• cümə axşamı, 25 aprel, 16:03
  • Baku Bakı 23°C

Avropa Oyunları ilə bağlı növbəti təxribat faş olundu

31.03.15 05:37 1217
Avropa Oyunları ilə bağlı növbəti təxribat faş olundu
Ölkəmizdə keçiriləcək növbəti böyük mötəbər tədbir – İlk Avropa Oyunları ətrafında qərəzli qalmaqalların yaradılması prosesi səngimir. Məlum dairələrin əlaltıları bu möhtəşəm tədbirin Azərbaycana verəcəyi dvidentləri həzm edə bilmədiklərindən müxtəlif təxribatlara cəhd etməkdə davam etdirilir. Kimlərəsə hesabat vermək məcburiyyətində olanlar qara niyyətlərini həyata keçirmək üçün yayılan hər xırda məqamdan, hətta dezinformasiyalardan belə yaralanaraq fürsəti əldən vermək istəmirlər. Bu cür təxribatlar ən müxtəlif istiqamətlərdə inkişaf etdirilir ki, bunlardan biri də guya birinci Avropa Oyunlarına alternativ olan digər bir yarışların keçiriləcəyi ilə bağlı yayılan xəbər idi. Belə ki, məlum qüvvələr heç bir tutarlı mənbə göstərmədən Bakıda keçiriləcək yarışların mühüm əhəmiyyət daşımadığını, əsas yarışların 2018-ci ildə Qlazqo və Berlində keçiriləcəyini iddia edirdilər. Bu cür xəbərlərin yayılmasında maraqlı olanlar fəaliyyətlərini sosial şəbəkələr, saytlar, müxtəlif qəzetlər vasitəsilə qurur, Avropa Oyunları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Məlum xarici qüvvələrin yedəyində gedənlər ölkəmizdə keçiriləcək bu yarışları gözdən salmaq üçün, mötəbər idman yarışını şübhə altına qoymaq üçün deyirlər ki, guya ilk Avropa Oyunları ikinci dərəcəli turnirdir. Halbuki onların qərəzli davranmaq öhdəliyinin olduğu çoxdan məlumdur və bu dəfə də iddialarının heç bir əsasının olmadığı üzə çıxdı. Belə ki, deyilənlərə artıq rəsmi şəkildə münasibət bildirilib. Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki 2018-ci ildə daha az idmançı ilə təşkil olunacaq tədbirin Avropa Oyunlarından tamamilə fərqli bir təşəbbüs olduğunu açıqlayıb: “Avropa Olimpiya Komitələrinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Gələcəkdə daha az idmançı və atletlərlə başqa bir tədbir baş tutacaq. Bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına qitənin ən yaxşı atletləri cəlb olunacaq. Bakı 2015 I Avropa Oyunlarını böyük hadisə hesab edirəm. Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. Bakı-2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.
Göründüyü kimi, Avropa Oyunlarına ikinci ev sahibi olmaq üçün ölkələrin rəqabət apardığı bir vaxtda, ölkəmizdəki radikallar bunu əhəmiyyətsiz tədbir adlandırırlar ki, bu da onların hansı xislətə malik olduqlarını bir daha ortaya qoyur. Ona görə də əminliklə demək mümkündür ki, Qlazqo və Berlində keçiriləcək turnirlə (hələ bu haqda dəqiq qərar da verilməyib – H.Ə.) Bakıda keçiriləcək yarışlar heç müqayisə belə oluna bilməz. Çünki ilk Avropa Oyunları əhatə dairəsinə, proqramına daxil edilən idman növlərinin sayına görə çox üstündür.
Digər bir məqama da diqqət çəkək. Yuxarıda qeyd etdik ki, gələcəkdə təşkil olunması planlaşdırılan yarışlar haqda xəbərlər etibarlı mənbələrə söykənmir. Bu barədə xəbər sadəcə bir saytda verilib. Məlumatı yayan həmin mənbə isə Qlazqo və Berlində keçiriləcəyi söylənilən oyunların Bakı Avropa Oyunlarına alternativ olduğunu iddia etməyib. Onu da deyək ki, bu saytda ilk Avropa Oyunları ilə bağlı reklam da yer almaqdadır. Amma maraqlısı odur ki, məlum qüvvələr xəbərin mahiyyətini dəyişərək ondan öz məqsədləri üçün istifadə etməyə, onu özlərinə sərf edən şəkildə cəmiyyətə sırımağa çalışırlar. İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov da bu haqda fikirlərini paylaşaraq yalan məlumat yayanlara müraciət edib. Qeyd edib ki, əvvəlcə xəbəri düzgün oxumaq lazımdır: “Veb səhifənin yuxarı hissəsində və sağ orta hissəsində Bakı Avropa Oyunlarının reklam lövhələrinə ciddi diqqət yetirmək lazım idi. Oyunları reklam edən bir veb səhifə niyə bu haqda mənfi yazı yazsın ki? Bu sual sizi düşündürməli idi. Azərbaycanda fəaliyyət göstərən bir çox səhifələrdə "geriyə sayan saat" olmadığı halda, orada geriyə sayan saat yerləşdirilib. Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin indiyə qədər həyata keçirdiyi beynəlxalq görüşlər, imzalanan memorandum tərəfləri, böyük investor şirkətləri sizcə bu qədər ağılsız idimi ki, bütün bunlarda öz məhsullarının reklamının getməsi üçün maliyyə yatırımları etsin?! Bu, bir ilkdir!. Möhkəm olun, Azərbaycan bir çox çətinlik görüb, bunun da öhdəsindən layiqincə gələcək!”
Fikir versəniz görərsiniz ki, məkrli qüvvələr hər zaman ölkənin həssas yanaşdığı mövzularda hücuma keçir, görülən bütün yaxşı işləri gözdən salmağa çalışırlar. Bu cür qərəzli davranış sərgiləyənlərin məqsədlərini, niyyətlərini anlamaqda çətinlik çəkir, etdiklərinin məntiqi izahını tapa bilmirik. Xarici dairələrin belə planlar qurmaqda təbii ki, maraqları, bunun nəticəsində isə müəyyən qazancları olur. Ölkəsinə qarayaxanların isə əldə etdiyinin nə olduğunu yəqin ki, özlərindən başqa heç kim bilmir.
H.Əsgər
banner

Oxşar Xəbərlər