• çərşənbə, 24 Aprel, 04:34
  • Baku Bakı 14°C

Avropa ölkələri enerji böhranından çıxmağın yolunu AES-lərdə görür

20.10.21 09:47 383
Avropa ölkələri enerji böhranından çıxmağın yolunu AES-lərdə görür
Təbii qaza olan tələbatının 90 faizini və xam neftin isə 97 faizini idxal hesabına təmin edən Avropa ölkələri enerji resurslarında xaricdən asılılıqdan qurtulmağın yollarını axtarır. Avropa İttifaqı (Aİ) enerjidə xaricdən asılılığı azaltmaq, ənənəvi enerji mənbələrinin qiymətlərindəki volatillikdən təsirlənməmək və ətraf mühitə təsiri minimuma endirmək üçün atom elektrik stansiyalarında (AES) istehsal olunan enerjini "yaşıl enerji” mənbəyi kimi təsnif etməyi və bu sahəyə investisiyaları artırmağı nəzərdə tutur.
AZƏRTACxəbər verir ki, 2050-ci ilədək Avropanı "iqlim dostu” qitəsinə çevirməyi hədəfləyən Aİ son dövrdə sürətlə artan enerji qiymətlərinə qarşı görüləcək tədbirləri dəyərləndirir. Bərpaolunan enerji mənbələri ekoloji cəhətdən təmiz və "iqlim dostu” transformasiyasında mühüm rol oynasalar da, külək, günəş və su anbarlarında elektrik enerjisi istehsalının fasiləsiz davam etməməsi, dövri olaraq dəyişməsi daha sabit və bir-birini tamamlayan elementlərə ehtiyac olduğunu göstərir.
Son aylarda Avropa ölkələrində müşahidə olunan quraqlıq nəticəsində su elektrik stansiyalarında, iqlim şəraiti səbəbindən isə külək stansiyalarında elektrik enerjisinin istehsalının azalması kimi amillər yenidən ənənəvi enerji resurslarına meyli artırır. Lakin bu kontekstdə, yeni növ koronavirus epidemiyası zamanı müəyyən səviyyədə olan təbii qaz, kömür və neft qiymətləri iqtisadi artımın sürətlənməsi, tələbatın çoxalması fonunda sürətlə yüksəlir. Avropa ölkələri isə bu qiymət artımlarına hazırlıqsız idi. Ötən qış mövsümünün daha soyuq keçməsi səbəbindən Aİ-nin təbii qaz rezervlərinin azalması da vəziyyəti daha da çətinləşdirir.
Təbii qaz qiymətlərinin bu ay rekord səviyyəyə yüksəlməsi və buna görə də ilin ötən 9 ayında elektrik enerjisinin topdan satış qiymətlərinin 150 faizdən çox artması Avropa ölkələrini narahat edir. Bu məsələdə Avropa İttifaqının iqlim siyasətlərinin enerji xərclərinin artmasına şərait yaratdığını düşünənlər var. Lakin Aİ bu vəziyyətə idxal edilən ənənəvi enerji mənbələrinin qiymətlərindəki artımın səbəb olduğunu bildirir. Enerjidə xaricdən asılılığı azaltmaq istəyən Avropa ölkələri enerji qiymətlərinin artması fonunda bərpaolunan enerji mənbələrinə uzunmüddətli investisiyaları sürətləndirməyi hədəfləyir. Aİ-yə üzv ölkələr elektrik enerjisi istehsalında istifadə olunacaq yeni enerji mənbələrini müəyyənləşdirir. Belə ki, atom elektrik stansiyalarına sahib olan Avropa ölkələri bu stansiyaların karbon qazı emissiyasının aşağı, iqlim dəyişikliyi ilə mübarizədə təsirli, təhlükəsiz və rəqabətli olduğunu, eləcə də nüvə enerjisinin xaricdən asılılığı azaltdığını bildirirlər. Avropanın enerji tələbatını ödəmək üçün bərpaolunan mənbələrdən savayı atom elektrik stansiyalarının da mühüm rol oynadığını düşünən həmin ölkələr nüvə enerjisinin Aİ-də "yaşıl investisiya” təsnifatına daxil edilməsini istəyirlər. Başda Fransa olmaqla Macarıstan, Polşa, Finlandiya, Bolqarıstan, Xorvatiya, Çexiya, Rumıniya, Slovakiya və Sloveniya kimi ölkələr əməkdaşlığın artacağı təqdirdə yaxın gələcəkdə müasir reaktorların inşa olunacağını bildirilər.
Sözügedən 10 ölkə bu həftə birgə məktub imzalayaraq Aİ-yə ünvanlayıblar. Avropa Komissiyasının isə "yaşıl investisiyalar”a dair siyahını qarşıdakı aylarda açıqlaması gözlənilir. Atom elektrik stansiyalarına malik Aİ-yə üzv ölkələrin çoxluğu nəzərə alındıqda bu enerji mənbəyinin "yaşıl investisiya” olaraq qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, Aİ ölkələrinin ümumi elektrik enerjisi istehsalında atom enerjisinin payı təxminən 25 faizdir. Avropa Nüvə Təhlükəsizliyi Tənzimləyiciləri Qrupunun (ENSREG) məlumatına görə, Aİ ölkələrində ümumilikdə fəaliyyətdə olan 106 nüvə reaktoru var. Aİ-yə üzv 27 ölkədən 13-ü elektrik enerjisi istehsal etmək üçün atom elektrik stansiyalarından istifadə edir.
Fransa elektrik enerjisinin 70 faizini ölkədəki 56 nüvə reaktoru hesabına istehsal edir. Almaniyada 6 atom elektrik stansiyası fəaliyyət göstərir ki, bu stansiyalar elektrik enerjisinin təxminən 12 faizini istehsal edir. Lakin Almaniya atom elektrik stansiyalarının fəaliyyətini dayandırmağı da qaysıya məqsəd kimi qoyub.
İspaniyadakı 5 atom elektrik stansiyasında 7 reaktor fəaliyyət göstərir və elektrik enerjisinin təxminən 22 faizi bu stansiyalarda istehsal olunur. Niderlandda bir nüvə reaktoru var ki, elektrik enerjisinin cəmi 3 faizi bu mənbədən əldə edilir. Belçikanın 2 atom elektrik stansiyasında ümumilikdə 7 reaktor işləyir. Nüvə reaktorlarının istehsal etdiyi elektrik enerjisi ölkənin tələbatının təxminən yarısını ödəyir. İsveçdəki 3 atom elektrik stansiyasında fəaliyyətdə olan 6 reaktor elektrik enerjisinin 40 faizini, Çexiyadakı 6 nüvə reaktoru isə elektrik enerjisi istehsalının təxminən üçdəbirini təmin edir. Finlandiyanın 2 atom elektrik stansiyasındakı 4 reaktor ölkənin elektrik enerjisinin istehsalının 30 faizini, Slovakiyadakı 4 reaktor elektrik enerjisi tələbatının təxminən yarısını, Bolqarıstandakı 2 reaktor isə ölkənin elektrik enerjisi istehsalının üçdəbirini ödəyir.
Hazırda Macarıstandakı 4 nüvə reaktoru ölkədə elektrik enerjisinin təxminən yarısını istehsal edir. Macarıstan əlavə olaraq 2 yeni nüvə bloku quraşdırmağa da hazırlaşır. Rumıniyadakı 2 nüvə reaktoru elektrik enerjisinin 20 faizini, Sloveniyadakı bir reaktor isə elektrik enerjisinin 35 faizini istehsal edir.
banner

Oxşar Xəbərlər