Avropa öz dəyərlərini tapdaladı
Son günlər Türkiyə və Hollandiya arasında yaşanan gərginlikciddi
müzakirə mövzusu olub. Türkiyə tərəfi XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə
verilən uçuş icazəsinin ləğvinə qarşı sərt etirazlarını bildirməkdədirlər.
Çavuşoğlunun Türkiyə Konstitusiyasına düzəlişlərə dəstək tədbirlərində iştirak
etmək üçün Rotterdama getməsinin qarşısının alınmasını ciddi qanun pozuntusu
hesab edirlər və dediklərində kifayət qədər haqlıdırlar. Belə ki, hər zaman
demokratik dəyərlərdən, insan haqlarından, sərbəst toplaşma azadlığından
danışan Avropanın bir ölkəsi digər ölkənin nazirinin öz vətəndaşları ilə görüşünə
imkan verməyib. Bu fonda əslində, hamıya məlum olan həqiqətlər bir daha ortaya
çıxır və yaşanan gərginlik Avropa demokratiyasının həqiqi üzünü növbəti dəfə
nümayiş etdirir. Faktdır ki, son olaylar avropalıların müxtəlif ölkələrə təzyiq
göstərmək istədikləri zaman əldə bayraq etdikləri demokratik dəyərlərlə
daban-dabana ziddiyyət təşkil edir. Onların bu cür əməl törətməkdən
çəkinmələləri, aşkar şəkildə insan haqlarını tapdamaları təsdiq edir ki, bu
kimi məsələlər avropalılar üçün sadəcə, bir mövzudur. Bu mövzunu isə hər zaman
öz məqsədləri üçün istifadə edirlər. Necə deyərlər, hüquqlar sadəcə, öz
işlərinə gələndə mühüm əhəmiyyət kəsb edir, başqa vaxt heç yada düşmür.
Xatırladaq ki, analoji hal az müddət əvvəl Almaniyada yaşanıb. Belə
ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın seçicilərlə görüşünə razılıq
verilmiş, hətta yer ayrılmışdı. Amma sonradan bu görüş gülünc bəhanələrlə
əngəlləndi. Bu haqda danışan B.Bozdağ bildirib ki, hər dəfə insan hüquqları,
demokratiya, qanunun aliliyi, ifadə azadlığından danışan və özlərindən başqa
hər kəsi buna əməl etməməkdə ittiham edən, bunu tənqid edən Almaniya hakimiyyət
orqanları türk cəmiyyətinin bir yığıncaq keçirməsinə tab gətirə bilmədi və bu,
qəbuledilməzdir: "OradaAlmaniya ədliyyə nazirinin istəyi ilə görüş
keçirəcəkdik. Yerini, zamanını danışmışdıq. Ancaq Qagennaudakı yığıncaq ləğv
edilincə mən də ədliyyə naziri ilə görüşü ləğv etdim”.
Göründüyü kimi, eyni ssenari Hollandiyada təkrarlandı. Bütün bunlar
belə bir qənaətə gəlməyə əsas verir ki, Türkiyəyə qarşı tapşırıq eyni mərkəzdən
gəlib və o qədər güclü olub ki, bir zamanlar AŞPA sədri olmuş, hazırda nazir
olan birinin öz ölkəsinin vətəndaşları ilə görüşməsinə imkan tanınmayıb. Hansı
ki, Avropa Şurası Avropanın ən mötəbər təşkilatlarından biridir, insan haqları
ilə bağlı isə bəlkə də ən mötəbər təşkilatıdır.
Bir zamanlar Azərbaycanda sərbəst toplaşmaq haqda qanun müzakirə
ediləndə həmin bu avropalılar istəyirdilər ki, ölkəmizdə yaşayan xarici ölkə
vətəndaşlarının sərbəst toplaşması, küçə yürüşləri keçirməsi və s qanunvericiliyə
daxil edilsin. Elə Türkiyə ilə Hollandiya arasında yaşanan gərginlikdə də ən
diqqət çəkən məqam budur – avropalılar başqalarından israrla tələb etdikləri prinsiplərə
yeri gələndə özləri əməl etmirlər. Baş verənlər onların demokratik dəyərləri öz
maraqlarına uyğun gəlmədikdə ayaqlar altına atmalarının növbəti sübutudur.
Açıq-aşkar hiss olunur ki, bu gün Avropada ciddi bir türkfobiya küləyi
əsməkdədir. Necə olur ki, bir neçə il əvvəl müttəfiq bildikləri Türkiyəni bu
gün arzuolunmaz dövlət hesab edirlər? Necə olur ki, Danimarka NATO-da müttəfiq
olduqları bir dövlətin xarici işlər nazirinin təyyarəsinə ölkəsinə eniş icazəsi
vermir? Necə olur ki, türkiyəli bir xanım nazirin ölkəsinin konsulluğuna
gedişinə imkan verilmir. 1 gün sonra Fransa öz ərazisində həmin Mövlud
Çavuşoğlunun ölkəsinin vətəndaşı olan türklərlə görüşünə icazə verirsə, deməli,
burada Almaniya, Niderland hökumətlərinin təqdim etməyə çalışdığı kimi
təhlükəli bir şey yoxdur. Sadəcə, Niderland Krallığı, Almaniya hökumətləri daha
çox asılıdırlar. Onlar kənar idarəedicilərin təhriki ilə bəzən antidemoktarik
addımlar da ata bilirlər. Məsələ bu qədər bəsit və aydındır!
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev qeyd etdiyi kimi, bəzi Avropa təsisatları və xüsusilə, Avropa
Parlamentindəki bir sıra dairələr, həmçinin Hollandiya hər bir fürsətdə əsassız
şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda "mentorluq”
etməkdə və başqalarına irad tutmaqda "adətkarlıq” nümayiş etdirir. H.Hacıyev
qeyd edib ki, insan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab
etdiyi halda, Hollandiya hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə
qarşı həyata keçirdiyi tədbirlər, orada yaşayan türk icması üzvlərinin sərbəst
və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması
qərəzli və ziddiyyətli xarakter daşıyır: "Bu, Diplomatik və Konsulluq
münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və
ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə
müşayiət olunur. Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən
tamamilə kənardır.Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan
İslamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərinin aradan
qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq
edilməsinə xüsusi ehtiyacın olduğunu birdaha göstərir”.
Bir sözlə, ikili standartlar avropalılar üçün adi hala çevrilib. Aİ
və onun qurumları daima insan hüquqvə azadlıqlarından danışsa da, bu
hüquqları pozanlar elə onların özləridir. Ola bilsin ki, bu hadisədən sonra bir
sıra Avropa dövlətlərinin, təsisatlarının dili nisbətən qısalacaq və başqa
dövlətlərə dərs keçmək istədikdə yenə də insan haqları, demokratiya, plüralizm
kimi mövzulardan istifadə etməyəcəklər. Artıq onların buna mənəvi haqları
çatmır. Onsuz da, indiyə qədər avropalıların iddiaları ciddi qəbul olunmurdu və
hər kəs onların öz maraqlarından çıxış etdiklərini bilirdi. Almaniya və
Hollandiya "konsertlərindən” sonra isə bu cür mövqe sərgiləmələri avropalıları
daha gülünc duruma salacaq.
H.Əsgər