• çərşənbə, 24 Aprel, 01:33
  • Baku Bakı 14°C

“Avropa Parlamentinin qərarı qərəzlidir”

17.04.15 05:41 936
“Avropa Parlamentinin qərarı qərəzlidir”
Avropa Parlamentinin Brüsseldə keçirilən plenar iclasında müzakirə olunan qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsi səsə qoyularaq qəbul edilib və Avropadakı vətəndaş cəmiyyətləri, parlamentarilər, assosiasiyalar, mətbuat nümayəndələri, Avropa Komissiyası, Avropa Birliyi Şurası və Avropa Parlamenti Ümümavropa anım mərasimini qeyd etməyə səslənilib.
Qətnamənin qəbulu isə Türkiyə kimi Azərbaycanda da kəskin etirazla qarşılanıb. Millət vəkilləri bunun qanunsuz əməl olduğunu bildirərək, sırf erməni təəssübkeşliyindən irəli gələn addım olduğunu deyirlər.
Millət vəkili Elman Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, Avropa Parlamenti belə bir qərar qəbul etməmişdən əvvəl o qərara səs verən deputatların məxsus olduğu dövlətlərin keçmişinə nəzər salsın: “Ərəb dünyasında törətdikləri soyqırımları, kütləvi qırğınları yadlarına salsınlar. Öz tarixlərinə baxıb xəcalət çəksinlər. Ondan sonra bu mövqeyi göstərsinlər. Türkiyə neçə illərdir deyir ki, bizim arxivlərimiz hər kəs üçün açıqdır. Siz də arxivlərinizi açın. Ermənistan, Rusiya və həmin Avropa ölkələri də öz arxivlərini açsın, görək oradan nə çıxacaq. Arxivlərdən çıxan o olacaqdır ki, həmin Avropa dövlətlərinin təlimatları, təminatları ilə ermənilər Türkiyə ərazisində türklərə qarşı soyqırımı törədiblər. Həmin dövrdə türklərə qarşı soyqırımı törədilib. Türkiyə ərazisində köməksiz qalmış dinc insanları, qadınları, qocaları, uşaqları ermənilər qırıblar. Bu, tarixçilərin araşdırmalı olduğu məsələdir. Bu, siyasət məsələsi deyil”.
Deputat Rövşən Rzayev hesab edir ki, Avropa ölkələri “erməni soyqırımı”nın baş vermədiyini gözəl bilirlər: “Bu, Avropa Parlamentinin birmənalı düşüncəsi demək deyil. Bu, erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Tarixi yalanlar, uydurmalar, erməni hiyləsi, erməni siyasətinin yalan üstündə qurulan siyasətinin apardığı fəaliyyətin nəticəsidir. Avropa Parlamentinin deputatları özləri düşünməlidirlər ki, ciddi məsələlərə belə qeyri-ciddi yanaşırlar və belə qərarlar çıxardırlar. Amma bunu ciddi bir məsələ kimi qəbul etmirəm. Çünki bu, həqiqətdən tamamilə uzaqdır”.
Tarixçi deputat Musa Qasımlı bildirib ki, Avropa Parlamentinin belə bir qərar qəbul etməsi tarixi gerçəkliyi əks etdirmir, sırf siyasi məqsədlər güdür: “Hər şeydən əvvəl ona görə ki, Avropa Parlamenti 100 il bundan əvvəl olmayan bir hadisəni tarixçi funksiyasını öz üzərinə götürərək qiymətləndirir. Belə yanaşma tamamilə səhvdir. Yüz il bundan əvvəl erməni soyqırımı deyilən bir şey olmayıb. Avropa Parlamentinin belə bir məsuliyyəti öz üzərinə götürməsi təkcə yalnış deyil, eyni zamanda, Avropa demokratiyasına olan inamı sarsıdır. Belə qərarların qəbul edilməsi Avropa demokratiyasına olan şübhələri daha da artırır”.
Deputat Fuad Muradov da Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən bildirib ki, burada məqsəd Azərbaycan və Türkiyənin yerləşdiyi regionu gərginlikdə saxlamaqdır: “Təəssüf ki, Avropa Parlamenti son illər ara qızışdırmaq, sülhün bərqərar olmasına maneə törətmək, heç bir əsası olmayan məsələləri gündəmə gətirməklə, onsuz da mürəkkəb olan geosiyasi vəziyyəti gərginləşdirməklə məşğuldur. Bir il bundan əvvəl istər “Avronest” Parlament Assambleyasında, istərsə də Avropanın digər qurumlarında ermənilərin belə bir fikri var idi ki, qondarma soyqırımının 100 illiyi ilə bağlı tədbirlər keçirsinlər. Biz isə Avropa deputatlarına öz fikirlərimizi bildirdik. Dedik ki, Xocalı faciəsi, 1 milyon qaçqın və məcburi köçkünün olması, Ermənistanın ikiüzlü siyasətini bir kənara qoyaraq, siz tarixi bəlli olmayan bir məsələni qabardırsınız”.
Millət vəkili Azay Quliyev isə deyib ki, avropalı deputatların bu qərarı qərəzlidir və tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil: “Avropa Parlamentinin bəzi üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu qətnaməni qəbul etdiklərini deyirlər. O zaman onlardan soruşmaq lazım, 23 il əvvəl hamının gözü qarşısında baş vermiş və aydın və dəqiq faktlarla sübuta yetirilmiş, eyni zamanda, Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən etiraf edilmiş Xocalı soyqırımı haqqında Avropa Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Yaxud BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi sanksiyalar qəbul edəcək? Əgər Avropa Parlamenti az da olsa ədalətlilik və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda dediyim qətnamələri qəbul edərək, özünün qərəzli olmadığını sübut etməlidir. Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi? İnanmaq çox çətindir”.
H.Əsgər
banner

Oxşar Xəbərlər