• cümə, 29 Mart, 15:38
  • Baku Bakı 14°C

Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminəm – Şou-biznes

12.06.15 10:48 2379
Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminəm – Şou-biznes
“Gənclik qəzeti”-nin bu həftəki qonağı gənclərin sevimli müğənnisi Ayan Babakişiyevadır. İfaçı bizimlə söhbətində bu gün başlayacaq Birinci Avropa Oyunlarından, gənc ifaçıların cəmiyyətdəki nüfuzundan və Azislə olan konsertindən danışdı.
- Ayan xanım, bu gün axşam paytaxtımızda “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasimi baş tutacaq. Ölkəmizdə keçirilən bu mötəbər yarışla bağlı fikirlərinizi öyrənmək istərdik.

- Mən də bir Azərbaycan vətəndaşı kimi, ölkəmizdə baş tutacaq Avropa Oyunlarını dəstəkləyirəm. Nə xoş bizə ki, bu yarışmanın ilki elə bizim ölkədə həyata keçir. Bu ölkənin bir nümayəndəsi kimi ölkəmizin hər bir uğuruna yalnız sevinə bilərik. Oyunların başlamasını səbirsizliklə gözləyirik. Ölkəmiz inkişaf etmiş ölkələr siyahısındadır ki, belə mötəbər tədbirə ev sahibliyi edir, bu böyük məsuliyyəti öz üzərinə götürüb. Əminəm ki, dövlətimiz bu böyük məsuliyyətin öhdəsindən layiqincə gələcək. Dünyada ilk dəfə keçirilən Avropa Oyunlarının Azərbaycanda keçirilməsi prezidentimizin ölkəsinə olan hörməti və sevgisindən irəli gəlir. Oyunların açılışında müxtəlif ölkələrin prezidentləti iştirak edəcək. Hesab edirəm ki, bunun özü bir uğurdur. “Eurovision” mahnı yarışmasından sonra ölkəmiz xeyli tanındı. Bu yarışma vasitəsilə isə dünyada tanınmış bir ölkəyə çevriləcəyik.
- Oyunları izləməyə gedəcəksinizmi?

- Əlbəttə gedəcəyəm. Ümumiyyətlə, mənim karateyə xüsusi marağım var. Bir zamanlar özüm də bu idman növü ilə məşğul olmuşam. Onun üçün də milli yığmamızda olan karateçimiz Rafael Ağayevə uğurlar arzulayıram. Ümid edirəm ki, o, qalib gələcək. Təkcə karate ilə məşğul olan idmançımıza deyil, digər idman növlərində vətənimizi təmsil edəcək hər kəsə bol-bol şans diləyirəm. Onların uğuru bizim xalqımızın uğurudur. Sabah isə (13 iyun) Rafaelə dəstək olmaq üçün orada olacam.
- Qızınızın gələcəkdə hər hansı idman növü ilə məşğul olmasını istərdinizmi?

- Açığını desəm, qızımın idmançı olmağını istəmərəm. Bir valideyn kimi çalışacam ki, onun seçimlərinə sərhəd qoymayım. Ancaq əlimdən gələni edəcəm ki, o, şou-biznesdən uzaq olsun. Yox əgər idmana meyil göstərərsə, fikrinə hörmətlə yanaşaram. Valideyn kimi hər zaman qızımın yanında olacağam.
- Ayan Babakişiyeva ana olduqdan sonra həyatında nələr dəyişdi?

- Ana olduqdan sonra həyatımda çox şey dəyişdi. Belə ki, həyata baxışım, insanalara münasibətim tamamilə başqalaşdı. Ana olduqdan sonra insanları daha yaxşı tanımağı bacarırısan, təcrübə qazanırsan. Həyatda daha da mübariz olursan. Çünki anlayırsan ki, artıq tək özün üçün yox, sənin canından olan bir parça üçün yaşayırsan. Depressiyaya düşmək üçün sənin heç bir haqqın olmur. Daima irəli baxmağa məcbur olursan. Övladını xoşbəxt görmək və xoşbəxt yaşatmaq üçün əlindən gələni edirsən.
- Bəs, ana olduqdan sonra içinizdəki o çılğınlıq necə oldu?

- (Gülür) Harada Ayan Babakişiyeva varsa, orada çılğınlıq var. Ayan demək elə çılğınlıq deməkdir. İnsanın bir xarakterini, bir də qan qrupunu dəyişmək olmur. Əvvəl necə idimsə, indi də eləyəm. Şükürlər olsun ki, bu gün ətrafımda seçdiyim dostlarım var. Mən dostlarımı pis gündə də, yaxşı gündə də tanıdım. Deyirlər, yaxşı günündə yanında olan əsil dost deyil, mən bu fikirlə razılaşmıram. Yaxşı günündə sənin yanında olan dost demək ki, sənin xoş gününə sevinir, gözü götürür. Pis günündə onsuz da hər kəs adamı tərk edir. İnsanın dar günündə barmaqla sayılacaq qədər dosrtlar ona kömək, arxa-dayaq olur.
- Ayan xanım, sizcə, bu gün gənc ifaçılara özlərini göstərmək, sözlərini demək üçün hər bir imkan yaradılıbmı?

- Danılmaz faktdır ki, bu gün gənc ifaçılara maraq daha çoxdur. Heç kim bu sözümdən inciməsin. İndiki dövrdə insanların gənclərə tələbatı daha çoxdur. Gördüyünüz kimi, gənc müğənnilərimiz öz üzərilərində daha çox işləyirlər. Onlar öz işlərinə daha həvəslə yanaşırlar, yeniliklər etməyə çalışırlar.
- Belə olan halda, yaşlı və orta nəsil ifaçıların qısqanclığını hiss edirsinizmi?

- Bu məsələ ilə bağlı hər ifaçının öz fikri var. Mən onların fikirlərinə hörmətlə yanaşıram. Düzünü desəm, məclislərdə, tədbirlərdə olarkən görürük ki, yaşlı nəslin ifaçıları gənc müğənniyə bir qədər eqoist şəkildə yanaşır. Düzdür, hər kəsin daxilində bir eqoistlik var, ancaq onlarda bir qədər başqadır. Bu sözümü hər kəsə şamil etmirəm. Bəziləri yeni gələn ifaçıların uğurunu görəndə pis gözlə, qısqanclıqla baxırlar. Belə olanda sanki kənardan baxıb, gənclərə həsəd aparırlar. Biz belə hadisələrin çox şahidi olmuşuq.
- Çəkdirdiyiniz kliplər mini film xarakteri daşıyır. Siz özünüz daha çox diqqət çəkmək üçün belə bir addım atırsınız, yoxsa bu ssenarilər rejissorların fikri idi?

- Mənim iki klipimdə tanınmış aktyor Azər Aydəmir rol alıb. Çəkdirdiyim son klipimdə isə başqa tərəfmüqabilim var. Kliplərimin mini film kimi olmasında əsas məqsədim aktrisalıq bacarığımı önə çəkmək idi. Aktrisalıq sənətinə böyük həvəsim var. Ona görə də kliplərimdə bacardığım qədər tamaşaçılara özümü bu yöndən tanıtmağa çalışıram. Düşünürəm ki, bu məndə uğurlu alınır.
- Azislə olan konsertinizin hazırlıqları nə yerdədir?

- Azislə olan konsertə ciddi hazırlaşırıq. Konsertin məşqləri gedir. Hazırda geyimlər, qrimlər üzərində çalışırıq. Ümid edirik ki, gözəl bir konsert olacaq.
- Klip çəkilişləri necə, olacaqmı?

- Klip ancaq sentyabrda olacaq. Çünki hazırda ölkəmiz mötəbər bir yarışmaya ev sahibliyi edir. Tamaşaçıların əsas diqqəti yönəltdiyi belə bir mötəbər tədbir zamanı klip çəkdirmək, hesab edirəm ki, lüzumsuz olar. Avropa Oyunları bizim üçün böyük bir hadisədir. Belə bir məqamda əsas marağımız, diqqətimiz yalnız və yalnız Avropa Oyunlarının yüksək səviyyədə keçməsinə, dövlətimizin uğur qazanmasına olmalıdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər