Avropa üçün Kataloniya başağrısı
Kataloniyada qanunsuz keçirilən referendumun ardınca İspaniyada
siyasi vəziyyət daha da gərginləşib. Belə ki, Kataloniya hökumətinin rəhbəri
Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri
Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar. Hakim
koalisiyadan qeyd olunan bəyannamənin hələlik hüquqi qüvvəyə malik olmadığını
bildirib. Barselona və Madrid arasında böhranın nizamlanmasına dair
danışıqların uğursuz nəticələnəcəyi təqdirdə, sənəd təsdiqlənməsi üçün
parlamentdə səsverməyə çıxarılacaq.
Bunun ardınca isə İspaniya hökuməti Kataloniya rəhbəri Karles
Puçdemonun bölgənin müstəqilliyinə dair bəyanatını yolverilməz hesab etdiyini
vurğulayıb. Hökumət nümayəndəsi Kataloniya rəhbərinin bəyanatının qanunsuz
olduğunu, onun əsaslandığı referendum haqqında qanunun isə İspaniya
Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən salındığını xatırladıb.
Göründüyü kimi, Kataloniya ətrafında cərəyan edən hadisələr Avropanı
gərgin duruma salıb. Maraqlıdır ki, Kataloniyadakı durum dünyadakı digər
separatçı rejimlər üçün presedent olacaqmı? İndiki halda bu "nümunə”nin digər
ölkələrdə təkrarlanmaması üçün Avropa hansı addımları atacaq? Gələcəkdə,
Kataloniyadan ilhamlanan bu böhran vətəndaş müharibəsinin başlanmasına gətirib
çıxara bilərmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Elşən Manafov bildirdi ki, Kataloniyada keçirilən
referendum Avropada olan digər separatizmə meylli qüvvələr üçün də bir siqnal
olacaq: "Bildiyimiz kimi, bu hadisədən sonra Avropa Birliyində qurulan sistemin
çökmə ehtimalı var ki, bu da yaxşı heç nə vəd etmir. Kataloniya rəhbərliyi
bəyan etdi ki, müstəqilliyin tanınması ilə bağlı məsələdə gözləmə mövqeyi
tutmaq lazımdır. İspaniya hökumətinin mövqeyi və Avropa Birliyinin bununla
bağlı münasibəti göstərir ki, mahiyyət etibarı ilə bu proseslər baş verən andan
beynəlxalq güclərin diqqət mərkəzindədir. Çünki Kataloniyanın müstəqilliyinin
tanınması təkcə İspaniyanın ərazi bütövlüyü və müstəqilliyi üçün ciddi təhlükə
təşkil etməyəcək. Bu, gələcəkdə metastaz təsiri verə biləcək ciddi siyasi
proseslərə gətirib çıxaracaq. Nəticə etibarı ilə bu proseslər qısa zaman kəsiyində
Portuqaliyanı, İtaliyanı, Yunanıstanı və ümumiyyətlə Avropa Birliyindəki digər
dövlətləri də əhatə edə bilər. İstisna deyil ki, Serbiyada, Kosovada,
Albaniyada da bu cür proseslər yaşansın. Həmçinin, Rumıniyada da belə bir hal
yaşana bilər. Faktiki olaraq, Moldovada baş verən hadisələr göz qabağındadır. Bu
kontekstdə Kataloniya rəhbərliyinin parlamentə, eləcə də Avropa Birliyinə
etdiyi müraciətlər göstərir ki, prinsip etibarı ilə baş verə biləcək proseslər
Avropa Birliyi, hətta ABŞ-ın özü üçün bumeranq təsiri bağışlaya bilər. Çünki
ABŞ-ın özündə də federativ dövlətin tərkibindən çıxmaq istəyən bir sıra ştatlar
var və müxtəlif zamanlarda bu istiqamətdə müəyyən addımlar atılıb. Digər
tərəfdən, federasiya dövlət idarəetmə sisteminə malik olan ölkələrin Kataloniya
prosesindən uzaq duracağı birmənalıdır. Misal üçün, Rusiya bu proseslərdən
özünü sığortalamağa çalışacaq. Yəni, federasiya mərkəzdənqaçma meyllərindən
özünü sığortalamaq üçün çalışacaq. Bu baxımdan, yaxın perspektivdə buna bənzər
hadisələrin Avropa Birliyini əhatə edən digər dövlətlərin ərazisində baş vermə
ehtimalı yüksək deyil. Çünki proseslər artıq beynəlxalq güclərin diqqət
mərkəzindədir. Belə hadisələr onların maraqları ilə ziddiyyət təşkil etdiyi
üçün hüquqi kontekstdə bunun qarşısını almağa cəhd göstərəcəklər”.
E.Manafov vurğuladı ki, Kataloniya məsələsində artıq ox yaydan çıxıb.
Onun sözlərinə görə, indiki vəziyyətdə Kataloniyanın Avropaya ciddi problemlər
yaşadacağı da istisna edilmir.
Politoloq Qabil Hüseynli bildirdi ki,
Kataloniyada referendumdan sonra yerli rəhbərlik müstəqilliyin elan edilməsinin
müəyyən vaxtadək təxirə saldı: "Buradan görünür ki, Kataloniya ilə bağlı gərgin
bir situasiya yaranıb. Avropa Birliyi Kataloniyanın müstəqilliyini qəbul etmir,
İspaniya hökuməti isə bura qoşun yeritmək istəyir. Fikrimcə, Kataloniyanın
müstəqil olmasına imkan verilməyəcək və elə Avropa Birliyi də bunu istəyir.
Ümumiyyətlə, Avropanın mərkəzində separatizmin dirçəlməsinə imkan verilməyəcək.
Bu da dolayı yolla Azərbaycanın Dağlıq Qarabağın azadlığı uğrunda apardığı
mübarizədə əhəmiyyətli rol oynaya bilər. Gələcəkdə erməni separatizminin
qarşısının alınması üçün Kataloniya təcrübəsindən istifadə edə bilərik”.
Bəxtiyar MƏMMƏDLİ