• cümə axşamı, 28 mart, 12:54
  • Baku Bakı 16°C

Avropa Oyunlarının qalibi Ayxan Tağızadə: IV İslam Həmrəyliyi Oyunlarının çempionu olmaq istəyirəm

05.02.17 11:25 1536
Avropa Oyunlarının qalibi Ayxan Tağızadə: IV İslam Həmrəyliyi Oyunlarının çempionu olmaq istəyirəm
Avropa Oyunlarının çempionu, komandalararası dünya çempionatının qalibi, taekvondo üzrə Azərbaycan yığma komandasının üzvü Ayxan Tağızadə Antalyada keçiriləcək "G-1” kateqoriyalı beşinci klublararası Avropa çempionatı və "G-2” kateqoriyalı "Turkish Open” beynəlxalq turnirində iştirak edəcək.
Ayxan TağızadəAZƏRTAC-a müsahibəsində bildirib ki, bu yarışlar taekvandoçulara reytinq xalları qazandıracaq.
Taekvandoda bəzi qaydalarda dəyişiklik edildiyini, Türkiyədə keçiriləcək yarışın da həmin qaydalar əsasında təşkil olunacağını söyləyən idmançı deyib: "Əvvəllər idmançının jiletinə vurulan zərbə bir xalla qiymətləndirilirdisə, indi hakimlər bu zərbələrə iki xal verirlər. Mən ən çox qarına vurulan zərbələrə üstünlük verdiyimə görə bu qaydalar mənim üçün faydalı olacaq. Yeni qaydalar IV İslam Həmrəyliyi Oyunlarında tətbiq olunacağından bu, bizim Oyunlarda uğur qazanmaq imkanlarımızı daha da artırır”.
Ayxan Tağızadə Rəşad Əhmədovun kişilərdən ibarət yığma komandanın yeni böyük məşqçisi təyin olunmasına da münasibət bildirib: "R.Əhmədov Azərbaycanda döyüş üslubunu bəyəndiyim idmançı olub. Onun kimi təcrübəli idmançının böyük məşqçi təyin olunmasına çox sevindim. O, Olimpiya Oyunlarında iki dəfə iştirak edib. Yeni böyük məşqçimiz öz təcrübələrini milli komandanın üzvləri ilə də bölüşür”.
Dördüncü İslam Həmrəyliyi Oyunlarına hazırlıqlardan bəhs edən A.Tağızadə qeyd edib ki, milli komandamız "Bakı-2017”yə yüksək səviyyədə hazırlaşır. "Yanvar ayından etibarən Azərbaycan Taekvando Federasiyasının təlim-məşq bazasında hazırlığa başlamışıq. Yığmamızın təlim-məşq toplanışı böyük ruh yüksəkliyi ilə keçir. Federasiyanın rəhbərliyi bizə xüsusi diqqət və qayğı göstərir. Məşqlərimi, taktiki və texniki hazırlıqlarımı hər gün davam etdirirəm. "Bakı-2015”də olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycanı layiqincə təmsil edərək çempion olmaq, dövlət himnimizi səsləndirmək, xalqımızı sevindirmək üçün əlimdən gələni edəcəyəm”, - deyə A.Tağızadə bildirib.
Birinci Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətə görə "Şöhrət” ordeni ilə təltif olunan gənc atlet deyib ki, "Bakı-2015”də Prezident İlham Əliyevin və ailə üzvlərinin arenalara gələrək idmançılarımızın çıxışlarını izləmələri, atletlərimizə dəstək olmaları bizi qələbəyə ruhlandırırdı. Yəqin ki, bu ənənə "Bakı-2017”də də davam edəcək. Bu, ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının təzahürüdür. Azərbaycan idmanına göstərdiyi qayğıya görə dövlətimizin başçısına, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Oyunlar başa çatdıqdan sonra qaliblərin və onların məşqçilərinin dövlətin ali mükafatları ilə təltif edilməsi üzərimizə daha böyük məsuliyyət qoyub. Çalışacağıq ki, göstərilən yüksək etimadı bundan sonra da doğruldaq və qarşıdakı yarışlarda bayrağımızı yüksəklərə qaldıraq.
2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunları ilə bağlı məlumat verən idmançımız diqqətə çatdırıb ki, taekvandoçuların Tokio Olimpiadasına lisenziya qazanması üçün onların Dünya Taekvando Federasiyasının (DTF) reytinq siyahılarında yüksək yerlərdə mövqe tutması mühüm əhəmiyyət daşıyır. Ayxan hazırda 68 kiloqram çəki dərəcəsində 175,82 reytinq xalı ilə DTF-nin reytinq cədvəlində səkkizinci, dünya reytinq cədvəlində isə 167,67 xalla yeddinci pillədə qərarlaşıb.
"Bu ilin dekabrında Kot-Divuarda taekvando üzrə Qran-pri yarışının final mərhələsi və komandalararası dünya çempionatı, eləcə də Tokio Olimpiadasından bir il əvvəl Qran-pri yarışlarının final mərhələsi təşkil ediləcək. Bu turnirlərdən sonra DTF-nin yeni reytinq cədvəli açıqlanacaq. Həmin cədvəldə ilk altılıqda yer alan idmançılar Tokio Olimpiadasına birbaşa vəsiqə əldə edəcəklər. Odur ki, Olimpiadaya iştirak etmək hüququ qazanmaq üçün həmin beynəlxalq yarışlara indidən reytinq xalları yığmağa çalışacağam”, - deyə komandalararası dünya çempionatının qalibi vurğulayıb.
banner

Oxşar Xəbərlər