• cümə, 29 Mart, 11:34
  • Baku Bakı 5°C

“Avropa üçün əsas tranzit ölkə Ukrayna deyil, Türkiyə olacaq”

10.12.14 11:04 1112
“Avropa üçün əsas tranzit ölkə Ukrayna deyil, Türkiyə olacaq”
Ötən gün “Rossiya seqodnya” Beynəlxalq Mətbuat Mərkəzində politoloqlar İlqar Vəlizadə və Elxan Şahinoğlunun iştirakı ilə Türkiyə-Rusiya-Azərbaycan münasibətləri Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri prizmasından təhlil olunub. Türkiyə səfirinin siyasi məsələlər üzrə müşaviri Öncü Keçelinin də qatıldığı tədbirdə əvvəlcə siyasi şərhçi İ.Vəlizadə Rusiya prezidentinin Ankara səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, imzalanan müqavilələr, Qərbin bu hadisəyə münasibəti barədə geniş məlumat verib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq E.Şahinoğlu Rusiya prezidenti V.Putinin dekabrın 1-də Türkiyəyə rəsmi səfərini uğurlu səfər kimi qiymətləndirib. Bildirib ki, indiki vəziyyətdə Putinin Türkiyə ilə əməkdaşlığı genişləndirməyə ehtiyacı var. Siyasi şərhçi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Türkiyənin xeyrinə işlədiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyənin Rusiya ilə iqtisadiyyatın və enerji sahəsinin bütün istiqamətlərində münasib qiymətlərlə idxal-ixrac əməliyyatlarını genişləndirmək şansı yaranıb: “Türkiyə illərdir Avropa İttifaqının üzvü olmağa çalışır, ancaq bu istəyinə nail ola bilmir. Putinin Ankara səfəri göstərdi ki, əslində Türkiyənin Avropa İttifaqına üzv olmaması Ankaraya dividentlər gətirdi. Əgər Türkiyə bu qurumun üzvü olsaydı, təşkilata üzv olan ölkələr kimi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaq məcburiyyətində qalacaqdı. Bu halda Türkiyə Rusiya bazarından, enerji əməkdaşlığından, digər ortaq layihələrdən istifadə edə bilməyəcək, iqtisadiyyatında problemlərlə üzləşəcəkdi. Odur ki, Rusiya ilə artan əməkdaşlıq Türkiyənin Avropa İttifaqına üzvlük marağını bir az daha azaldacaq”.
E.Şahinoğlu Türkiyə-Rusiya əməkdaşlığında bir neçə vacib istiqamət olduğunu diqqətə çatdıraraq, onlar arasında kənd təsərrüfatı və ərzaq mallarının ixracı məsələsinin birinci yerdə dayandığını vurğulayıb. Qeyd edib ki, Qərbin sanksiyaları Rusiyada kənd təsərrüfatı və ərzaq məhsullarına qıtlıq yaradıb. Ona görə də Rusiyanın qonşu Türkiyədən daha çox kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına ehtiyacı var: “Moskva Avropadan ala bilmədiyi məhsulları Latın Amerikasının dost ölkələrindən almağı planlaşdırırdı. Ancaq Latın Amerikası ölkələri ilə məsafə uzaq olduğundan nəqliyyat xərcləri ət və toyuq məhsullarının qiymətinə təsir edə bilər. Türkiyə isə Rusiyaya qonşudur və eyni adlı məhsulları buradan daha ucuz qiymətə əldə etmək mümkündür. Digər tərəfdən, Türkiyə Rusiyaya daha çox məhsul ixrac etməklə kənd təsərrüfatı sahəsində canlanma yaratmağı planlaşdırır. İkinci istiqamət isə enerji əməkdaşlığıdır. Rusiya Türkiyəyə ucuz qaz satacaq, bu ölkəyə yeni qaz xətti çəkəcək. Putin “Cənub axını” layihəsindən imtina etdiyini ona görə Ankarada elan etdi ki, Kreml beynəlxalq aləmə Avropanın yerinə Türkiyəni seçdiyini göstərsin. Bu da Ankaraya imkan verdi ki, Rusiyaya öz istəklərini qəbul etdirsin. Rusiya Ankaranın istəyi əsasında Türkiyəyə satdığı qazın qiymətini 6 faiz ucuzlaşdırdı. Rusiyanın Qara dənizin dibi ilə Türkiyəyə yeni qaz xəttinin çəkilişini elan etməsi də Ankaranın bölgədəki rolunu artırır. Faktiki bu boru xətti də hazır olduqdan sonra Avropa üçün əsas tranzit ölkə Ukrayna deyil, Türkiyə olacaq. Rusiya və Azərbaycan qazı Türkiyə üzərindən Avropaya çatdırılır. Gələcəkdə Türkiyədən keçən və keçəcək boru xətləri ilə İranın və Şimali İraqın qazı da ötürülə bilər”.
Türkiyə ilə Rusiya arasında artan iqtisadi və enerji əməkdaşlığı bu iki dövlət arasında istər-istəməz siyasi müstəvidə də yaxınlaşmanı diqtə edir, deyən E.Şahinoğlu hazırkı situasiyada hər iki dövlətin bir-birinin regional geosiyasi maraqlarına diqqətlə yanaşmaq məcburiyyətində olduqlarını söyləyib. Politoloqun fikrincə, Rusiya-Türkiyə münasibətlərində yeni era başlayır. Belə ki, 2020-ci ilə qədər iki ölkə arasında ticarət mübadiləsinin 100 milyard dollara çatdırılması, Rusiyanın 20 milyard dollara Türkiyədə atom elektrik stansiyası inşa etməsi Rusiya-Türkiyə ittifaqını daha da gücləndirəcək.
Siyasi şərhçi Putinin Ankarada Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir bildirməməsinə də diqqət çəkib. Onun sözlərinə görə, Putinlə Ərdoğanın qapalı görüşü 3 saat çəkib və mümkündür ki, Dağlıq Qarabağla bağlı da qısa fikir mübadiləsi olub. Sadəcə, görünür, Putinin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün yeni ideyası olmadığına görə, liderlər bu mövzu üzərində xüsusi dayanmağa ehtiyac duymayıblar: “Moskvada onu da anlamalıdırlar ki, indiki böhran şəraitində, Qərbin sanksiyaları ilə üz-üzə ikən, Rusiyanın Türkiyə və Azərbaycan kimi ölkələrlə strateji tərəfdaşlığa əvvəlki dövrlərdən daha çox ehtiyacı var. Ankara ilə Bakının Kremldən əsas geosiyasi istəyi isə Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasıdır. Kreml belə bir addım atarsa, Rusiyadan tamamən asılı olan Yerevan fərqli siyasət həyata keçirə bilməyəcək və işğal altındakı torpaqları boşaltmağa başlayacaq. Ukraynadakı hadisələrlə əlaqədar Qərbin sanksiyaları fonunda Kremlin fəal iştirakı ilə Dağlıq Qarabağ münaqişənin ədalətli həlli Rusiyaya beynəlxalq aləmdə lazımi divident gətirəcək, Cənubi Qafqazdakı mövqelərini gücləndirəcək. Regional əməkdaşlığa ən böyük əngəl Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Münaqişənin həlli Azərbaycan və Türkiyə ilə yanaşı Rusiya ilə Ermənistanın da xeyrinədir”.
E.Şahinoğlu bildirib ki, münaqişənin həlli ilə Azərbaycan torpaq bütövlüyünə qovuşacaq, suverenliyi bərpa olunacaq, Türkiyənin bölgədəki rolu artacaq, Rusiya Azərbaycan və Türkiyənin inamını qazanacaq və bu iki dövləti Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Birliyinə cəlb edəcək. Ermənistan isə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaqla geosiyasi və geoiqtisadi gərginlikdən qurtulacaq, regional layihələrə qoşulacaq: “Önəmli olan bu konsepsiyanın Kreml tərəfindən qəbulu və həyata keçirməsinə start verməsidir. Bütün hallarda hazırkı Rusiya-Türkiyə iqtisadi və enerji ittifaqı da Azərbaycanın maraqlarına cavab verir. Rusiya bundan sonra istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almalıdır. Hazırkı durumda isə Rusiyanın Türkiyə ilə yaxınlaşması Ermənistan hakimiyyətini narahat edir. Yerevan düşünür ki, Moskva Ankaranın istəyi əsasında Ermənistandan işğal altındakı torpaqları boşaltmasını tələb edə bilər. Məsələ burasındadır ki, Azərbaycanla Rusiya arasında da əməkdaşlıq artır, eyni ilə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsulları Rusiya bazarına daha geniş miqyasda ixrac olunacaq. Digər tərəfdən Ankara Türkiyə-Rusiya ittifaqına tədricən Azərbaycanı da cəlb edə bilər. Rəsmi Bakının özü də Rusiya-Türkiyə ittifaqında yer almaq istəyir. Təsadüfi deyil ki, Putinin Türkiyəyə səfərə gəldiyi ərəfədə Azərbaycan prezidenti İlham Əliyev Ərdoğanla telefonla danışdı. Əliyev-Ərdoğan telefon danışığında Azərbaycan prezidentinin G-20--nin 2015-ci ildə Türkiyənin Antalya şəhərində keçiriləcək görüşünə dəvət edildiyi bildirildi. Bu da Türkiyə-Rusiya-Azərbaycan üçbucağında vacib element sayıla bilər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər