• cümə, 29 Mart, 19:53
  • Baku Bakı 14°C

Avropa Oyunları xalqımızın marağında olan tarixi hadisədir

24.06.15 16:34 1584
Avropa Oyunları xalqımızın marağında olan tarixi hadisədir
8 dekabr 2012-ci il tarixində Romada, Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında, 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib.
Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Olimpiya Oyunları Avropa qitəsində yaranmasına baxmayaraq, bu günə qədər Avropa Oyunları keçirilməyib. İlk oyunların Bakıda reallaşması əlbəttə ki, böyük nailiyyətdir, Azərbaycanın böyük uğurudur. Bu tarixi qərarın qəbul edilməsində, şəksiz, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib.
Təbii ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcək. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.
Özünü demokratiya carçısı kimi qələmə verən “Human Rights Watch” və “Amnesty International” kimi beynəlxalq hüquq-müdafiə təşkilatları isə sanki bütün bunları görmək istəmirlər.
Xarici ölkələrin kütləvi informasiya vasitələri ilə xalqımızın strateji mənafeyi üçün ziyanlı, cürbəcür şayiələr yayan xarici siyasətbazların səsinə səs verən, özünü müxalifətçi adlandıran bəzi siyasətçilərimizin müsahibə və yazılarını oxuyanda isə istər-istəməz belə bir sual doğur: Könlündən “bir saatlıq xəlifəlik” keçən, “bəlkə də qaytardılar” xülyasından hələ də əl çəkməyi bacarmayan muzdlu siyasətbazlar kimlərin dəyirmanına su tökürlər? Görəsən, Azərbaycanın problemlərini biz azərbaycanlılardan başqa kim həll edə bilər?”
Fikrimizcə, Avropa Oyunları qabağı “şou-tamaşaların” diletant aktyorlarına çevrilmiş müxalifət liderlərini ən çox narahatlığa salan qarşıdakı Avropa Oyunlarının ana xəttinin xalqın marağına xidmət etməsidir.
Avropa Oyunlarının Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Çünki Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün vermişdi. Rəy sorğuları zamanı müəyyən edilmişdi ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir.
Avropa Oyunlarının Azərbaycan üçün iqtisadi əhəmiyyəti də az deyil. Möhtəşəm tədbirin iqtisadi gəlirlərinin qiymətləndirilməsi yalnız oyunların keçirildiyi müddətlə məhdudlaşmamalıdır.
Avropa Oyunlarının ölkə iqtisadiyyatına xeyri, biletlərin satışı, ölkəyə gələn turistlər və onların Bakıda olduğu müddətdə istər xidmət sektoruna, istərsə də otellərə və digər sektorlara pul xərcləmələri nəticəsində formalaşacaq. Nəzərə alsaq ki, beynəlxalq qiymətləndirmələrə görə bir turist Azərbaycanda olan zaman 1 həftə ərzində orta hesabla min dollara yaxın vəsait xərcləyir, praktik olaraq 2 həftəlik yarışlarda bir turist Azərbaycan iqtisadiyyatına 2 min manat sərmayə yönəldəcək. Deməli, Avropa Oyunları müddətində turistlər tərəfindən Azərbaycan iqtisadiyyatına yönəldilən vəsaitlərin həcmi artacaq. Əldə ediləcək gəlirlərə Oyunların efir yayımından və müxtəlif reklamlardan gələn gəlirləri də daxil etmək lazımdır.
Nəzərə almaq lazımdır ki, Azərbaycana gələn turistlər məhz xarici valyutadan istifadə edəcəklər. Bu da indiki dövrdə dollar təklifini artıraraq manata tələb formalaşdıracaq.
Ölkəyə gələn qonaqlar potensial turist rolunu oynayacaq, Avropa Oyunları yeni turistlərin ölkəyə cəlb olunması üçün baza yaradacaq. Bu da təbii ki, turizm sektorunda Azərbaycanın təqdimatı və təbliğatında mühüm rol oynayacaq. Bu baxımdan həm cari, həm də strateji baxımdan qiymətləndirsək, Avropa Oyunlarını səmərəsiz oyunlar kimi dəyərləndirmək düzgün deyil. Bu, qısa və uzunmüddətli dövrdə öz xərclərini qarşılaya biləcək bir layihədir.
Avropa Oyunlarının keçirilməsi həm də dövlətimiz və xalqımız üçün geosiyasi çağırışdır. Bu tədbirin müvafiq səviyyədə təşkil edilməsi və keçirilməsi ilə üç məqsədə nail olunacaq. Birincisi, strateji mərkəz Bakı olmaqla Avropanın sərhədləri Cənubi Qafqaz ölkələrinə kimi genişlənəcək. İkincisi, Bakı başqa əhəmiyyətli tədbirləri keçirmək qabiliyyətini bütün dünyaya nümayiş etdirəcək. Üçüncüsü, Oyunların keçirilməsi regiondakı sülh və sabitlik barədə dünya ictimaiyyətinə göndərilmiş özünəməxsus ismarıc olacaq.
Dərindən fikirləşəndə xalqa nə lazımdır? Ölkədə əmin-amanlıq olsun, erməni şovinizminin işğalına məruz qalmış torpaqlarımız mümkün qədər dinc, siyasi danışıqlar yolu ilə xalqımıza qaytarılsın, müəssisələrimiz öncül texnologiya əsasında daha da inkişaf etsin, xalq təsərrüfatımızın bütün sahələrində istehsalçı qüvvələrimizin məhsuldarlığı artsın, Azərbaycan dünya bazarına yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə malik əmtəə məhsulları çıxara bilsin, əhalinin bütün təbəqələrinin maddi və sosial rifahı yaxşılaşsın. İnflyasiyanın qarşısının alınması üçün immunitet tədbirlər planı hazırlansın. Vətənimizi xarici və daxili düşmənlərimizin təcavüzündən, təxribatlarından qorumağa qadir ədalətli dövlətçilik institutlarımız yaransın. Kütləvi şüuru mənəviyyatsızlıq girdabına, çürümə uçurumuna aparan rüşvətxorluq, tüfeylilik, ölkənin taleyinə laqeydlik kimi mənfi təzahürlərin kökü kəsilsin.
Müstəqillik yolu ilə irəliləyən Azərbaycan dünyanın ictimai-siyasi, elmi, mədəni xəritəsində öz layiqli yerini tutub. Xoşbəxtlikdən ulu öndər Heydər Əliyev məktəbinin layiqli müdavimi, onun siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev 12 ildən artıqdır ki, Azərbaycan adlı gəmini bütün kənar təsirlərə, çətinliklərə baxmayaraq, bu parametrlərlə irəliyə apararaq onu dünya arenasına çıxarmağı bacarır.
B baxımdan damarlarında azərbaycanlı qanı axan hər bir kəs tutduğu mövqedən və vəzifəsindən asılı olmayaraq, öz prezidenti ətrafında sıx birləşib şəhidlərinin qanı bahasına istiqlaliyyətini qazanmış müstəqil dövlətini - Azərbaycanı xoş sabaha doğru aparmalıdır.
Təhmasib Əjdərov
İqtisad elmləri doktoru
İranə Talışxanova
banner

Oxşar Xəbərlər