“Avropa Olimpiya Oyunları gənclərimiz üçün yaxşı imkanlar yaradacaq”

“Avropa Olimpiya Oyunları gənclərimiz üçün yaxşı imkanlar yaradacaq”

Müsahibə
14 Dekabr 2012, 08:50 2083
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov “Kaspi”nin suallarını cavablandırır.

- Rafiq müəllim, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə və insanlarımıza nə verəcək?
- Azərbaycan dünyəvi bir dövlətdir. Ölkəmizdə son illər insan kapitalına verilən dəyər, digər sahələrdəki inkişaf göstəricilərimiz təkcə rəqəmlərdə deyil, konkret işlərdə özünü əyani göstərib. İdman sahəsində də əldə etdiyimiz nailiyyətlər də böyükdür. Ölkəyə gətiriləcək birinci olimpiya oyunları Azərbaycanı əyani olaraq görmək üçün minlərlə insana bir fürsət olacaq. Digər tərəfdən, Azərbaycanın idman modeli nümunəsinin öyrənilməsinə şərait yaradacaq. Azərbaycanda dövlətin idman siyasətinə, sağlam həyat tərzinə verdiyi dəyərin yaxından təhlil edilməsinə şərait yaradılacaq. Ölkəmizin dünyaya daha yaxşı tanıtımı üçün və qitə olimpiya oyunları ilə yanaşı, dünya olimpiya oyunlarının Azərbaycana gətirilməsi üçün də bu, bir fürsət olacaq. Azərbaycanda fərdi idman növlərində ayrı-ayrı keçirilmiş yarışların təcrübəsinə müsbət təsir göstərəcək, kompleks idman yarışı təcrübəsinin də artırılmasına səbəb olacaq. Yeni insan kütləsinin ölkəyə gəlməsinə səbəb olacaq. Maliyyə institutlarının Azərbaycanda daha geniş fəaliyyəti üçün şərait yaradılacaq. Azərbaycanın yeni media və reklam məhsulları partnyorlarının sayı artacaq. Azərbaycandan yayımlanacaq oyunları tele-auditoriya, qəzet auditoriyası daha çox tanıyacaq. Ən nəhayət olimpiya oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin tolerantlılığını, tarixini, iqtisadi gücünü, xalqın yaşam tərzini bir daha dünyaya nümayiş etdirəcək.

- Bəs, bu Olimpiya Oyunları gənclərimizin həyat tərzinə necə təsir göstərəcək?
- Üç kateqoriya gənclər var. Professional idmanla məşğul olan gənclər bu yarışlarda doğma divarlar arasında öz bacarıqlarını ortaya qoymaq üçün daha bir fürsət qazanacaqlar. Həvəskar idmanla məşğul olanlar peşəkar idmana bir addım da yaxınlaşacaqlar. İdmandan ümumiyyətlə uzaq olanlar üçün isə bu yarışlar onların idmana, kütləvi bədən tərbiyəsinə gəlməsi üçün bir çağırış olacaq. Minlərlə insan könüllü olaraq ayrı-ayrı sahələrə cəlb olunacaq. Minlərlə müvəqqəti və daimi iş yerləri açılacaq. İnsanlar həyat təcrübəsi, beynəlxalq yarışların təşkili təcrübəsi, dünya ölkələrinin nümayəndələri ilə canlı ünsiyyət imkanı qazanacaqlar.

Azərbaycançılıq ideyasının çatdırılması üçün də bu, bir fürsət olacaq. Bəlkə də elə insan var ki, ömrü boyu yaşayıb, fəaliyyət göstərib, təcrübə toplayıb. Amma əldə etdiklərini beynəlxalq səviyyədə ortaya qoya bilməyib. Həmin insanlar üçün də olimpiya oyunları əla fürsət olacaq. Bütövlükdə isə Avropa Olimpiya Oyunları Azərbaycan gəncliyinin püxtələşməsi üçün yaxşı imkanlar yaradacaq.

