• cümə, 19 Aprel, 10:27
  • Baku Bakı 13°C

Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik Azərbaycana nə verəcək?

17.05.14 09:31 1426
Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik Azərbaycana nə verəcək?
May ayının 14-dən etibarən Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlayıb. AŞ Nazirlər Komitəsinə sədrlik mayın 7-də Avstriyanın paytaxtı Vyana şəhərində təşkilatın 124-cü sessiyasında Azərbaycana keçib. Bu hadisə BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Azərbaycan diplomatiyasının tarixinə yazılmış daha bir uğurlu səhifə hesab olunur. Qeyd edək ki, 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan bu qurumun Nazirlər Komitəsinə ilk dəfədir ki, sədrlik edir.
Bunun Azərbaycana nə verəcəyi ilə bağlı millət vəkillərinin fikirlərini öyrəndik. Müsahiblərimiz bildirdi ki, bütün etibar olunan işlərin öhdəsindən məharətlə gələn Azərbaycan bu dəfə də nümunəvi fəaliyyət və bacarığını ortaya qoyacaq.
Millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, quruma üzv olan ölkələrin hər biri yarım il müddətinə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Bu ardıcıllıq ölkələrin ingilis dilində olan adının baş hərflərinə uyğun olaraq aparılır. Hazırda isə növbə Azərbaycanındır: “Ölkəmiz Xarici İşlər Nazirliyi vasitəsilə altı ay ərzində Nazirlər Komitəsində fəaliyyətini quracaq. Qeyd edim ki, Azərbaycan 13 ildir ki, Avropa Şurasının üzvüdür və bu müddət ərzində qurumun ən nüfuzlu üzvlərindən birinə çevrilib. AŞ-yə üzv olmağımız elə də uzun müddəti əhatə etməsə də, göründüyü kimi, ölkəmiz bu mötəbər qurumun Nazirlər Komitəsinə sədrlik edir. Əminliklə söyləmək mümkündür ki, dövlətimiz Avropa ilə çox yaxşı əlaqələr, münasibətlər qurmağa müvəffəq olub. Uğurlu xarici siyasətimizin nəticəsidir ki, bizim yaxşı tərəfdaş olduğumuzu hər kəs qəbul edib. Xatırladım ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına seçkilərdə qalib gəlmişdi və bu quruma iki dəfə sədrlik etmişik”.
A.Mirzəzadənin sözlərinə görə, bu gün ölkəmizin demokratik dövlət quruculuğunda əldə etdiyi nailiyyətlərdən, iqtisadi inkişaf sahəsində reallaşdırdığı proqramlardan Avropada dəfələrlə söz açılıb və bizim haqqımızda ən xoş sözlər deyilib: “Azərbaycanın Avropa məkanında yerləşən bütün dövlətlərlə səmimi dostluq münasibətləri var. Təbii ki, Ermənistan istisna olmaqla. Bunun da obyektiv səbəbləri hər kəsə aydındır. Digər AŞ üzvləri ilə olan əlaqələrə nəzər saldıqda, Azərbaycanın bu regional təşkilata sədrlik etmək üçün tam hazır olduğunu deyə bilərəm. Hesab edirəm ki, bu dövrdə Nazirlər Komitəsi çox səmərəli fəaliyyət quracaq. Komitədə həm müxtəlif maraqların uyğunlaşdırılması, həm aktual məsələlərin qaldırılması, həm də Avropa üçün aktual olan məqamların gündəliyə salınması nəzərdə tutulub. Üzv dövlətlərin diqqətini həssas nüanslara yönəldəcəyik. Avropada mövcud olan problemlərin həll olunması prioritet məsələdir. Zənnimcə, Azərbaycanın sədrliyi dövründə ölkəmiz bu istiqamətdə çox faydalı fəaliyyət ortaya qoyacaq. Gənc dövlət olan Azərbaycanın təcrübəsi hər kəsi razı salacaq, ölkəmiz müxtəlif dövlətlərin dəstəyini qazanacaq”.
Müsahibimiz bildirdi ki, Azərbaycanın sədrlik müddəti üçün müəyyənləşdirdiyi prioritetləri barədə hamıya məlumat verilib: “İnsan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək olacağıq. Həmçinin regionda təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa üstünlük veriləcək. Bizim üçün də ən vacib olan mövzulardan biri qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsidir. Ona da diqqət çəkəcək, əlimizdən gələni etməyə çalışacağıq”.
Millət vəkili Sahibə Qafarova da Avropa Şurası Nazirlər Komitəsinə üzv olan ölkələrin ardıcıllıqla sədrliyi qəbul etdiyini, Azərbaycanın öz növbəsini çox uğurlu şəkildə təhvil verəcəyini bildirdi: “Düşünürəm ki, bu, bizim üçün çox mühüm hadisədir. Ən azı ona görə ki, altı ay ərzində bütün qərarlar Azərbaycanın sədrliyi ilə qəbul olunacaq. Hər kəs dünyada Azərbaycanın gündən-günə artan nüfuzunu bir daha görəcək, bizim ölkələrin ümumi maraqlarına hörmətlə yanaşdığımızın şahidi olacaq. Bilirsiniz ki, xarici dövlətlər tərəfindən bizə diqqət ayrılır, məxsusi münasibət sərgilənir. Əlbəttə ki, bu, bizə qoyulan hörmətin göstəricisidir”.
Millət vəkili belə önəmli beynəlxalq strukturda olan dövlətlərə sədrlik etməyin asan olmadığını söylədi: “Komitədəki sədrlik səlahiyyəti ölkəmiz üçün çox mühüm məqamdır. Deyə bilərəm ki, Azərbaycanın sözünü deməsi üçün imkanlar daha da artıb. Onsuz da biz sözümüzü hər zaman demişik. Amma bu qurumda sədr olmaqla fikirlərimizi daha yüksək kürsüdən deyəcəyik. Hamı bilir ki, bizim əsas problemimiz Qarabağ münaqişəsidir. Bu dərdimizi dünyanın diqqətinə bir daha çatdırmaq üçün belə geniş platformaya çıxmağımız yaxşı fürsətdir”.
S.Qafarova ölkəmizin sədrliyi müddətində bir sıra tədbirlərin keçiriləcəyini də nəzərə çatdırdı: “Ölkəmiz hər zaman çətinlik yaradan məsələləri diqqət mərkəzində saxlayıb. Ümumiyyətlə, bir dövlət olaraq, Azərbaycanın müəyyən prinsip və prioritetləri var. Ona görə də biz beynəlxalq müstəvidə öz nüfuzu olan ölkə kimi tanınırıq. Bu səbəbdən əminəm ki, bu dəfə də fəaliyyətimizi ən uğurlu şəkildə nümayiş etdirəcəyik”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər