• cümə axşamı, 28 mart, 14:37
  • Baku Bakı 16°C

Avropa Parlamenti qondarma “DQR”çilərin arzusunu gözündə qoydu

17.10.14 13:14 1112
Avropa Parlamenti qondarma “DQR”çilərin arzusunu gözündə qoydu
Bu gün Milli Məclisin iclası olub.
İclasda millət vəkili Qənirə Paşayevə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun qəbul edilməsini təklif edib
APA-nın məlumatına görə, millət vəkili belə bir qanun layihəsinin Gürcüstanda qəbul edildiyini xatırladıb.
Q. Paşayeva deyib ki, qanunda Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən şəxslərin, şirkətlərin nümayəndələrinin, əcnəbi parlamentarların Azərbaycana səfərinə qadağa qoyulması əksini tapmalıdır. O, Avropa Parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası” ilə dostluq qrupu yaradılmasının fonunda bu məsələnin aktuallıq kəsb etdiyini bildirib.
Fazil Mustafa da Avropa Parlamentində Dağlıq Qarabağ separatçı rejimi ilə dostluq qrupunun yaradılması məsələsinə toxunub. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Rövşən Rzayevin fəaliyyətini təqdir edən F. Mustafa belə qərarların qəbulunun qarşısının alınması istiqamətində millət vəkillərinin səylərini artırmasını zəruri sayıb.
Sədr Oqtay Əsədov isə qeyd edib ki, Avropa Parlamentinin separatçı qurumla dostluq qrupu yaratması barədə məlumat yalnız erməni mətbuatında çıxıb: “Mən tapşırıq verdim, yoxladılar, rəsmi olaraq belə bir qərar yayımlanmayıb. Avropa Parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası” ilə dostluq qrupu yaradılması barədə qərar qəbul edilməyib”.
O. Əsədov hazırda dünyada ədalət prinsipinin itdiyini vurğulayıb: “Dağlıq Qarabağ məsələsi də hər dəfə hansısa dövlət və ya təşkilat tərəfindən oyuncaq kimi istifadə olunur. Biz millət vəkili Rövşən Rzayevə imkan veririk, beynəlxalq qurumlarda Dağlıq Qarabağ icmasının təmsilçisi kimi çıxış edir. Rövşən Rzayev fəallığı artırmalıdır”.
Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ermənilər tərəfindən müəyyən təşəbbüslər ola biləcəyini, ancaq Avropa Parlamentində “DQR”lə dostluq qrupu yaradılmasının mümkün olmadığını söyləyib. O, Ermənistan nümayəndə heyətinin Avropa Şurasının Dağlıq Qarabağla bağlı təyin etdiyi məruzəçi ilə işləməyəcəyini bəyan etdiyini xatırladıb: “Əgər Ermənistan belə addım atacaqsa, işğalçı mahiyyətini ortaya qoyacaq. Bu gün Avropa Şurasının deputatları əksər hallarda Azərbaycanın mövqeyini dəstəkləyirlər. Ona görə də ermənilər və Azərbaycanın əleyhinə olan qüvvələr Azərbaycanda insan haqları məsələsini qabartmağa çalışırlar. Azərbaycanda qaçqın və məcburi köçkünlər haqqında danışmamaq, bir-iki insan və qruplar barədə danışmaq qəbuledilməzdir. Erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı belə təzyiq cəhdləri olur. Bu gün Azərbaycanın mövqeyi kifayət qədər güclüdür və belə cəhdlərin qarşısını almağa qadirik”.
O. Əsədov və S. Seyidov çıxışlarında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin son qərarında Azərbaycanın separatizmdən əziyyət çəkən ölkələr sırasında yer almasının mühüm məqam olduğunu vurğulayıblar.
banner

Oxşar Xəbərlər