuallığını itirəcəyini, ya öz-özünə keçib gedəcəyini, ya da ortaya daha ciddi yeni problemlərin çıxacağını düşünürlər. Bu gün Avropada məhz bu proses gedir. Həmin “demokratik” dövlətlərdə xalqın fikrinin bir qəpiklik qiyməti yoxdur. İctimai rəy gündən-günə dəyərini itirir. Bir zamanlar özünü xalqın carçısı kimi təqdim edənlər indi deyirlər ki, “küçə rəyi” (xalq – R.Ə.) əsasında dövlət əhəmiyyətli problemləri həll etmək mümkün deyil. Belə çıxır ki, bu “küçə rəyi” yalnız, hakimiyyətə gəlmək üçün yararlı ola bilər.
Dövlətin taleyini əlində oyuncağa çevirən bacarıqsız siyasətçilər əzab çəkən xalqın nə istədiyini ya utandıqları üçün soruşmaqdan çəkinir, ya da onların təklif və məsləhətlərini həyata keçirməyə qadir olmadıqları səssiz-səmirsiz etiraf edirlər. Düzünü desək, heç xalqın da baş verənlərlə bağlı konkret rəyi yoxdur. Millətin yalnız bir məqsədi, bir amalı var – dövlətin pulunu talayan, öz imiclərini, var-dövlətlərini itirməkdən qorxan, hökumətlə xalqı qarşı-qarşıya qoymağı labüd hesab edən fırıldaqçı bankirlərin sərvətini əllərindən almaq. Nə az, nə də çox... Oğurlanan malları qaytarın, Allah yolunda xalqı - hakimiyyəti tərk edin... Yaxşı məsləhətdir...
Avropa İttifaqında artıq vəziyyət nəzarətdən çıxır. Regionun gələcəyini təhlükəyə atanlar hətta Avropa İttifaqının iclaslarında da bir-birini inkar edən ziddiyyətli fikirlər səsləndirməkdən çəkinmirlər. Son iki ildə bir dəfə də olsun Avropa xalqlarının iqtisadi-maliyyə problemlərini aradan qaldıra biləcək ciddi və real qərar qəbul edilməyib. Mövcud şərtlər daxilində Avropa xalqlarını hər gün bir addım geriyə aparan prosesləri nə saxlamaq, nə də ki, ləngitmək mümkündür. Çox güman ki, heç mümkün olmayacaq da... Çünki intellektlə şüur arasında əlaqə pozulub...
Hətta Afrika-ərəb ölkələrində xarici qüvvələr tərəfindən süni şəkildə təşkil olunan qanlı müharibələr də Avropa xalqlarının diqqətini daxili problemlərdən yayındıra bilmir. Öz hökumətlərinin baş verənlərə etinasız münasibətlərini gördükləri üçün onlar başqa xalqların başına gələn müsibətlər barədə heç eşitmək belə istəmirlər. Avropalılara milyarderlərə kapital qazandıran xalqların fəlakətinə laqeyd yanaşır və onların başlarına gələn müsibətlərə heç təəssüflənmirlər də.
Belə şəraitdə hər hansısa bir ideyanın mövcud iqtisadi problemlərdən heç olmazsa birini həll edə biləcəyi mühüm məqamı yaxalamaq mümkün deyil. Hətta bu şans ələ düşsə belə, o, çoxsaylı natamam cəhdlər içində itib-batır və xəstəni sağaltmaq əvəzinə, sadəcə, ağrıkəsicilərdən istifadə olunur. Bu da çox çəkməz...
Belə vəziyyətdə bütün ümidlər ilahi qüvvələrə bağlanır. İnsanın niyyəti çox olur, amma həyata yalnız dilə gətirilən istəklər arzuya çevrilir və onun reallaşması ehtimalı artır. Bu fikri əllərində şüar tutaraq paralel dünyadakıların onları eşidəcəkləri ümidilə hər kəs problemi dilə gətirməyə, səsini ucaltmağa çalışır.
Müasir Avropa reallığı məhz bu mənzərəni xatırladır. Avropa xalqları mövcud problemin həll yollarını axtara biləcək metodologiyanın yoxluğundan əziyyət çəkirlər. Onlar eyni predmet ətrafında fırlanırlar. Predmetə hansı tərəfdən yanaşmağın lazım olduğunu bilmədikləri üçün fırlandıqca vəziyyəti daha da gərginləşdirirlər.
Mən tamam başqa metodologiya təklif edirəm: obyektə yuxarıdan baxıb onun hər küncünü, hər labirintini gördükdən sonra qərar qəbul etmək və ən mühümü “xalqdan soruşmaq” adı altında olan xilasedici kəmərdən əl çəkmək...
Ümid edirəm ki, yalnız vacib olanı dərk etmək, “nəyin birinci, nəyin ikinci” olduğunu müəyyən etmək kimi ənənəvi üsullar Avropa İttifaqına daxil olan 27 ölkənin xalqlarına və onların seçdikləri rəhbərlərə yaxşı tanışdır. Yəhudilərin bir duası var. Evdən çıxanda onu çoxları dilə gətirir “Ya Rəbbim, mənə gücüm çatan işlərdən yapışmağa imkan yarat”. Bu ibrətamiz fikri elə avropalıların bugünkü vəziyyətinə aid etmək olar.
Allah yardımçıları olsun!
banner

Oxşar Xəbərlər