• çərşənbə axşamı, 16 aprel, 13:13
  • Baku Bakı 19°C

Avropa Parlamentindən Ermənistana ağır zərbə

12.06.20 17:42 6983
Avropa Parlamentindən Ermənistana ağır zərbə
Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək göstərir ki, işğalçı ölkənin mövcud status-kvonu legitimləşdirmək cəhdləri əbəsdir
İyunun 10-da Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar. Avropa Parlamentinin saytında yerləşdirilən bəyanatda bu qərarın Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi və bunun beynəlxalq hüququn pozulması olduğu qeyd edilib.Sənədin müəllifləri ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyi bir daha bəyan ediblər. Onlar bu vasitəçiliyin uğur qazanması üçün Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırıblar.Belə bir bəyanatın qəbul olunması bir daha onu göstərir ki, Avropa institutları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəkləyirlər.


Təcavüzkara təzyiq göstərilməlidir

İlk növbədə ondan başlayaq ki, sözügedən bəyanatda "Azərbaycanın işğal altında olan əraziləri” ifadəsi işlədilib. Bu da Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunması deməkdir. Bəyanat Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyət həyata keçirildiyini göstərir, infrastrukturu dəyişdirmək cəhdlərinin yolverilməzliyini diqqətə çatdırır. Avropa təsisatları, beynəlxalq ictimaiyyət artıq görür və əmindirlər ki, Ermənistan infrastrukturu dəyişdirməyə cəhd göstərməklə və qeyri-qanuni məskunlaşdırma həyata keçirməklə işğalın nəticələrini qanuniləşdirmək istəyir. Qeyd olunan bəyanatda tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır.


Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyyatlar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs-mütənasib olduğunu müşahidə edir. Belə olan halda, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın qeyri-qanuni əməllərinə münasibət bildirməli, işğalçını öz adı ilə çağırmalı, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin qeyd-şərtsiz yerinə yetirilməsini təmin etməlidirlər. Beynəlxalq ictimaiyyət, xüsusən də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, bilavasitə münaqişənin sülh yolu ilə nizamlanmasına məsul olan həmsədr ölkələr ədalətin öz yerini tapması üçün işğalçı Ermənistana təzyiq göstərməlidirlər.


Aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib ki, Avropa Parlamentinin hər üç Cənubi Qafqaz respublikası üzrə Parlament Əməkdaşlıq Komitəsinin birgə bəyanatı hər şeydən öncə bu təşkilatın beynəlxalq hüquqa və bu hüquqda təsbit edilmiş dövlətlərin ərazi bütövlüyü prinsipinə obyektiv, ədalətli yanaşması kimi başa düşülməlidir. Deputatın sözlərinə görə, bu mövqe həm də digər beynəlxalq təşkilatlar,ilk növbədə ATƏT-in Minsk Qrupu üçün nümunə olmalıdır.Millət vəkili qeyd edib ki,Ermənistanəgər yeni nəqliyyat kommunikasiyası yaratmaqla işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirərək,beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq istəyirsə,kökündən səhv edir. Çünki Azərbaycan buna heç vaxt yol verməyəcək və öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun,mütləq bərpa edəcək: "Məsələ ondadır ki, işğalçı Ermənistan regionda işğalçılıq siyasətini davam etdirməklə bərabər, həm də mövcud nəqliyyat-kommunikasiya xəritəsini dəyişməyə cəhd göstərir. Bunun üçün isə işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir.Bu cür davranış əsla qəbul edilə bilməz. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin bəyanatında da bu məsələ önə çəkilərək Azərbaycanın ərazi bütövlüyünə vurğu edilir. Eyni zamanda,bəyanatda problemin sülh yolu ilə həll edilməsi çağırışı da var ki, bu da hazırda ən aktual məsələdir. Azərbaycan öz torpaqlarının bundan sonra da uzun müddət işğal altında qalmasına əsla dözməyəcəkvə mütləq qətiyyətli addımlar atacaq. Nəticəni isə proqnozlaşdırmaq o qədər də çətin deyil. Çünki hamıya yaxşı məlum olan Aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var. Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır”.


Ermənistanın daha çox zərbə aldığının şahidi olacağıq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev isə Parlament Əməkdaşlıq Komitəsinin birgə bəyanatında qeyd olunan fikirləri Ermənistan hakimiyyətinə ciddi xəbərdarlıq kimi qiymətləndirib. Sözügedən bəyanatı müsbət sənəd adlandıran millət vəkili qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə təkan verəcək:"Bəyanatı təhlil etsək, görərik ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti yaxından izlənilir. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırışın əks olunması,sözügedən magistral yolun inşası qərarının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilməsi və bunun beynəlxalq hüququn pozulması kimi göstərilməsi, bu addımın Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilməsi və bunun etimad, sülh və barışıq mühiti yaratmağa kömək etməməsinin qeyd olunması Ermənistan hakimiyyətinin münaqişənin həllində qeyri-konstruktiv mövqeyini göstərir. Ermənistan indiyə qədər müxtəlif vasitələrlə beynəlxalq təşkilatları aldatmağa cəhd göstərib. Təəssüflər olsun ki, bəzi hallarda buna nail olunub. Hazırkı məqamda isə Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti nəticəsində Ermənistanın bu yalanları ifşa olunur. Hesab edirəm ki, bu proses davamlı olacaq və biz Ermənistanın daha çox zərbə aldığının şahidi olacağıq”.
Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər