• cümə axşamı, 25 aprel, 19:26
  • Baku Bakı 21°C

Avropa “Şimal axını-2” layihəsindən qorxur

11.04.17 10:00 814
Avropa “Şimal axını-2” layihəsindən qorxur
Qərbdə əməlli-başlı fikir ayrılıqlarına və ziddiyyətlərə səbəb olan "Şimal axını-2” ilə bağlı gərginlik davam edir. Polşa, Baltik ölkələri və s. əvvəlki tək layihənin reallaşmasına qarşı çıxır, onun reallaşmasını mümkünsüz hesab edirlər. Başda Almaniya olmaqla isə bir qrup Avropa dövləti isə layihənin reallaşmasını zəruri sayır.
Bu yaxınlarda isə Avropa İttifaqına üzv olan səkkiz ölkə "Şimal axını-2” qaz layihəsinə qarşı çıxıb. Bununla bağlı müvafiq məktub Avropa Komissiyasının sədri Jan-Klod Yunkerə göndərilib.
Qeyd edək ki, ötən ilin sonunda bir sıra Avropa İttifaqına üzv ölkələr də Brüsselə eyni çağırış etmişdilər. Müraciətdə qeyd olunurdu ki, "Şimal axını-2” layihəsi Rusiya qazından asılılığı artıracaq, Avropa İttifaqı və Mərkəzi Avropa ölkələrinin enerji təhlükəsizliyini zəiflədəcək. Bu isə nəticədə Ukraynada vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq.Lakin görünən odur ki, deyəsən, Almaniya digər ölkələrin müqavimətini qırıb layihəni reallaşdırmağa müvəffəq olub. Son məlumatlara görə, hazırda "Şimal axını”nın genişləndirilməsi prosesi gedir. Lakin Qərb mətbuatı əvvəlki tək layihənin Avropa üçün gərəkli olub-olmadığını qabartmağa çalışır. Məsələn, nüfuzlu "Handelsblatt” qəzeti "Avropaya Baltik dənizi ilə çəkiləcək yeni qaz kəməri gərəkdirmi?” sualı ilə çıxış edib. "Qazprom” və istismarçılar "bəli” desələr də, ekspertlər əvvəlki tək məsələyə skeptik əhval-ruhiyyədə yanaşıblar. Əleyhdarlar ətraf mühit, landşaft, heyvan və dənizin qorunması məsələsini gündəmə gətirməyə çalışırlar. Qeyd edilir ki, hazırda Almaniyada "Şimal axını-2” layihəsinin reallaşması son mərhələyə daxil olub. Rusiyanın "Qazprom” şirkəti analoji razılığı İsveçrə, Danimarka və Finlandiyadan da almağa çalışır. Gələn il kəmərin özülünün qoyuluşu nəzərdə tutulur, 2019-cu ildə isə kəmərlə ilk qaz Avropaya daxil olmalıdır. Həmin tarixdə Sibirdən Almaniyaya 1,2 min km-lik xətt vasitəsilə qazın nəqlinə başlanılacaq. İlkin mərhələdə kəmərin gücü illik 55 mlrd. kub metr olacaq.
"Şimal axını-2” layihəsi ilə Qərbi Avropanı qazla təmin etmək mümkün olacaq. Ekspertlərin fikirləri isə fərqlidir. Məsələn, Beynəlxalq Enerji Agentliyi (MEA)-nin iqtisadçısı Laslo Varro hesab edir ki, "Şimal axını-2” layihəsi ümumiyyətlə lazım deyil. O, qəzetə açıqlamasında bildirib ki, Avropa və Rusiyanı birləşdirən mövcud infrastruktur Rusiya qazını Avropaya çatdırmaq üçün bəs edir. Varro Avropanın enerji cəhətdən təhlükəsizliyini təmin etmək üçün bu kəmərin inşasını zəruri saymır. Onun sözlərinə görə, Avropa strateji seçim etməlidir. Ekspert hesab edir ki, Rusiyadan qaz kəməri inşa etmək özündə bir sıra riskləri daşıyır. Bu, ən əsası gələcəkdə Rusiyadan qaz asılılığını gücləndirə bilər. "Rusiya hər zaman qaz məsələsindən siyasi təzyiq kimi istifadə edib. Gözümüzün önündə Ukrayna faktoru var. Bu səbəbdən də biz qazın nəqli məsələsində ən müxtəlif marşrutlardan istifadə etməliyik. Bir marşrutdan istifadə bizə gələcəkdə əlavə çətinliklər və problemlər yarada bilər”, - deyə o bildirib.
Qərb ekspertləri hesab edir ki, Rusiyanın Ukraynadan yan keçməklə Avropaya inşa edəcəyi qaz kəməri Qərb üçün yaxşı nəsə vəd etmir. Varşavada yerləşən Şərq Tədqiqatları Mərkəzinin analitiki Şimon Kardas də hesab edir ki, bu il Rusiya-Ukrayna-Avropa İttifaqı üçbucağında qaz böhranının baş vermə ehtimalı güclüdür. Onun sözlərinə görə, Rusiya tərəfi və onun qərb tərəfdaşları "Şimal axını-2” layihəsinin həyata keçirməkdə israrlı görünürlər. Əsas məsələlərdən biri də layihənin maliyyələşməsidir. Əksər ölkələr layihədən imtina edib və nəticədə "Qazprom” "Şimal axını-2” layihəsinin inşası ilə bağlı maliyyələşməni təkbaşına həyata keçirməyə məcbur olub. Məlumata görə, Engie, OMV, Shell, Uniper və Wintershall kimi şirkətlər layihənin maliyyələşməsindən imtina ediblər. Bu səbəbdən "Qazprom” layihənin reallaşdırılmasına 1,75 milyard avro ödəməli olacaq. Bu da planlaşdırılan vəsaitdən iki dəfə çoxdur. Halbuki, Rusiyanın qaz nəhəngi "Şimal axını-2” layihəsinin avropalı tərəfdaşları ilə birgə (50/50) inşa etməyi planlaşdırırdı.
Yeri gəlmişkən, ABŞ-ın yeni administrasiyasının layihəyə münasibəti də maraq doğurur.Bəlli olduğu kimi, ABŞ Maliyyə Nazirliyi 100-dən artıq rus şirkətini "qara siyahı”ya daxil edib. Onların sırasında "Qazprom”un törəmə müəssisələri də var. ABŞ bu layihəni həyata keçirmək əvəzinə, "Trans-Adriatik” (TAP) və Türkiyədən keçən "Trans-Anadolu” (TANAP) kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin icrasının sürətləndirilməsini daha məntiqli hesab etdiyini bəyan edib. Ən maraqlısı isə odur ki, layihə ilə bağlı beynəlxalq konsorsiumun yaradılması planları da pozulub. Polşanın UOKiK antimonopoliya nizamlayıcı şirkəti bəyan edib ki, "Şimal axını-2” layihəsi reallaşarsa, bu, Polşada Rusiyanın monopolist mövqeyini daha da gücləndirmiş olacaq. Bundan sonra Rusiya Polşa şirkəti ilə sazişi dayandırıb. Polşanın çağırışına birdən-birə altı Qərb şirkəti də reaksiya verib. Lakin Rusiya rəsmiləri bəyan edirlər ki, bu, heç də konsorsiumun sonu demək deyil və layihənin reallaşmasına heç nə mane ola bilməz.
Azər
banner

Oxşar Xəbərlər