- Avropa Olimpiya Oyunları zamanı hansı idman növləri üzrə yarışlar təşkil ediləcək?
- Nəzərə almalıyıq ki, bu, Avropanın birinci yay Olimpiya Oyunlarıdır. Hazırda aparılan danışıqlar sona çatmayıb. Amma ilkin fikirlər belədir ki, Avropada bir o qədər də göstəricisi yüksək olmayan idman növləri bu olimpiyadaya salınsın. Yaxud əksinə, Avropada idman göstəriciləri yüksək olan növlərin əlavə edilsin ki, burada həmin göstəricilərdə bir az da artım olsun. Bu Avropa Olimpiya Komitəsinin tələblərinə aid olan məsələdir. Ev sahibliyi edəcək tərəfin milli idman növü, yaxud, beynəlxalq federasiya ilə münasibətlərindən irəli gələrək, bu və ya digər idman növlərinə üstünlük verməsi də ehtimal olunur. Orta hesabla bu gün 15-17 idman növü üzrə yarışların keçirilməsi planlaşdırılır. Bura həm fərdi, həm də komanda idman növləri də aiddir. Eləcə də həm xanımlar, həm də kişilər arasında böyük yaş qrupuna aid olan idman növlərinin əlavə olunması kimi məsələlər var. İstisna deyil ki, gələcəkdə olimpiya növlərinə düşmə ehtimalı olan qeyri-olimpiya idman növlərini də biz burada görək. Stolüstü tennis, avarçəkmə, güllə atıcılığı, kamandan ox atma, həndbol və voleybol, bir neçə idman növünün cəmi olaraq treatlon və sair. Cüdo, boks və taekvando idman növləri üzrə də işlər tamamlanmaq üzrədir. Müzakirələr sambo, xanımlar arasındakı sərbəst, Yunan-roma güləşi, idman rəqsləri və sair kimi idman növləri üzərində aparılır. Biz zorxana idman növünün də bura salınması üzərində işlər aparmışıq. İndi istəklə yanaşı həm də Avropada həmin növün populyar olub-olmamağının da rolu böyükdür. Avropada həmin növün federasiyasının çəkisindən və o növlə məşğul olan insan kütləsinin sayından da çox şey asılıdır. Bu, həm də ona görə seçilir ki, tele-auditoriya, tamaşaçı və azarkeş auditoriyası daha çox cəmləşsin. Digər bir tərəfdən idman növü oyunların maliyyə yükünü azaltsın, rəqabəti artırsın ki, hər bir iştirakçı ölkənin medal qazanma ehtimalı çox olsun. Beləliklə bu yarış baxımlılıq, uzunmüddətlilik nöqteyi-nəzərindən olimpiya oyunlarından geri qalmasın.

- Sizcə 2 il kifayət edəcəkmi ki, Azərbaycan bu oyunlara yüksək səviyyədə ev sahibliyi etməyə hazırlaşsın?
- Ölkədə 35 olimpiya idman kompleksi tikilib istifadəyə verilib. Bunlardan bir neçəsi paytaxt Bakıda yerləşir. Olimpiya oyunları üçün paytaxtda Heydər Əliyev adına İdman Konsert Kompleksi, “Eurovision-2012” musiqi yarışması üçün tikilib istifadəyə verilən “Crystal hall”, beynəlxalq sərgilərin keçirildiyi “Baku Exspo Centre”, Tofiq Bəhramov adına Respublika Stadionu kimi məkanlar ilk növbədə təqdim olunacaq. Bunlarla yanaşı, hal-hazırda tutumu 65 min nəfərə yaxın olan Olimpiya Stadionunun, eləcə də Gimnastika Federasiyası üçün kompleksin, Boks Mərkəzinin tikintisi gedir. Cüdo Mərkəzində isə son tamamlanma işləri aparılır. Londonda keçirilən yay olimpiya oyunları təcrübə baxımından həm də onu göstərdi ki, yarışların keçirilməsi üçün xüsusi metal konstruksiyalardan hazırlanmış stasionar idman qurğularından da yararlanmaq olar. Belə idman qurğularını yarış başa çatandan sonra sökmək də mümkündür. Bu, bilavasitə maliyyə yükünün azaldılmasına hesablanıb. Ona görə ki, Avropa Olimpiya Komitəsi daha çox olimpiya oyunlarının gəlirli olmasında maraqlıdır. Bizdə isə hazırkı və ya tikilməkdə olan idman qurğuları müasir tələblərə cavab verməklə yanaşı, gələcəkdə yeni tədbirlərin keçirilməsi zamanı da istifadə ediləcək. Bu, prioritet olaraq götürülüb. Ekoloji baxımdan standartlara uyğunluq, kütləvilik, yüksək texnologiyalardan istifadə bu gündə istəklərimizi həyata keçirməyə imkan verir. Zaman baxımından da problem yoxdur. İdman qurğularının inşasında yerli mütəxəssislərlə yanaşı, əcnəbilərin dəvət edilməsi də istisna deyil. Dünyada, olduğu kimi Azərbaycanda da bu praktikadan istifadə edilir. Zamanın, maliyyə resurslarının və mütəxəssislərin olması, bizə, görmək istədiyimiz işləri reallaşdırmağa imkan verəcək.

