• şənbə, 20 Aprel, 16:03
  • Baku Bakı 23°C

Avropa Komissiyası “Şimal axını-2”yə nəzarət etmək istəyir

15.06.17 10:00 1195
Avropa Komissiyası “Şimal axını-2”yə nəzarət etmək istəyir
Rusiyanın başıbəlalı "Şimal axını-2” layihəsi ilə bağlı qalmaqal və gərginlik səngimir. Layihə indi də Avropa Komissiyası və ekoloqların müqaviməti ilə üzləşib. Rusiya mətbuatı iddia edir ki, Avropada layihənin başı üzərində "qara buludlar” güclənib. Belə ki, Avropa Komissiyası "Şimal axını-2” layihəsinə nəzarət etmək iddiası ilə çıxış edib. Bu qurumun Rusiyanın qaz nəhəngi "Qazprom”la və Rusiyanın hakimiyyət orqanları ilə danışıqlar aparmaq üçün mandat əldə etdiyi iddia olunur.
Layihədə maraqlı olan Almaniya və Rusiya "Şimal axını-2” layihəsini Rusiya qazını Avropaya çatdırmaq istiqamətində ən ucuz vasitə hesab edirlər. Lakin "Şimal axını-2”-nin çox ciddi əleyhdarları var. Həmin qüvvələr layihənin baş tutmaması, dayandırılması üçün çalışır, əlavə olaraq siyasi tələblər irəli sürürlər. Rusiyadan əsas tələb Ukrayna ərazisindən qaz tranzitini dayandırmamaqdır. Bundan əlavə, "Şimal axını-2” layihəsinə qarşı təbiət qoruyucuları - ekoloqların da iddiası var. Onlar adıçəkilən layihənin adları "Qırmız kitab”a düşən fauna və flora növlərinə neqativ təsirlərinin olduğunu bildirirlər.
"Rusiya Federasiyası Avropa Komissiyasının Avropa İttifaqı ölkələrindən "Şimal axını-2” layihəsi ilə bağlı mandat almaq barədə sorğusunu öyrənməli, tədqiq etməlidir”, - deyə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. Nazir vəd edib ki, "Şimal axını-2” layihəsi Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviçlə avqustun sonu, sentyabrın əvvəlində görüşdə müzakirə mövzusu olacaq. İddia olunur ki, bir qədər əvvəl Avropa Komissiyası Avropa İttifaqı Şurasına sorğu ilə müraciət edərək Rusiya Federasiyası ilə xüsusi hüquqi bazanın yaradılması məqsədi ilə danışıqlar aparmaq üçün mandat istəyib. Avropa Komissiyasının qənaətincə, bunun əsasında "Şimal axını-2” gələcəkdə fəaliyyətə başlaya biləcək. Lakin "Qazprom”un nəzarətində olan "Nord Stream-2” ötən gün mətbuat üçün yaydığı bəyanatda Avropa Komissiyasının "Şimal axını-2” layihəsi üçün xüsusi hüquqi rejimin yaradılması barədə iddiaları rədd edilir. "Nord Stream-2”də hesab edirlər ki, Avropa İttifaqı ilə Rusiya arasında "Şimal axını-2” layihəsi ilə bağlı beynəlxalq razılaşmaya ehtiyac yoxdur. Çünki Avropada bu cür "əcnəbi” boru kəmərləri ilə bağlı ümumi qəbul edilən hüququ baza mövcuddur.
Avropa Komissiyasının layihə ilə bağlı iddialarını çoxları siyasiləşdirilmiş hesab edirlər.
"Avrobürokratların ayrıca götürülmüş layihələr üçün xüsusi hüquqi rejim müəyyən etmək cəhdləri hüquqi qeyri-müəyyənlik və investorlar üçün risklər yaradır. Siyasi cəhətdən motivləşdirilmiş ittihamlar özlüyündə ciddi əsaslara malikdir. Avropalılar faktiki olaraq Rusiyadan Ukraynanın maliyyələşdirilməsinin saxlanılmasını tələb edirlər. Bir sıra Avropa ölkələrinin liderləri açıq şəkildə bəyan edirlər ki, layihəyə qarşı mübarizə yollarını arayırlar”,- deyə Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır.
Yayılan məlumatlara görə, Ukrayna Ali Radasının spikeri Andrey Parubiy Birləşmiş Ştatlara səfər edib. Spiker keçirəcəyi əsas görüşlərdə "Şimal axını-2” layihəsinin Avropada təhlükəsizliyə zərbə vurduğunu müzakirə etmək fikrindədir.
O ki qaldı ekoloqlara - onlar da ayrıca siyahı hazırlayıblar. "Rus borusu”nun yolunda alman fermerləri də dayanıb. Maraqlıdır ki, Rusiyanın özündə də ekoloqlar həyəcan təbili çalırlar. Onlar bildirirlər ki, boru xətti nadir Kurqal qoruğunu məhv edə bilər. Ötən il burada bir sıra nadir quş növləri tapılsa da, onların sevinci uzun sürməyib. Bəlli olub ki, bu ərazidə boru xətti inşa ediləcək. Ən pisi odur ki, 85 metr enlikdə bütün ağacların qırılması nəzərdə tutulub. Problem artıq beynəlxalq səviyyəyə kimi yüksəlib və ekoloqları Kurqal qoruğunda yaşanan problemlərlə bağlı Fransanın RFİ radiosuna dəvət ediblər. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin professoru İvan Potavnıy hesab edir ki, "qoruq ərazisi ilə boru xəttinin keçməsi həm Rusiya, həm də beynəlxalq təbiət qanunvericiliyə ziddir. Bu hal heç bir halda diqqətdən qaçırıla bilməz”. Onun sözlərinə görə, bu ilin aprelində prezident Vladimir Putin Rusiyanın 2025-ci ilədək Ekoloji təhlükəsizlik üzrə Strategiyasını təsdiq edib. Burada layihələrin ətraf mühitə təsiri baxımından strateji ekoloji qiymətləndirilmələri nəzərdə tutulub.
Aydındır ki, "Şimal axını-2” layihəsinin beynəlxalq statusda əsaslandırılması mütləq qaydada həyata keçiriləcək. Hələ ki bu layihəyə o qədər də əlverişli münasibətin olmadığı barədə ictimai diskussiya formalaşdırılır. Kreyndlin açıqlayıb ki, "bu birinci dəfə deyil ki, Rusiya ərazisində qorunan ərazilərdə qaz kəmərləri inşa edilir. "Şimal axını-1” kəməri "Xərçəng gölü” ərazisindən keçib. Düzdür, orada boru kəməri mövcud olan qaz xətti ilə getsə də, problem var idi. Analoji hal "Şimal axını-2” layihəsi ilə də bağlıdır. Kolqanpya burnu ilə çəkiləcək qaz kəməri Kotelsk qoruğuna toxunur. "Nord Stream-2” şirkəti sübut etmək istəyir ki, Kurqal qoruğu ilə keçəcək xətt daha ekolojidir. Lakin Kotelskdə artıq neft kəməri, dəmir yolu xətti qoyulub. Bu dəhliz vasitəsilə yeni bir qaz xəttinin inşası ətraf mühitə elə də ciddi təsir etməyəcək”. Ekoloq xatırladır ki, qoruq ərazisindən birbaşa magistral qaz xətlərinin inşası qadağandır. Onu inşa etmək üçün bütövlükdə qanunu dəyişmək gərəkdir. "Nord Stream-2” şirkəti də məhz buna çalışır.
Azər
banner

Oxşar Xəbərlər