• şənbə, 20 Aprel, 02:43
  • Baku Bakı 15°C

Avropa səhv miqrant siyasətinin acı fəsadlarını yaşayır

06.04.17 10:00 972
Avropa səhv miqrant siyasətinin acı fəsadlarını yaşayır
Avropa İttifaqının qaçqınlarla bağlı yürütdüyü siyasət iflasa səbəb olub. Danimarkanın nüfuzlu "Politiken” qəzetində miqrasiya, xüsusən də qeyri-leqal miqrasiya və insan qaçaqmalçılığı məsələləri üzrə ekspert kimi tanınan Morten Lisborq yazır ki, Avropa İttifaqının (Aİ) dağılmasının qarşısının alınması üçün aparılan ənənəvi siyasət dəyişdirilməlidir. Müəllif yazır ki, qaçqın və miqrantlarla bağlı yaşanan böhran Aİ daxilində əməkdaşlığı əməlli-başlı silkələyib.
Onun qənaətincə, bu böhran Avropaya qarşı miqrasiya təzyiqinin hələ başlanğıcıdır və getdikcə dərinləşəcək: "Mövcud sığınacaq verilməsi qaydaları dəyişmədən çoxsaylı problemlərin həllini tapmaq mümkün olmayacaq. Əgər Aİ öz daxilində islahatlara getməsə, bu, ümumi təhlükəsizliyə, qurum daxilində əməkdaşlıq və sabitliyə ciddi zərbə vurmuş olacaq”. Məqalədə qeyd edilir ki, tək ötən il 181 min miqrant Şimali Afrikadan Cənubi Avropa sahillərinə doğru təhlükəli səfərə yollanıb və onların 90 faizi Liviyadan keçib. "Bu, 2015-ci illə müqayisədə rekord göstərici idi. Həmin miqrantların 5 mini boğulub. Saheldən Cənubi Liviyaya gedən insanların nə qədərinin yolda öldüyü isə bəlli deyil. Bu ilin göstəricilərinin necə olacağı isə hələ ki, bəlli deyil. Çox güman ki, bu il də miqrant axını ilə bağlı rəqəm əvvəlki həddə olacaq”, - deyə müəllif yazır.
Onun sözlərinə görə, Liviyada insan qaçaqmalçılığı gəlirli sahədir - hər il kriminal şəbəkələrə, ola bilsin, terror təşkilatlarına milyardlarla kron gəlir gətirir. "Liviyada insan qaçaqmalçılığı ilə bağlı ən irimiqyaslı əməliyyat ötən il Sabrata şəhərində keçirilib. Bu şəhər uzun illər idi ki, qaçaqmalçılar üçün əlverişli yer sayılırdı. Rəsmi Tripolinin bu yerlərə nəzarət etmək imkanı belə yoxdur. Tək ötən ilin 29 avqustunda qaçaqmalçılar buradan 7 minə yaxın miqrantı 54 gəmidə Avropaya yollayıblar. Orada boğulmaq təhlükəsi ilə üzləşən insanları NATO gəmiləri xilas etmişdilər. 2015-ci ilin aprelində 700 miqrantın boğulmasından sonra Aİ üzvləri qərara aldılar ki, ilk növbədə Liviyada insan qaçaqmalçılarına qarşı mübarizəyə başlasınlar. Bu da Aİ-nin "Sofiya əməliyyatı” adlı hərbi missiyasının başlanmasına səbəb oldu. Məqsəd də insan qaçaqmalçılığı ilə məşğul olan gəmilərin məhv edilməsi, bu cinayətlərin arxasında duran qüvvələrin cinayət məsuliyyətinə cəlb edilməsi idi”, - deyə məqalə müəllifi yazır. Onun qənaətincə, həddən artıq ambisioz layihə olan "Sofiya əməliyyatı”nın büdcəsi il ərzində 12 mln. avro təşkil edir.
Daha sonra qeyd edilir ki, miqrantları daşıyan qaçaqmalçı gəmilərin məhv edilməsi əvəzinə, diqqət miqrantların xilas edilməsinə yönəlib. "Frontex”in hesablamalarına görə, bir miqrant Aralıq dənizi ilə "səyahət” üçün 1000-1500 dollar ödəyir. Bununla da təkcə 2016-cı ilin 29 avqustunda kriminal dairələr 59 mln. kron qazanıblar. NATO-nun ötən il üçün hesabatında Liviya qaçaqmalçılarının il ərzində 2,4 mlrd. kron qazandıqları əks olunub. Aİ dövlətləri rəhbərlərinin ötən ayın əvvəlində Maltada keçirilən toplantısında yeni planın həyata keçirilməsi barədə razılıq əldə olunub. Bunun da məqsədi Liviyadan Avropaya gedən beynəlxalq qaçaqmalçılığa son qoyulması və Liviyadan Avropaya miqrasiyanın azaldılmasıdır.
Məqalədə qeyd edilir ki, Aİ-nin planı Türkiyə ilə 2016-cı ildə imzalanan sazişlə daban-dabana ziddir. Bu plan praktiki olaraq yüz minlərlə insanın (əsasən Yaxın Şərqdən, eləcə də Afrika və Cənubi Asiya ölkələri) qeyri-qanuni olaraq Türkiyədən Yunanıstana getmələrini nəzərdə tutan Balkan marşrutuna son qoyur. Plan əsasən Liviya hökumətinə dəstəyi nəzərdə tutur. Hələ ki Aİ Liviyaya ilkin olaraq layihələrin dəstəklənməsi üçün 200 mln. avro dəstək vəd edib. Lakin bu planın da baş tutacağına böyük şübhələr var. Ən əsası, Liviyada siyasi proseslərin necə olacağı bəlli deyil. Hazırkı rəhbərlik BMT və Aİ tərəfindən dəstəklənsə də, çox zəifdir, hətta bəzi yerlərdə real hakimiyyətə malik deyil. Həmin yerlərə nəzarət terror təşkilatları və ayrı-ayrı yaraqlı qruplar tərəfindən həyata keçirilir.
Sonda gəlinən nəticə budur ki, qaçqın və miqrantlarla bağlı böhran Avropa İttifaqı üçün ciddi sınağa çevrilib. "Şengen əməkdaşlığı və sərhədsiz Avropa dağıntılar altındadır - Avropada hər yerdə daxili və milli sərhədlər yaranır. Miqrantlara sərt yanaşma tərəfdarı olan millətçi və ultrasağ yönümlü partiyalar ciddi uğurlar əldə edir. Onların qələbəsi isə onsuz da kövrək olan Avropa əməkdaşlığını təhlükə altına ala bilər. İndiki mövcud sığınacaq sistemi çox bahalı, qeyri-mükəmməl və effektivsizdir. Bu sistem gələcəkdə qaçqın və miqrantlarla bağlı yaşana biləcək böhranları aradan qaldırmaq iqtidarında deyil. Kölndə yerləşən İqtisadi Tədqiqatlar Mərkəzi hesablayıb ki, sığınacaq istəyən qaçqın və miqrantların xərcləri Almaniyada tək 2016-2017-ci illər üçün il ərzində 50 mlrd. avro təşkil edəcək. Əksər mərkəzlər də bu rəqəmlə razılaşırlar. İsveçdə isə 2020-ci ilə kimi bu rəqəmin 6,1 mlrd. avroya çatacağı ehtimal edilir.
İqtisadi xərclərlə yanaşı, başqa problemlər də üzə çıxır. Bəlli olur ki, "yox” cavabı verilən miqrantları geri qaytarmaq da problemdir. Onlara "yox” cavabı verilir və bildirilir ki, 10 gün ərzində ölkəni tərk etməlidirlər. Onlar isə bu müddət ərzində nəinki ölkələrinə qayıdır, əksinə, başqa ölkələrin ərazisinə daxil olur və əlavə problemlər yaradırlar. Tək ötən il deportasiya barədə 305 qərar qəbul olunub. Onların böyük əksəriyyəti geri qayıtmayıb. Özü də tək bir miqrantın deportasiyası 4 min avroya başa gəlir. 2000-ci ildən bəri Ai ölkələri rədd cavabı verilən miqrantların geri qaytarılmasına 11 mlrd. avro sərf ediblər. Çıxış yolu kimi Aİ ölkələrinin bir mövqedən çıxış etməsi göstərilib.
Azər
banner

Oxşar Xəbərlər