• cümə, 29 Mart, 09:21
  • Baku Bakı 5°C

Avropada artan islamafobiya

09.04.18 18:02 2476
Avropada artan islamafobiya
Türkiyənin aparıcı analitik mərkəzlərindən biri kimi tanınan Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondu (SETA) Avropada islamafobiya hallarının artması ilə bağlı illik hesabatını açıqlayıb. "İslamafobiya haqqında Avropa hesabatı” adlanan araşdırmanı Türkiyənin "Sabah” qəzeti dərc edib. Enes Bayraklı və Fərid Hafezin rəhbərliyi ilə hazırlanan illik hesabat sayca üçüncüdür. Bu qiymətləndirmə 33 Avropa ölkəsində yaşanan insidentlər əsasında hazırlanıb. Hesabat Avropanın müxtəlif ölkələrində yaşayan 40 tədqiqatçı tərəfindən hazırlanıb. "İslamafobiya haqqında Avropa hesabatı”nın əsas məqsədi antimüsəlman təbliğat, antiislam əhval-ruhiyyədə dəyişikliklər, bu zəmində cinayətlərin analizinin aparılmasıdır. Hesabat siyasətçilər, ictimai fəallar və digər antiislam və antimüsəlman diskussiyalara qarşı mübarizə aparmaqda maraqlı olan şəxslər üçün nəzərdə tutulub. Əksər ölkələr islamafobiya, antimüsəlman və antiislam hallarının mövcud olduğunu inkar etsələr də, hesabatda göstərilib ki, irqi ayrı-seçkilik və müsəlmanlara qarşı nifrət Avropada geniş şəkildə yayılmağa başlayıb. Məsələn, 2017-ci ildə İspaniyada 546 antimüsəlman hücumlar qeydə alınıb. Müsəlmanlara qarşı nifrət zəminində məscidlərə hücumlar Londonda iki dəfə artıb. Polşada ötən ilin yanvar-oktyabr aylarında nifrət zəminində 644 cinayət hadisəsi yaşanıb. Norveç müsəlmanlarının 14 faizi fiziki və yaxud söz hücumuna məruz qalıb. Maltada yaşayan müsəlmanların 25 faizi isə izlənilib. Avropanın ən böyük və əhəmiyyətli ölkəsi Almaniyada isə müsəlmanlara qarşı azı 1000 hücum olub, təqribən 100 hücum isə məscidlərə qarşı həyata keçirilib. Müsəlman müəllimlərin 60 faizi hesab edib ki, onlar ayrı-seçkilik halları ilə üzləşiblər. Orta hesabla qaçqınlara qarşı gün ərzində 5,2 hücum qeydə alınır. Ən radikal sağ ekstremistlər isə qaçqınlara kömək edə məmurlara belə hücum edirlər. "Bu hadisələrlə əlaqədar Avropa ölkələri artıq bir norma halını almış irqi ayrı-seçkilik və nifrət hallarına qarşı mübarizə tədbirlərinə start verməlidirlər. Avropa cəmiyyətləri və institutlarında demək olar ki, hər gün irqi ayrı-seçkilik və ksenofobiya tendensiyaları artır. Bu gün təkcə bir sıra ekstremist qruplar deyil, həm də Avropanın sağ və sol siyasi partiyaları müsəlmanlara qarşı ayrı-seçkilik yayan şüarlarla çıxış edir. Məsələ o həddə çatıb ki, qurbanlar hətta onlara qarşı yol verilən hücumlarla bağlı hər hansı bir məlumat verməkdən belə qorxurlar”, - deyə hesabatda vurğulanır. O da qeyd edilir ki, Avropa İttifaqının əsas hüquqlar üzrə Agentliyinin (FRA) keçirdiyi sorğunun nəticələrinə görə, yalnız 12 faiz müsəlman irqi ayrı seçkiliyə məruz qaldıqları barədə polisə məlumat verirlər. Yəni əldə olunan rəqəm və məlumatlar aysberqin görünən tərəfidir. "Avropa İttifaqı ölkələri və Avropa Parlamenti kimi institutlar islamofobiyanı irqi ayrı-seçkiliyin forması kimi tanımalıdırlar. Avropa subyektləri antisemitizmə qarşı necə mübarizə aparırlarsa, irqi ayrı-seçkiliyə, insan hüquq və azadlıqlarının pozulmasının istənilən növünə qarşı da eyni qaydada mübarizə aparmalıdırlar. Avropa İttifaqı multukultural dəyərlərin bərpası məqsədilə deradikalizasiya proqramına başlamalıdırlar. Avropa sağ və sol ekstremist qruplaşmalar qarşısında təslim olmamalıdır. Əks təqdirdə, özünün mənəvi üstünlüyünü itirmiş olacaq. Bu elə bir haldır ki, tək müsəlmanları deyil, qeyri-müsəlmanları da ciddi zərbə altında qoymuş olur”, - deyə hesabatda vurğulanır.
Başqa bir fakt - Britaniyada ötən il aparılan bir araşdırma nəticəsində sosial şəbəkə platforması "Tvitter”də gündəlik, ingiliscə yeddi minə yaxın islamafobiya məzmunlu mesaj paylaşıldığı məlum olub. Hesabatda Avropa İttifaqı ölkələrinin də ingilis dillində islamofobiya istiqamətli tvitlər yazdığı, ancaq bunların əksəriyyətinin İngiltərədən göndərildiyi bildirilib.
Ekspertlər hesab edir ki, son illərdə müsəlman qaçqınlara artan nifrət fonunda, Avropanın bir çox dövlətlərində radikal sağçı partiyalar hakimiyyətə gəliblər. Bu səbəbdən, Avropada islamafobiya daha da güclənib. Almaniya, İngiltərə və Fransada isə müsəlmanlara edilən hücumlarla bağlı ümumilikdə 10 mindən çox fakt qeydə alınıb. Avropada islam faktorunun güclənməsi də islamafobiya meyllərinin artmasına səbəb olub. Təsadüfi deyil ki, miqrantların gəldikləri Avropa ölkələrində vahid dəyərlər sisteminə daxil olmasına xidmət etməli olan Qərb dövlətlərinin multikulturalizm siyasəti özünü doğrultmadı. Əvvəlki yanaşmada multikulturalizm siyasəti cəmiyyətin kiçik bir hissəsi olaraq gördüyü miqrantların Qərb dəyərlərini qeyri-şərtsiz qəbul etmələrinə əsaslanırdı. Miqrantların, xüsusən də müsəlman miqrantların öz dini-milli dəyərlərini üstün tutması, bu siyasətin süqutuna gətirib çıxardı.
Beləliklə, hücum və təzyiqlərə, müəyyən dairələrin bunu istəyib-istəməməyindən asılı olmayaraq islam dəyərləri artıq Qərbin bir hissədir. Buna tolerant yanaşma olmasa, islam faktoru Qərb dəyərlər sistemində öz layiqli yerini tutmasa, bu da ilk növbədə Avropanın gələcəyi üçün problemə çevriləcək.

Azər
banner

Oxşar Xəbərlər