• çərşənbə, 24 Aprel, 12:47
  • Baku Bakı 27°C

Avropada ən böyük atıcılıq kompleksi - Reportaj

15.05.15 05:14 2256
Avropada ən böyük atıcılıq kompleksi - Reportaj
Bu yay ölkəmiz beynəlxalq əhəmiyyətli daha bir tədbirə ev sahibliyi edəcək. İyunun 12-dən 28-nə kimi Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək. Dünya tarixində ilk dəfə ölkəmizdə reallaşacaq Oyunlarda 49 ölkədən 30-a yaxın idman növü üzrə 6 mindən çox idmançı yarışacaq. Bu yarışlara yüksək səviyyədə ev sahibliyi etmək üçün ölkəmizin bütün qüvvəsi səfərbər edilib. Cəmi iki il yarım ərzində yeni-yeni idman obyektləri tikilib istifadəyə verilib, əvvəlki illərdə inşa edilənlər isə təkrar təmir edilərək, beynəlxalq standartlara uyğunlaşdırılıb.
Avropa Oyunları ərəfəsində istifadəyə verilən belə idman obyektlərindən biri də paytaxt Bakının Binəqədi rayonu ərazisində yerləşən Bakı Atıcılıq Mərkəzidir. Avropa Oyunları Təşkilat Komitəsinin təşkilatçılığı ilə bu günlərdə sözügedən idman obyektinə mediatur təşkil eilib, jurnalistlərə Mərkəzdəki şəraitlə hərtərəfli tanış olmaq imkanı yaradılıb.
Avropa Oyunları zamanı Bakı Atıcılıq Mərkəzinin əməliyyatlar üzrə meneceri vəzifəsini icra edəcək Arnaud Cren Larvor ilk öncə Mərkəzin təyinatı barədə media təmsilçilərinə məlumat verdi. Bildirildi ki, Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların, məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıq olan Mərkəzdə yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait var. Obyektin baş planına əsasən ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Ümumilikdə isə idman obyektinin ərazisi 19,6 hektardan ibarətdir.
Mərkəzin güllə atıcılığı binası barədə məlumat verən menecer buranın müasir səviyyədə olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var. O, güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə atışlar üzrə yarışların keçiriləcəyini bildirdi. Menecerin sözlərinə görə, güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb: “Burada yarışların keçirilməsi üçün 5 poliqon – atış sahəsi var. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək”.
Jurnalistlər menecerin haqqında bəhs etdiyi qapalı və yarımqapalı yarış sahələri, orada quraşdırılan avadanlıqlar, tamaşaçılar və idmançılar üçün yaradılmış şəraitlə yaxından tanış oldular. Tanışlıq zamanı o da qeyd edildi ki, final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Arnaud Cren Larvor güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqların yaradıldığını da söylədi. Həmçinin dedi ki, binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar yaradılıb. Mediatur iştirakçıları menecerin adlarını çəkdiyi otaqlara da baxış keçirdilər. Adları sadalanan zallarda və otaqlarda ən müasir tələblərə, beynəlxalq idman standartlarına uyğun şərait yaradıldığına biz də şahidlik etdik.
Qapalı və yarımqapalı yarış sahələrini gəzdikdən sonra Arnaud Cren Larvor jurnalistləri stend atıcılığı sahəsi ilə də tanış etdi. Öyrəndik ki, stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar, həmçinin də məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. Həmin avadanlıqlar İtaliyanın “Mattarelli” şirkətinə məxsusdur və onlar Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə tam cavab verir.
Əməliyyatlar üzrə menecer idman obyektində aprel ayında yerli idmançıların iştirakı ilə sınaq yarışlarının keçirildiyini də diqqətə çatdırdı. Dedi ki, Avropa Oyunları çərçivəsində Atıcılıq Mərkəzində dünyanın müxtəlif ölkələrindən 320-ə yaxın idmançı burada medallar uğrunda mübarizə aparacaq. O, daha sonra jurnalistləri Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün inşa edilən mehmanxana binası ilə tanış etdi. Qeyd edək ki, dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb. Binada, həmçinin inzibati otaqlar da fəaliyyət göstərir. İdman obyektinin meneceri onu da əlavə etdi ki, yarış müddətində bu bina əsasən istirahət və media işçiləri üçün mərkəz kimi istifadə olunacaq. Avropa Oyunları başa çatdıqdan sonra isə 5 ulduzlu otel kimi fəaliyyət göstərəcək.
Mərkəz ərazisində gəzinti zamanı Arnaud Cren Larvor jurnalistlərə onu da bildirdi ki, cari ilin mart ayında istifadəyə verilən bu idman obyekti dünyada, o cümlədən Avropada ən böyük atıcılıq komplekslərindən biridir. Mərkəzdə 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib. Burada içməli və yanğına qarşı su anbarları, qazanxana və nasosxana, transformator və generator məntəqələri var. Bu idman obyekti ayrıca qaz, su, kanalizasiya, elektrik, rabitə, yüksəksürətli internet xətləri ilə təchiz edilib. Obyektdə havalandırma, yanğın xəbərverici və yanğınsöndürmə, işıqlandırma sistemləri, təhlükəsizlik kameraları quraşdırılıb.
Menecer söhbət zamanı onu da əlavə etdi ki, Mərkəzin ərazisində atıcılıq yarışları ilə yanaşı, dağ velosiped yarışının keçirilməsi üçün də yer ayrılıb. Belə ki, iyunun 16-dan 22-ə kimi mərkəzin açıq və qapalı sahələrində atıcılıq yarışları, veloparkda isə yalnız bir gün – iyunun 13-də velosiped yarışı keçiriləcək. Atıcılıq yarışlarında 15, 1 gün davam edəcək velosiped yarışında isə 1 qızıl medal uğrunda mübarizə gedəcək. Qaliblər 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış olacaqlar.
Ən müasir tələblərə, beynəlxalq idman standartlarına cavab verən Bakı Atıcılıq Mərkəzi ilə tanışlıq bizi bir daha əmin etdi ki, bu obyekt Avropa Oyunları zamanı keçiriləcək atıcılıq yarışlarına, eləcə də gələcəkdə ölkəmizdə keçiriləcək bu növ bütün yarışlara ev sahibliyi etmək üçün tam hazırdır.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər