• cümə, 26 Aprel, 07:36
  • Baku Bakı 12°C

Avropada gənclərin çoxluq təşkil etdiyi ölkə

06.08.19 10:30 10193
Avropada gənclərin çoxluq təşkil etdiyi ölkə
Azərbaycan Avropada 25-29 yaş arası insanların faizinin ən çox olduğu ölkədir. Trend-in məlumatına görə, bu barədə "Eurostat”ın hesabatında deyilir. Hesabata əsasən, Azərbaycan əhalisinin 9,4 faizi bu yaş qrupuna aiddir.
Gənc nəslin daha çox olduğu ölkələr arasında həmçinin Malta (8,4 faiz), Albaniya (8,2 faiz) və İslandiya (8 faiz) yer alıb. 25-29 yaşlı gənclərin ən aşağı faizi isə İspaniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə gənc nəsil əhalinin 5,4 faizini təşkil edir. Bundan başqa, Almaniyada əhalinin 6,4 faizi, Fransada 5,8 faizi, Böyük Britaniyada 6,9 faizi, Türkiyədə isə 7,7 faizi 25-29 yaş arası gənclərdir.Gənclərin çoxluğu, ümumiyyətlə, bir ölkəyə hansı üstünlüklər qazandırır? Bu mövzu ətrafında gənclər sektorunda fəaliyyət göstərən şəxslərlə söhbətləşdik.

Milli Məclisin Gənclərvəidmankomitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev "Kaspi”yə açıqlamasında bildirdi ki, hər hansı bir ölkənin xoşbəxt gələcəyə olan ümidləri ilk növbədə gənclərə bağlıdır, bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir: "Azərbaycanın da gənclər ölkəsi olması, əhalinin yarıdan çoxunu gənclər təşkil etməsi qürurverici haldır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbaycanın qazandığı ən böyük uğurlardan biri də hər cür innovasiyalara açıq, ideyalarla dolu zəngin gənclik potensialına malik olmasıdır. Gündən-günə çiçəklən, inkişaf edən müstəqil Azərbaycanda dövlətin və xalqın gələcəyinə istiqamətlənmiş siyasət və strategiya bu günün gənclərinin qarşısında böyük imkanlar, şəraitlər açıb. Sabahını, parlaq gələcəyini düşünən Azərbaycan dövlətinin gənclər siyasəti ilə bağlı məqsədyönlü fəaliyyət proqramı həmişə olub, indi də var. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük, vətənpərvər gənclər ordusu yaranıb. Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclər dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər”.


Cəmiyyətin aparıcı qüvvəsi
N.Həmzəyevin sözlərinə görə, müstəqilliyinin 28 yaşını qeyd edən Azərbaycan kimi bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında gənclər mühüm rola malik potensial qüvvə kimi mühüm yer tuturlar: "Güclü, aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla, yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, tərəqqi və modernləşmə strategiyasının təməl sütünları deməkdir”.

