• cümə axşamı, 28 mart, 19:13
  • Baku Bakı 13°C

Avropa Oyunları cari və strateji gəlirlər deməkdir

21.05.15 07:22 2110
Avropa Oyunları cari və strateji gəlirlər deməkdir
Birinci Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb və yarışlara hazırlıq öz axarı ilə gedir. Bu yarışlar idman bayramı olmaqla kifayətlənmir və bir çox sahələrə zamanla öz təsirini göstərəcək. Düzdür, daha çox turizm sektoruna verəcəyi töhfələr müzakirə olunsa da, ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında da bu yarışların əhəmiyyəti olacaq. Ekspertlər deyirlər ki, Avropa Oyunlarının verdiyi töhfəni yalnız oyunlar ərəfəsi üçün qiymətləndirmək düzgün olmaz. Bu oyunların təsiri növbəti dövrlərdə daha çox nəticələr əldə etməyə imkan verəcək.
İqtisadçı alim Vüqar Bayramov deyir ki, Avropa Oyunları idman yarışları olaraq yalnız geosiyası deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman xərcləri cari gəlirlər ilə müqayisə etmək düzgün deyil: “I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu oyunların iqtisadi qiymətləndirməsini aparsaq, Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının layihədən uzun müddət faydalanmasına imkan verəcək. Bizim apardığımız eknometrik qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqramdır”.
Manata tələbat artacaq
İqtisadçının sözlərinə görə, Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin Azərbaycanın makro-iqtisadi göstəriciləri və o cümlədən makro-iqtisadi dayanıqlı sabitliyin qorunmasına birbaşa təsir var: “Əvvəla, sözügedən oyunların təşkili nəticəsində müxtəlif makro və mikro göstəricilərin daha da yaxşılaşması makro-sabitlik baxımdan olduqca vacibdir. Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün müxtəlif sub-sektorların bu təşəbbüslər vasitəsi ilə dəstəklənməsi olduqca vacibdir. İkincisi, Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi maliyyə sabitliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Ölkəyə gələn turist öz vəsaitini milli valyutaya çevirəcək və dönərli valyuta bolluğu formalaşacaq. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklifinin artması olduqca vacibdir. Artıq Bakıda turistlərin sayı artır. Aparılan monitorinqlər də göstərir ki, manata tələbatın artması və valyutadəyişmə məntəqələrində daha çox dollar və avro təklif edilməsi müşahidə edilməkdədir. Bu isə Mərkəzi Bankın intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətlidir. Nəticədə dövlət rezervlərinin milli valyutanın sabitliyini qorumaq üçün xərclənməsi səviyyəsi azalacaq. Bu isə dövlət ehtiyatlarının artmasına zəmin yaradacaq. Üçüncüsü, mövcud infrastrukturun inkişafı eyni zamanda xarici sərmayələrin cəlb edilməsi və investisiya baxımından vacibdir”.
İnfrastruktur ölkəmizə qalır
Yarışmanın təşkili üçün ayrılan vəsaitin 78 faizinin infrastruktur xərcləri olduğunu deyən iqtisadçı onu da bildirdi ki, bu vəsait Bakı və eləcə də ölkəmizin infrasturukturunun daha da yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla yanaşı, eyni zamanda, xarici sərmayənin ölkəmizə gəlməsini təşviq edə biləcək: “Avropa Oyunları aspektindən infrastrukturun daha da genişlənməsi ölkəmizin rəqabət qabiliyyətini artıracaq. Bu isə ölkəmizin xüsusən də qeyri-neft sektoruna daha çox sərmayə cəlb etməsinə imkan verəcək. Deməli, I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi xarici sərmayəni stimullaşdırmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyasına pozitiv təsir göstərəcək. Xarici sərmayələr qeyri-neft sektorunun inkişafını təşviq etməklə yerli istehsalın genişlənməsinə və ixracın həcminin artmasına səbəb olacaq. Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək. Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur”.
Gəlirlər qısamüddətli dövrü əhatə etməyəcək
V.Bayramov deyir ki, bu cür beynəlxalq yarışlar, ölkəmizin infrastrukturunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Sözügedən layihə də Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımından əhəmiyyətli olacaq: “Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabətqabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq. Təbii ki, gəlirlər, sadəcə, qısamüddətli dövrü əhatə etməyəcək, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək. Deməli, növbəti illərdə çox cüzi xərclər ilə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə Avropa Oyunlarının əsas starteji iqtisadi üstünlüyüdür. Bu oyunların təşkilinə xərclənən vəsait uzunmüddətli dövrdə yaradılan infrastrukturdan istifadə və gəlir əldə etməyə şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki oyunlar ərəfəsində xərcləri cari və strateji gəlirlər hesabına kompensasiya edə bilsin”.
Oyunlar eyni zamanda müxtəlif xarici kanallar vasitəsilə yayımlanacaq. İqtisadçının sözlərinə görə, bu da həmin Oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaradacaq: “Yerli və xarici şirkətlər Avropa Oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaq. Bu, artıq müşahidə olunmaqdadır və rəsmi tərəfdaşlar da var. Bu isə şirkətlərin reklam gəlirlərinin bir qisminin məhz bu oyunlara cəlb edilməsinə imkan yaradacaq. Digər tərəfdən, cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq”.
Ən çox qazanan turzim sahəsi olacaq
V.Bayramov deyir ki, turizm sektoru Avropa Oyunlarının keçirilməsindən ən çox qazanan sahə kimi qiymətləndirilir və belə də olacaq. Turizm üçün sözügedən Oyunların təşkili həm cari, həm də strateji baxımdan əlverişlidir: “Əvvəla, Oyunlar keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər edəcək. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, oyunlar keçirilən müddətdə hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. Bu isə o deməkdir ki, turizm sektoru oyunların keçirilməsindən birbaşa gəlir əldə edə biləcək. Gəlirlər təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlanmayacaq, daha geniş miqyası əhatə edəcək. İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq. Ölkəyə gələn turist müxtəlif xidmətlərdən faydlanır və bu da həmin sahələrə əlavə sərmayənin yönəldilməsi deməkdir. Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun prioritet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və strateji gəlirlər əldə edə biləcək".
Kiçik və orta sahibkarlıq artıq oyunlardan gəlir əldə edir

Oyunların keçirilməsindən iqtisadi baxımdan qazanan tərəflərdən biri də kiçik və orta sahibkarlıqdır. V.Bayramov bildirdi ki, turistlərin ölkəmizə gəlməsi səbəbindən müxtəlif xidmətlərə tələb artacaq. Bu xidmətlərin əksəriyyəti isə kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir. Çoxlu sayda turistin ölkəmizə gəlməsi kafe və restoranlar daxil olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artması demək olacaq. Hətta taksi sürücüləri də Oyunların ölkəmizdə təşkil edilməsinin müsbət iqtisadi təsirlərini hiss edəcəklər. Turistlərin oyunlar keçirildiyi müddətdə həyata keçirəcəyi sərmayənin böyük qismi məhz kiçik və orta sahibkarların faydalanmasına yönələcək.
O deyir ki, oyunların təşkili ilə bağlı ayrılan vəsaitlər çərçivəsində sifariş edilən xidmətlərin böyük bir qismi məhz yerli kiçik və orta sahibkarlar tərəfindən həyata keçirilib: “Bu o deməkdir ki, sahibkarlarımız hətta oyunlar təşkil edilənədək Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən iqtisadi xeyir əldə edə biliblər. Eyni zamanda, Oyunların ölkəmizdə keçirilməsi bir qismi daimi olmaqla şərti ilə yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bu isə məşğulluğun müdafiəsi baxımından olduqca əhəmiyyətli məqamdır”.
Cüzi xərclə gəlir əldə etmək mümkün olacaq

İqtisadçı deyir ki, Avropa Oyunları ərəfəsində formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının cüzi xərclə təşkil edilməsinə və strateji baxımdan Azərbaycanın ciddi gəlirlər əldə etməsinə imkan yaradacaq. Bu sıradan Azərbaycan “Formula 1”, İslam Həmrəylik Oyunları, futbol üzrə Avropa çempionatının yarımfinal oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq inkişaf etmiş infrastruktur bizə həmin yarışların təşkilindən faydalanmağa imkan verəcək: “Sözügedən yarışların təşkili ölkəmizə yenidən çoxlu sayda turistin gəlməsi deməkdir. Deməli, iqtisadiyyatın müxtəlif sahələri faydalana biləcək. Vətəndaşlarımız bu oyunların təşkilindən iqtisadi fayda əldə edəcəklər. Bu isə o deməkdir ki, ölkəmiz I Avropa Oyunlarını keçirməklə əslində strateji baxımdan Azərbaycana yaxın gələcəkdə ciddi gəlirlər vəd edən təşəbbüsü reallaşdırır. Digər tərəfdən, inkişaf etmiş infrastruktura malik olmaq ölkəmizin rəqabət qabilyyətini artırır və bu da sərmayə qoyuluşlarının çoxalması baxımından vacibdir”.
Avropa Oyunları sosial layihə kimi
V.Bayramov onu da bildirdi ki, Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi faydası ilə yanaşı, kifayət qədər sosial üstünlükləri var: “Əvvəla, bu oyunların təşkil edilməsi ölkəyə əlavə vəsaitin daxil olması deməkdir. Bu vəsait isə birbaşa sahibkarların, işçilərin faydalanmasına səbəb olacaq və gəlirlər artacaq. İkincisi, yeni xərcləmələr dövlət büdcəsinə əlavə vergi ödənişlərinə imkan yaradacaq. Deməli, büdcə sosial öhdəliklərinə müsbət təsir göstərəcək. Üçüncüsü, ölkəmizə gələcək turistlərin yalnız paytaxtda deyil, eyni zamanda regionlara getməsinin gözlənilməsi və məhz orada əhalinin müxtəlif xidmətlərindən faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyi deməkdir. Dördüncüsü, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək yeni təşəbbüslərin reallaşmasına imkan verəcək. Bu isə növbəti illərin dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək”
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər