• cümə, 29 Mart, 00:14
  • Baku Bakı 7°C

Avropa səviyyəsində Azərbaycan nümunəsi

30.06.15 10:18 3237
Avropa səviyyəsində Azərbaycan nümunəsi
İlk Avropa Oyunlarının ölkəmiz üçün çox uğurlu olduğunu deyən mədəniyyət nümayəndələri bağlanış mərasimindən də razı qalıblar

Ölkəmizin həyatında və tarixində əlamətdar hadisə olan “Bakı-2015” Birinci Avropa Oyunlarının iyunun 28-də təntənəli bağlanış mərasimi keçirildi. Açılışı kimi bağlanışı da möhtəşəm olan gecədə xalq artistləri, Azərbaycan mədəniyyətinin inciləri də iştirak edirdi. Onlar bizimlə söhbətlərində Avropa Oyunlarının ölkəmizə gətirdiyi uğurlardan və bağlanış mərasiminin möhtəşəmliyindən danışdılar. Qeyd etdilər ki, avropalılar hələ uzun müddət bu Oyunların təsirindən çıxa bilməyəcəklər.
İlk olaraq xalq artisti Mənsum İbrahimov Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü: “Nəhayət ki, “Bakı-2015” Birinci Avropa Oyunlarını mükəmməl şəkildə bitirdik. Bağlanış mərasimi açılış mərasimini, sözün əsil mənasında tamamladı. Hesab edirəm ki, bu yarışlar Azərbaycan dövlətinin qüdrətinin təntənəsi oldu. Avropa Oyunları bir növ xalqımızın birliyini sübut etdi. Çox zaman deyirdilər ki, bizim əsas problemimiz bir məqsəd uğrunda birləşə bilməməyimizdir. Bu 17 gündə sübut olundu ki, Azərbaycan xalqı bir amal uğrunda birləşməyi, bir olmağı bacarır. Səhnədə hər şey milli üslubda tərtib olunmuşdu. Mənim üçün xoş oldu ki, həm açılışda, həm də bağlanışda ifamda “Qarabağ şikəstəsi” səsləndi. Bundan başqa, Oyunların açılışı ərəfəsində məşəldar olmaq mənim üçün qürurverici hadisə oldu. Deyərdim ki, Avropa Oyunları həm ölkəmizin həyatında, həm də bizim yaddaşımızda böyük izlər qoydu. Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan böyük bir layihəyə imza atdı. Tez-tez televiziya vasitəsilə turistlərin müsahibələrini izləyirdim və eşitdiklərim məni məmnun edirdi. Belə ki, xarici qonaqlarımız burada gördüklərindən çox məmnun idilər. Onlar bizim milli mətbəximizdən, xalqızımın qonaqprvərliyindən, Bakımızın gözəlliyindən ağızdolusu danışırdılar. Bağlanış mərasimində hər şey - “Sarı gəlin” mahnımızın səslənməsi, Simurq quşunun alovlanması, milli rəqslərimizin ahəngi tam dəqiqliklə düşünülmüşdü”.
M.İbrahimov 24 yaşlı gənc bir ölkənin bu yarışlar vasitəsilə nələrə qadir olduğunu dünyaya göstərdiyini bildirdi. Qeyd etdi ki, qısa zaman çərçivəsində ölkəmizin bu qədər inkişaf etməsi prezidentimizin və onun xanımının idmana, mədəniyyətə olan diqqətinin nəticəsidir: “Bu yarışlarda xalqımız da əlindən gələni etməyə çalışdı. Belə ki, yarışlarda könüllülər, nəqliyyat işçiləri mütəşəkkil çalışdılar və xarici vətəndaşların ölkəmizdən məmnun getmələri üçün əllərindən gələni etdilər. Hesab edirəm ki, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanda idmanın inkişafına böyük təkan verəcək. İdmançılarımıza da öz minnətdarlığımı bildirirəm ki, bizi məyus etmədilər. Bu yarışlarda 56 medal qazandıq. Yarışların keçirildiyi idman zallarında hər dəfə himnimiz səslənəndə, ürəyim dağa dönürdü. Bizə elə qələbə yaraşır. Əslində bu çox böyük göstəricidir. Komanda hesabında ikinci olduq. Güman edirəm ki, uzun müddət hər kəs bu hadisədən danışacaq. Bu, avropalıların yaddaşından silinməyəcək. İnşallah, bundan sonra uğurlarımız bol olar”.
Xalq artisti Oyunların keçirildiyi günlərdə - iyunun 18-də “Gəncləşən muğam” layihəsi ilə turistlərin görüşünə gəldiyini, iyunun 20-də isə Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşası ilə çıxış etdiklərini də yada saldı.
Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə də bağlanış mərasimindən ağızdolusu danışdı: “Avropa Oyunlarının bağlanış mərasimində olan atəşfəşanlığı, milli nüanslarımızın göstərilməsini, Simurq quşunun alovlanmasını xüsusilə bəyəndim. Ümumilikdə, Avropa Oyunlarının vətənimizdə keçirilməsi bizim üçün böyük uğurdur, dünyanı heyrətləndirən bir göstəricidir. Bunu rəylərdən də hiss etmək olar. Hər şey mükəmməl və gözoxşayan idi. Şükürlər olsun ki, bu yarışmanı sağ-salamat və ən yüksək səviyyədə bitirdik”.
G.Həsənzadə Oyunların açılış və bağlanış mərasimlərində marağını xüsusi cəlb edən detalları qeyd etməyi də unutmadı: “Mənim üçün ən maraqlı anlar idmançıların paradı olan hissələr idi. Belə ki, idmançıların o arenaya daxil olması, hər kəsin onlara reaksiyası, qarşılanması diqqətimi çəkirdi. Ölkələrin bir-birinə münasibəti, tamaşaçıların onları qarşılaması, idmançıların emosiyaları mənim üçün daha önəmlidir. O ki qaldı mərasimin təşkilatçılığına, ssenari çox gözəl qurulmuşdu. Sevinirəm ki, Azərbaycan bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Ölkəmizə gələn qonaqlar çox razı getdilər. Bu bayram münasibətilə hamını təbrik edirəm. Bu bizim ən böyük uğurumuzdur. Bu yarışmanı həm adımıza layiq, həm də avropalıların zövqünə uyğun şəkildə təqdim etdik. Azərbaycanda keçirilən Oyunlar haqqında xarici telekanalların reportajlarını izlədim. Əslində özümüz haqqında çox söz deyə bilərik. Sevindirici haldır ki, xarici kanallar bizim haqqımızda xoş sözlər deyirlər. Mənim üçün ikinci əsas amil isə Azərbaycan həqiqətlərinin düzgün şəkildə dünyaya çıxarılmasıdır. Xarici ölkələrdə çox olduğum üçün oralarda Azərbaycan haqqında düzgün olmayan, lazımsız xəbərlər eşidirdim. Çox istərdim ki, həqiqət dünyaya çatdırılsın. Əsas odur ki, Azərbaycanı olduğu kimi - mədəniyyətini, qonaqpərvərliyini görsünlər. Bizi olduğumuz kimi tanısınlar, artığını istəmirik. Mənə elə gəlir ki, bu yarış vasitəsilə istədiyimizə nail olduq və yaxın aylarda bunun əks-sədasını da eşidəcəyik”.
Ulduz səfir, aktyor Bəhram Bağırzadə isə bizimlə söhbətində qeyd etdi ki, Avropa Oyunlarının ölkəmizdə keçirilməsi digər ölkələrə nümunə olmalıdır: “9 milyonluq xalqı olan bir ölkə dünyaya göstərdi ki, bayramı necə keçirmək lazımdı və bayram necə olmalıdır. Artıq Avropa Oyunlarının keçirilmə standartı müəyyənləşdirildi. Güman edirəm ki, digər ölkələr də bizdən örnək götürəcək. Avropa Oyunlarından xeyirlərimiz çoxdur. Uşaqlarımız bu yarışlardan sonra valideynlərindən xahiş edəcəklər ki, onları idman növlərinə yazdırsınlar. Bu Oyunlardan sonra gənclərimizin idmana maraqları daha da artdı. Onlar gələcəkdə sağlam xalqa çevriləcək. Sağlam xalqın da sağlam fikirləri olacaq, daha da yüksək zirvələri fəth edəcək. Bütün düya bizim qələbələrimizi izləyəcək”.
B.Bağırzadə bağlanış mərasimi ilə bağlı fikirlərini də bölüşdü: “Bağlanış mərasiminə gəlincə, hər bir şey yüksək səviyyədə idi”.
Xalq artisti Ramiz Novruz bağlanış mərasimindən çox təsirləndiyini gizlətmədi: “Hər bir Azərbaycan vətəndaşı kimi, biz də əlimizdən gələni etməyə çalışırdıq. Teatrda Avropa Oyunları dövründə tamaşalar qoyurduq. Buna görə də idman yarışlarını televiziya vasitəsilə izlədim. Yalnız bir dəfə boks yarışlarına baxmağa getmişəm. Teatrda iyunun 28-də “Yaşlı xanımın gəlişi” və “Silindr” tamaşalarını təqdim etdik. Səhnə əsərlərimiz xarici qonaqlar üçün ingilis dilində subtitr vasitəsilə tərcümə edilirdi. Teatrımıza gələn qonaqlar sırasında gürcülər, italyanlar vardı. İnanın ki, idmançılarımızı izləyəndə qürur duyurdum. Əlavə edim ki, Avropa Oyunlarında mən də iştirak edəcəkdim, səsimi yoxlamışdılar. Sadəcə, sonra dedilər ki, gənc lazımdır və cavan oğlanı seçdilər. Möhtəşəm açılış və bağlanış mərasimi oldu. İdmançılarımız yüksək nəticə, Rusiyadan sonra ikinci yer əldə etdilər. Amma mən Azərbaycanı birinci kimi qəbul edirəm. Çünki bizdə üzgüçülük, akrobatika kimi idman növləri çox inkişaf etməyib və ona görə Rusiyanın medalları daha çox oldu. Yaxın günlərdə məndən soruşdular ki, sizin üçün bu ilin ən dəyərli sözü hansıdır. Qeyd etdim ki, prezidentimizin qızıl medal alanlara dediyi “oğulsan” və əsgərin komandirə “vur komandir, vur” sözləri ilin ən dəyərli sözləri oldu. Çox fərəh hissi keçirdik ki, Azərbaycan qısa vaxt ərzində İlk Avropa Oyunlarının öhdəsindən yüksək səviyyədə gəldi. Mənə elə gəlir ki, burada hər bir vətəndaşın payı, əməyi var. Beləliklə, hər bir insan bir daha vətəpərvərliyini göstərdi. İstər ölkəmizə gələn qonaqların qarşılanmasında, istərsə də gündəlik davranışında azərbaycanlılar öz yüksək mədəniyyətlərini göstərdilər”.
Xalq artisti onu da bildirdi ki, Azərbaycan müsəlman dövlətidir dedikdə, bəzi ölkələrdə insanların ağlına dərhal əfqanlar, fələstinlilər gəlirdi: “Amma o adamlar Avropa Oyunlarının sayəsində gəlib insanlarımızı, ölkəmizi gördülər və bildilər ki, xalqımız yüksək səviyyədə inkişaf etmiş millətdir”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər