AZE | RUS | ENG |

“Avropa Şurası böyüklük etməyi bacarmalıdır”

“Avropa Şurası böyüklük etməyi bacarmalıdır”
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fəzail İbrahimli ölkə prezidentinin təşkilatla bağlı mövqeyini hamı tərəfindən dəstəkləməli olduğunu deyir

Avropa Şurasının və beynəlxalq təşkilatların Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı qərarlara münasibəti beynəlxalq təşkilatların region dövlətlərinə münasibətdəki ikili standartlarını bir daha əyani şəkildə nümayiş etdirdi. Ramil Səfərovun əfvinə qısa müddət ərzində reaksiya verən Avropa Şurası bu hadisələrlə bağlı Azərbaycanın xaricdəki diplomatik korpuslarının təmsilçilərini terrorla hədələyən erməni terror təşkilatı ASALA-nın təhdidlərinə heç bir reaksiya vermədi. Bütün bunları əsas tutan prezident İlham Əliyev də Avropa Şurasının tutduğu mövqeyi kəskin formada tənqid etdi. Ölkə prezidentinin bu məsələ ilə bağlı mövqeyi ictimaiyyət tərəfindən də dəstəklənir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Fəzail İbrahimli də hesab edir ki, ölkənin hər bir vətəndaşı bu mövqeyi
bölüşməlidir.

- Biz Avropa Şurasına daxil olan zaman hər iki tərəf öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərə əsasən Avropa Şurasının və Azərbaycanın hüquqları və vəzifələri var. Maraqlıdır ki, Avropa Şurası Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin icrasını çox həssaslıqla tələb edir. Bizim hərəkətlərimizi addımbaaddım izləyirlər. Bəzən radikal formada, bəzən lazım olandan da artıq surətdə bizdən öhdəliklərimizin icrasını tələb edirlər. Vəziyyəti nəzərə almadan müəyyən addımların sürətlə atılmasını istəyirlər. Amma öz prinsipləri ilə bağlı məsələdə yanaşmada biz bunu müşahidə etmirik. Məsələn, şuraya üzv olan Azərbaycanın torpaqlarının işğalı ilə bağlı məsələdə kifayət qədər səbirli, təmkinli, bir az da laqeyd münasibət bəsləyirlər. Bəzən isə qəbul etdikləri qərarların icrasında prinsipiallıq nümayiş etdirmirlər. Obyektivlik naminə qeyd edim ki, AŞ PA İslam Konfransı Təşkilatından sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real həqiqətləri özündə əks etdirən qətnamə qəbul edən azsaylı beynəlxalq təşkilatlardandır. Qəbul edilən qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi öz əksini tapıb. Ancaq biz Avropa Şurasının işğalçıya münasibətində bu sənədin tətbiqini görmürük. Ermənistana qarşı münasibətdə çox soyuqqanlı davranılır, “işğal etdiyin əraziləri tərk etməlisən” tələbi qoyulmur. Ermənistana işğala son qoyması üçün hər hansı sanksiyanın tətbiq olunması tələbi səsləndirilmir. Buna görə də işğalçı Ermənistan özünü çox rahat hiss edir. Bu ölkənin təmsilçiləri hələ utanmadan AŞ PA-nın tribunasından istifadə edib insan hüquqlarından, azadlıqlarından danışır. Parlamenti gülləborana məruz qalan bir ölkənin deputatları avropalılara demokratiya dərsi keçirlər. Prezident seçkilərinin nəticələrinə etiraz edən vətəndaşlarını qətlə yetirən dövlətin hakimiyyətinə qarşı heç bir ciddi addım atılmır. Amma Ermənistanda siyasi məhbus məsələsi ilə bağlı AŞ PA-da konkret tələblər qoyulmur. Ramil Səfərovun məsələsi ilə bağlı Ermənistanın maskası artıq tam şəkildə cırıldı. Bütün dünya terrorizmə qarşı mübarizə apardığı bir dövrdə Ermənistan Azərbaycanla terror dili ilə danışmağa başladı, ASALA-nın məlum bəyanatı ortaya çıxdı. Amma sirkə nə qədər tünd olursa, öz qabanı yandırır. Bu baxımdan hesab edirəm ki, Avropa Şurasının məsələlərə baxışında mütləq dəyişiklik olmalıdır. Torpaqları işğal olunan, daim demokratikləşmə sistemində addımlar atan, islahatlar keçirən Azərbaycanla bütün bunların heç birini etməyən Ermənistana münasibətdə ikili standartlardan əl çəkilməlidir. Biz bunu AŞ PA-dakı çıxışlarımızda da daim qeyd edirik. Bu iradımızı bu günlərdə Azərbaycanda səfərdə olan ATƏT-ə üzv olan ölkələrin səfirləri ilə parlamentdə keçirdiyimiz görüşlərdə də səsləndirdik. Mən orda da açıq şəkildə dedim ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərinizi konkretləşdirməmişsiniz, bu, sizin öz imicinizə xələl gətirəcək. Münaqişənin həlli ilə bağlı vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərindən heç biri hələ də Ermənistanı açıq şəkildə təcavüzkar kimi tanımır. Belə olan halda Minsk qrupu Azərbaycan torpaqlarının işğaldan təmizlənməsində hansı rol oynaya bilər? Avropa Şurası da ATƏT kimi. Bunlar yalnız öz işlərini Azərbaycanı danlamaqla, tövsiyələr verməklə bitmiş hesab edir. Baxın, Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri var. Tez-tez ölkəmizə səfər edirlər. Səfərləri zamanı tez-tez Azərbaycanın cəzaçəkmə müəssisələrinə baş çəkib orda saxlanılan məhbusların yataq ağlarının təmiz olub-olmaması ilə maraqlanırlar. Cinayət törətmiş, xuliqanlıq etmiş, adam öldürmüş şəxslərin hüquqlarının qorunması ilə maraqlanırlar, amma söhbət Ermənistan tərəfindən didərgin salınmış bir milyondan artıq qaçqına gələndə hər şeyi qulaqardına vururlar. Sən ədalətdən danışırsansa, bir milyondan artıq qaçqının taleyini arxa plana keçirə bilməzsən, bundan da danışmalısan. Avropa Şurasına üzv dövlətlər sözgəlişi «Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq» deməklə işlərini bitmiş sayırlar. Hələ gəl, bunu da tanıma… Bəzən də minnət qoyurlar. Bu baxımdan ölkə prezidentinin Avropa Şurası ilə bağlı kəskin mövqeyini hər bir Azərbaycan vətəndaşı dəstəkləməlidir.