Millət vəkili deyir ki, dövlətin və cəmiyyətin birgə fəaliyyət göstərdiyi müstəqil ölkəmizin bütün sahələrində - dövlət strukturlarında, təhsildə, səhiyyədə, orduda, sənayenin, kənd təsərrüfatının bütün sahələrində aparıcı qüvvə kimi gənclər öndə dayanırlar: "Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi, bu sahədə görülən işlər, həyata keçirilən çoxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamı kimi uğurla həyata keçirilir. Qürurverici haldır ki, bu günün gəncləri Azərbaycanın ictimai-siyasi həyatında daim fəallıqları ilə seçilir, öz düşüncə və baxışları ilə dünyada, ölkədə baş verən hadisələrə münasibətlərini bildirir, cəmiyyətin aparıcı qüvvəsinə çevrilirlər”.
Müstəqil, bilikli və bacarıqlı
N.Həmzəyev qeyd etdi ki, bugünkü gənclərin ən böyük xoşbəxtliyi ondadır ki, onlar müstəqil ölkədə yaşayırlar. Müstəqillik Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açdı, onların çoxşaxəli inkişafına, azad və dinamik düşüncə tərzinin formalaşmasına təkan verdi: "Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Ulu öndər Heydər Əliyev "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…” deyərək həmişə gənclərə güvənib, onlara böyük etimad göstərib. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu əvəzsizdir. Gənclik cəmiyyətin aparıcı qüvvəsi olmaqla yanaşı, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Bu günün gəncləri daha müstəqildirlər, daha bilikli və bacarıqlıdırlar. Azərbaycan gəncləri müxtəlif sahələrdə qazandıqları uğurları ilə ölkəmizi mötəbər tribunalardan yüksək səviyyədə təmsil edirlər. Onlar siyasi, ictimai, mədəni və idman sahələrindəki nailiyyətləri ilə xalqımızın əsl qürur və iftixarına çevriliblər. Bir gəncin uğuru isə müstəqil Azərbaycan dövlətinin uğuru, bir gəncin güclənməsi, müstəqil Azərbaycanın güclənməsi deməkdir”.
Müstəqilliyin bəhrəsi
"İrəli”İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirdi ki, gənclərin faizinin çox olması əmək qabiliyyəti olan əhalinin daha çox olması deməkdir: "Eyni zamanda da gənc beyinlərin daha dinamik, inkişafa meyilli olması da əsas göstəricilərdən biridir. Ölkədə gənclərə cənab Prezident tərəfindən böyük diqqət ayrılıb. Gənclərin bütün istiqamətlərdə əsas strukturlarda yer alması, onların inkişafı üçün addımlar atılır. Biz burada mədəniyyət, incəsənət, elm, təhsil və idman sahələrində parlaq nailiyyətlər qazanan gənclərimizi və onların zəngin tarixi-mədəni irsimizin qorunub saxlanması, inkişaf etdirilməsi üçün atdığı addımları qeyd edə bilərik. Vətənpərvər ruhda yetişən və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınması üçün çalışan gənclərimizin olması qürurverici hisdir. Çünki gənclər atılan hər bir addımın vətən üçün olduğunun fərqindədir. Hazırkı gənclər müstəqil Azərbaycanın yetirmələridir. Nəzərə alsaq ki, 1991-ci ildə dünyaya gələn bir gəncin hazırda 28 yaşı var, bu o deməkdir ki, ölkədəki bütün gənclər müstəqilliyimizin bəhrəsidir. Bu da onu deməyə əsas verir ki, daha müstəqil, daha yenilikçi bir gənclik Azərbaycanı irəli aparacaq”.


M.Seyidovun sözlərinə görə, ölkə gəncliyi Azərbaycanın sürətli inkişafı üçün lazım olan biliyə, savada və intellektə sahibdir: "Bu gün beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edən, idmanda uğurları olan, intellektual yarışlarda ilk sırada yer alan gəncliyin olması onu deməyə əsas verir ki, ölkəmizdə gənclərin inkişafı var və bunun inkişafı üçün də addımlar atılır”.

Azərbaycan diasporunun ən mühüm hissəsi
"İslahatçı Gənclər” İctimai Birliyinin sədriFərid Şahbazlı bildirdi ki, ölkədə gənclərin çox olması üstünlük hesab edilir. Çünki gənclər bütün dünyada dinamika, aktivlik rəmzi hesab edilir: "Gənclərin çox olması ölkədəki iş əmsalından, demoqrafik vəziyyətdən başlayaraq, bir çox sahələrdə yaxşı nəticələrə gətirib çıxarır. Bu gün Azərbaycan gəncləri ölkəmizin inkişafında, dövlətin idarəçiliyində yaxından iştirak edirlər. Gənclərimiz dövlətin çox mühüm postlarında ölkəmizin inkişafı naminə çalışırlar. Hesab edirəm ki, bu mənada gənclərimizin çox böyük potensialı var. Gənclərimizin səsini dünyanın nüfuzlu elm olimpiadalarından, musiqi yarışlarından, idman meydanlarından eşidirik. Bu gün Azərbaycanda çox uğurlu gənclər siyasəti həyata keçirilir. Bunun nəticəsidir ki, gənclərimiz bütün sahələrində özlərini yaxşı mənada fərqləndirirlər. Azərbaycan gəncləri Avropada da, dünyada da intellektuallıqları, dil və müasir dünyanın çağırışlarına cavab verəcək elmi bilikləri ilə fərqlənməyi bacarırlar. Eyni zamanda Azərbaycan gəncləri vətənpərvərdirlər, olduqları hər yerdə bayrağımızı uca tuturlar, ölkəmizin maraqlarını müdafiə edirlər. Gənclərimiz Azərbaycan diasporunun ən mühüm hissəsidir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər