AZE | RUS | ENG |

AVROPA TEATR TARİXİNDƏN

AVROPA TEATR TARİXİNDƏN
Qərb dramından qəhrəmanı oğurlayan Meterlinq

XIX əsrin sonlarına doğru Avropada yeni cərəyan olan simvolizmin ideya-estetik prinsipləri formalaşmağa başlayır. Real gerçəklik simvolistlər tərəfindən insanı dünyanın sirli mahiyyətindən ayıran səthi, əhəmiyyətsiz bir şey kimi qəbul edilirdi. Simvolistlərə görə həyatın realist təsviri mənasızdır. Çünki dünyanın mahiyyətini təşkil edən irrasional başlanğıc ancaq işarələrlə, simvollarla mənalana bilər. Bu fəlsəfi konsepsiya və ona söykənən estetika mövcud teatrın həm forma, həm də məzmun xüsusiyyətlərini inkar edirdi. Simvolizm cərəyanının əsas xüsusiyyəti tamaşaçıya lazımsız məişət örtüyündən azad olmuş tragik formulun, simvolun ötürülməsi ilə bağlıdır. 

Simvolizmin ən parlaq nümayəndələrindən biri və nəzəriyyəçisi Moris Meterlinqdir. M.Meterlinqin konsepsiyasına görə, real, gündəlik həyat pyesin, yaxud tamaşanın əsas təsvir obyekti ola bilməz. Çünki idrakın anlamağa kifayət etmədiyi "əsl həyatı” təsvir etmək mümkünsüzdür. Meterlinqə görə, ideal teatr zahiri hərəkətlərin minimuma endirildiyi statik teatrdır. Onun yaradıcılığının ilkin mərhələsində yazılan pyeslərin xarakterik xüsusiyyətlərindən biri də həyat qarşısında qorxu, insan idrakına, gücünə inamsızlıqdır. Bu pyeslərdə qəhrəman yoxdur, əvəzində taleyin passiv qurbanı var. Bu isə ənənəvi dramaturji formanın tənəzzülünə aparır. Onun dramaturgiyasının zəif personajları dramaturji konfliktin iştirakçısı ola bilməzlər. A.Blok yazırdı ki, Meterlinq qərb dramından qəhrəmanı oğurlayıb, insan səsini boğuq pıçıltıya çevirib.

       1890-cı ildə Meterlinqin əsərləri Fransa teatrının repertuarına daxil olur. Onun üslubu For, Lünye-Po, Stanislavski, Meyerhold kimi rejissorları maraqlandırmışdır. Dramaturq əslən Belçikadan olsa da, fransız dilində yazıb yaratmış və pyesləri ilk dəfə Paris Tələbə Teatrında səhnələşdirilmişdir. 1862-ci ildə Gent şəhərində doğulmuş, hüquq təhsili almışdır. 1885-ci ildə təcrübə keçmək üçün Parisə gedərək bütün vaxtını və gücünü ədəbi məşğələlərə həsr etmişdir. Simvolist şairlər Stefan Mal və Vilye de-li-Adan ilə tanışlıq onun gələcək həyat yolunu müəyyənləşdirib. 1889-cu ildə "Şahzadə Malen” adlı nağıl-pyesini yazıb. Məhz bu əsərdən sonra tənqidçilər gənc dramaturqu dahi adlandırıb, onu Şekspirlə müqayisə etmişdilər. Sonrakı illərdə Meterlinq ölüm və həyat mövzusunu reallıqla mistikanın qəribə şəkildə birləşdiyi "Çağrılmamış qonaq” (1890), "Korlar” (1890), "Yeddi şahzadə” (1891), "Peleas və Malianda”(1892) pyeslərini yazıb. Nağıl dünyasının sehri bu pyeslərin hamısı üçün səciyyəvi idi. Qəhrəmanlar az danışır, eyham və işarələrlə bir-birlərini anlayırdılar. 1894-cü ildə Marionet teatrı üçün bir neçə əsər - "Alladina və Pallomed”, "Orada - içəridə”, "Tentajilin ölümü” yazması da canlı aktyorlardan fərqli olaraq kuklalar vasitəsilə rəmzləri, simvolları daha yaxşı ifadə etmək imkanı ilə bağlı idi. 1896-cı ildə yazdığı "Aqlavena və Selizetta” və "Aliana və mavi saqqal” əsərləri ilə Meterlinqin yaradıcılığının ilk mərhələsi bitmiş olur. 

XX əsrin əvvəllərində ölkənin ictimai-siyasi həyatındakı canlanma Meterlinqin dramaturgiyasının xarakter dəyişməsinə səbəb olur.  Ədib real həyata müraciət edir və artıq simvolu tamaşaçı üçün həyat həqiqətlərini açan bədii üsul kimi qəbul edir. Qəhrəmanları ətə-qana gəlir, ideya və ehtiraslarla zənginləşir. "Monna Vanna” tarixi dramında o, vətəndaşlıq borcu problemini qaldırır, insana inam, əsl sevgi və əxlaq haqqında danışırdı. "Müqəddəs Antoninin möcüzəsi” əsəri satirik əfsanə formasında yazılıb. 1905-ci ildə dramaturq "Mavi quş” pyesini tamamlayır. Bu əsərlə yenidən simvolik ifadə tərzinə qayıdır. 1908-ci ildən etibarən bu pyes Moskva, Paris, London, Azərbaycan teatrlarında tamaşaya qoyulub. 10 ildən sonra Meterlinq bu əsərin davamı olan "Nişanlanma” əsərini yazır. 1911-ci ildə Nobel mükafatı alır. 1919-cu ildə yazdığı Stilmondun "Burqomistr” pyesi Belçika xalqının Almaniyaya qarşı mübarizəsindən bəhs edir. Müəllifin son səhnə əsəri 1945-ci ildə tamamladığı "Janna Dark” faciəsidir.
 
Elçin Cəfərov
Teatrşünas 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157