- Bir şeyə diqqət yetirsək, Avropa Şurası Ramil Səfərovun əfvinə dərhal reaksiya verdi, amma ermənilərin terror təhdidinə bu günə qədər də münasibət bildirilməyib. Bunun səbəbi nədir: xristian təəssübkeşliyi, yoxsa….
- Əlbəttə ki, burada xristian təəssübkeşliyinin də təsiri var. Ermənistan bir növ xristian dünyasının qucağına atılıb. Burada dünyanın müxtəlif ölkələrindəki erməni lobbilərinin pulları da böyük rol oynayır. Açıq demək lazımdır ki, erməni lobbisinin pulu ilə deputat seçilib, Avropa Şurasına gəlib çıxan xeyli sayda deputat var. Bu adamlar həmişə Ermənistana pullu nökərlik edirlər. Bu kimi hadisələr olanda da dərhal ortaya mövqe qoyurlar. Danışmağa nə var ki? Pullarını alıblar, danışırlar. Erməni lobbisinin pulu ilə deputat seçilib AŞ PA-nın yolunu tutanlar təbii ki, yeri gələndə Ermənistanın mövqeyini müdafiə edən açıqlamalar verəcəklər. Onlar başqa cür edə bilməzlər.

- Bəs gələcəkdə Azərbaycan Avropa Şurası ilə bu kimi məsələlərin tənzimlənməsi üçün hansı addımları atmalıdır?
- Bütün baş verənlərə baxmayaraq Azərbaycan Avropa ailəsinin bir üzvüdür. Avropa Şurası isə bu ailənin böyüyüdür. Əgər ailənin böyüyü ailə üzvlərinin arasında ayrı-seçkilik salırsa, nümunəvi davrananla özünü yaxşı aparmayan övlad arasında fərq qoya bilmirsə, bu, ilk növbədə onun özünü hörmətdən salır. Azərbaycan da bunu Avropa Şurasının rəhbərlərinə çatdırmalıdır. Avropa Şurası bütün məsələlərə yanaşmada ədalətli mövqedən çıxış etməyə çalışmalıdır. Azərbaycan Avropa Şurasına daxil olubsa, bu, səhərdən axşama bizi danlamağa əsas vermir. Hər şey qarşılıqlı olmalıdır. Azərbaycan təşkilatın ədalətli, beynəlxalq hüquq normalarına uyğun addımlarını görərsə, bizdən də nəsə tələb etmək olar. Hər kəs öz hüquq və vəzifələrinə sadiq olmalıdır.

İlham QULİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991