- Hazırda gənclərimizin idmana marağı qənaətbəxşdirmi?
- Əgər yaxın 10 il ərzindəki statistik rəqəmlərə nəzər salsaq görərik ki, birmənalı olaraq, gənclərin peşəkar idmana gəlməsində böyük artım var. Bu artım dinamikası sadəcə oğlanlara deyil, eyni zamanda qızlara da aiddir. Digər tərəfdən, həvəskar şəkildə, gündəlik sağlam həyat tərzinin faydalılığını dərk edən, cavan, gümrah qalmaq istəyində olan və bunun üçün də idmana maraq göstərən insanlar arasında orta nəslin nümayəndələri də üstünlük təşkil edir. Sadəcə azarkeş kimi idman yarışlarına gələn insanların sayı bizi qane etmir. Bu sahədə federasiyaların təbliğat işini daha da gücləndirməsinə böyük ehtiyac var. Paralel olaraq, bu, tədbirin keyfiyyətindən, zamandan, yarışın nəticəsindən də asılıdır.

- İdmançılarımızın dünya dövlətlərində, o cümlədən qonşu Ermənistanda keçirilən beynəlxalq idman yarışlarında iştirakı hansı səviyyədədir?
- İdmançılarımız beynəlxalq səviyyədə keçirilən istənilən idman yarışında böyük həvəs və ruh yüksəkliyi ilə iştirak edir, ölkəmizi layiqincə təmsil edirlər. Ermənistanda keçirilən yarışlara gəlincə, biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanda keçirilən beynəlxalq yarışlarda istənilən dövlətin idmançı heyəti iştirak edə bilər. Biz onların təhlükəsizliyinə tam zəmanət veririk. Ermənistan da ölkə olaraq bu kimi öhdəlikləri yerinə yetirməlidir. Elə bu yaxınlarda Ermənistanda gənclər arasında boks üzrə dünya çempionatı keçirildi. Bizim gənclərdən ibarət əvəzedici boksçularımız, gələcəkdə yığma komandaya düşmə ehtimalı olan idmançılarımız düşmən ölkədə Azərbaycan bayrağını ucaltmağa müvəffəq oldular. İdmançılarımız hətta Ermənistanda keçirilən yarışlarda belə, yüksək əhval ruhiyyə ilə iştirak etmək üçün psixoloji baxımdan da tam hazırdırlar. Azərbaycan və Ermənistan idmançılarının statistik göstəricilərinə nəzər salsaq, ölkəmizin bu sahədə də üstünlük əldə etdiyini aydın sezmək olar. Azərbaycan idmanının səviyyəsi əhali və ərazi sayı baxımından ölkəmizdən qat-qat artıq olan dövlətlərdəki idmanın səviyyəsi ilə müqayisə edilir. Məhz bunun məntiqi nəticəsidir ki, ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək Azərbaycana həvalə olunub.

- Peşəkar idmanda yüksək nəticə göstərən, böyük uğurlar əldə edən idmançılarımız bəzi hallarda əvvəlki nailiyyətlərini təkrarlaya bilmir, birinciliyi əlində saxlaya bilmirlər. Sizcə, bu nə ilə əlaqədardır?
- Bütün idman növlərində qaydalar tez-tez dəyişir. Bu qaydaların dəyişməsinə səbəb, hər hansı idman növünün daha çox ölkə tərəfindən medal qazanmasına, daha çox auditoriya yığmasına yönəlməsidir. Hərçənd ki, biz bununla hər dəfə razılaşmırıq. Bu, ona gətirib çıxarır ki, idmançı öz nəticəsini təkrar eləmək üçün birinci dəfə qazandığı nailiyyətə sərf etdiyi qüvvədən bir neçə dəfə artıq qüvvə sərf eləməlidir. Qaydaların dəyişməsi daha çox nəticə göstərmiş idmançıların əleyhinə olur. Digər tərəfdən, dünya rekordları və nəticə göstərmə yaşı xeyli cavanlaşıb. Yəni, peşəkar idmanda qalıb və yüksək nəticələri göstərmək olduqca çətinləşir. Bu, hansısa uğurlar qazanmış idmançının ulduz xəstəliyinə tutulmasından irəli gəlmir.

Texnologiyaların inkişaf etməsi, görüş zamanı rəqib idmançının öyrənilməsi üçün şərait əvvəlki dövrlərdən çox fərqlənir. Ötən əsrin 60-70-ci illərindəki rekordları yeniləmək, müasir idmançı üçün çox çətindir. Həmin göstəricilər insan potensialının maksimumudur. Həmçinin o dövrdə dopinqlə mübarizənin aşağı səviyyədə olması, ekoloji tarazlığın insan üçün daha rahatlılığı da şərtdir. Ötən əsrdəki qida məhsullarının keyfiyyəti də indiki dövrdəkindən fərqli idi. Bütün bunlar nəzərə alınmalıdır. Yüksək texnologiyalar idmançını fizikidən daha çox taktiki-texniki düşüncə tərzinə yönəldir. Bu baxımdan hər hansı idmançının öz uğurunu təkrarlaya bilməməsi bütün ölkələrdə müşayiət olunan prosesdir.
Rufik İSMAYILOV