• şənbə, 20 Aprel, 14:32
  • Baku Bakı 23°C

Avropa İttifaqı süquta doğru

31.05.14 08:15 1232
Avropa İttifaqı süquta doğru
Avropa İttifaqının (Aİ) üzvü olan 28 ölkədə Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri geniş müzakirələrə yol açıb. Radikal sağçı və quruma qarşı olan partiyaların qələbə qazanması Avropa İttifaqında şok effekti yaradıb. 400 milyon avropalını maraqlandıran seçkilərdə seçicilər inteqrasiya prosesinin zəiflədilməsinə tərəfdar olduqlarını bəyan ediblər. Onlar Avropa Parlamentinin 751 mandatını (əvvəlki seçkilərdəkindən 15 mandat az) müəyyən ediblər.
Avropa parlamentinə keçirilmiş seçkilərin nəticələri Avropa İttifaqı əleyhdarları (avroskeptiklər) üçün olduqca uğurlu olub. Məsələn, Böyük Britaniyada qələbəni ölkənin Aİ-dən çıxmasına çalışan populist sağçı Birləşmiş Krallıq İstiqlaliyyət Partiyası (UKİP) qazanıb. İlkin məlumatlara əsasən, UKİP səslərin 27,5%-i toplayıb və Avroparlamentdə 23 yerə malik olacaq. Beləliklə, son 100 ildə ilk dəfə olaraq Britaniyada keçirilmiş ümumi seçkilərdə aparıcı iki partiya – mühafizəkarlar və leyboristlər qələbə çala bilməyiblər. Eləcə də Britaniya tarixində ilk dəfədir ki, parlamentdə təmsil olunmayan partiya seçkilərdə qalib gələ bilib. UKİP lideri Nigel Faraj partiyasının uğurunu “son 100 il ərzində Britaniya siyasəti tarixində göstərilmiş ən görkəmli nəticə” adlandırıb. “Avrointeqrasiya ehtiyacına bugün son qoyulur” - UKİP lideri deyib. Avroparlamentdə avrointeqrasiya tərəfdarlarının bu dəfə də çoxluqda olacağına baxmayaraq, son Avropa seçkiləri avroskeptiklərin zəfərilə yadda qalacaq.
Fransada prezident Fransua Ollandın rəhbərlik etdiyi Sosialist Partiyası səslərin yalnız 14%-i ala bildiyi halda, Milli Cəbhə sarsıdıcı qələbə qazanaraq 26% səs toplayıb. “İnsanlar daha xaricdən, Avropa komissarları tərəfindən idarə olunmaqlarını istəmirlər, buna qarşıdırlar” – deyə Milli Cəbhənin lideri Marin Le Pen səsvermənin nəticəsi bəlli olduqdan sonra deyib. Latviyada hökumətin başçısı Laymdota Strauyumanın başçılıq etdiyi Avropa yönümlü “Birlik bloku” qalib gəlib. Seçkilərdən əvvəl favorit sayılan müxalif “Həmrəylik mərkəzi” Partiyası ikinci olub. Çexiyada isə Avropa yönümlü qüvvələr qalib gəlib. Niderlandda gözlənilmədən Avropa İttifaqına şübhə ilə yanaşan Gert Vilders məğlubiyyətə uğrayıb. Danimarkada Xalq Partiyasını təmsil edən sağçı populistlər qələbə çalıb. Onlar Aİ vətəndaşlarının Danimarkada yaşama hüququnun məhdudlaşdırılmasını təklif ediblər. Bu proqramı seçicilərin 26,6 faizini dəstəkləyib. Seçici fəallığının təqribən 50 faiz təşkil etdiyi İrlandiyada da insanlar hökuməti cəzalandırıblar. Seçkilərin belə nəticəsi Avroparlamentdə Aİ qurumlarının səlahiyyətini məhdudlaşdırmağı tələb edənlərin təsir imkanlarını xeyli artıracaq. Müşahidəçilər Avropa əleyhinə qüvvələrin uğurunu Avropa İttifaqının üzləşdiyi iqtisadi problemlərlə izah edirlər. Qeyd edək ki, Avroparlamentə seçkilər Avropada iqtisadi böhran və ciddi maliyyə problemləri fonunda keçib.
Yeri gəlmişkən, bəlli olduğu kimi, bazar günü Ukraynada keçirilən seçkilərdə prezident vəzifəsinə Qərbyönümlü namizəd seçildi. Ekspertlər hesab edir ki, Avropada keçirilən səsvermənin nəticəsi Ukraynanın Avropaya inteqrasiyasına ciddi bir maneəyə çevrilə bilər. Yəni, Avropa Parlamentinə keçirilən seçkilər gözlənilmədən Ukrayna və onun Avropa ambisiyalarına zərbə endirə bilər. Onilliyin sonunadək Brüsseldə yerləşən parlamentin üzvlərinin üçdə biri Avropa İttifaqı və Aİ genişlənməsinin əleyhinə çıxır. Bir çox hallarda onlar Rusiya prezidenti Vladimir Putini alqışlayırlar. Moskvanın Karnegi Mərkəzindən təhlilçi Mariya Lipman avroskeptiklərin ən əvvəl Ukraynaya maliyyə yardımını kəsmək istəyəcəklərini deyib: “Avropa seçkilərinin nəticələri Ukrayna üçün yaxşı deyil. Bu, Ukraynaya yardım məsələsinə təsir edəcək. Avropa İttifaqı bununla bağlı artıq ciddi maneələrlə üzləşir. Burada iqtisadiyyatın durumu yaxşı deyil”. Kiyevdə olan Avropa İttifaqı Parlamenti nümayəndə heyətinin başçısı Qoran Faerm Avropa İttifaqının Ukrayna ilə azad ticarət zonası və vizasız rejim razılığı imzalamağa hazır olduğunu deyib. Lakin Brüsselə qayıtdıqdan sonra Avropa İttifaqında parlament üzvlərinin azaldığını görüb. Bu isə Avropa qapılarının Ukraynanın üzünə bağlanması deməkdır. Onlar Ukraynanın Rusiya üçün problem olduğunu deyirlər. Kreml isə bu siyasətçiləri özünə tərəf çəkməyə çalışır.
Keçən ay Fransa Milli Cəbhəsinin lideri Marin Le Pen Moskvada səfərdə olub. O, Rusiya prezidenti Vladimir Putini tərifləyib və əlavə edib ki, Ukraynanın Avropa İttifaqına üzv olmasının heç bir mənası yoxdur. Putin də öz növbəsində Marin Le Penin Fransada qazandığı müvəffəqiyyətini yüksək qiymətləndirdiyini deyib. Budapeştdəki Siyasi Kapital institutunun direktoru Piter Kreko hesab edir ki, Avropadakı millətçi partiyalar Amerikaya və Avropa İttifaqına qarşıdırlar. Buna görə də onlar prezident Putinlə ümumi dil tapa bilirlər. Maraqlıdır ki, Kremlin maliyyələşdirdiyi “RT” telekanalı Le Penə dair 100-dən çox reportaj işıqlandırıb. Rusiya dövlət mediası isə Birləşmiş Krallıq İstiqlaliyyət Partiyasının (UKIP) lideri Nigel Farajdan 17 dəfə müsahibə götürüb. Faraj öz bəyanatlarında tez-tez Rusiyaya dəstək ifadə edir.
Onu da qeyd edək ki, Avropa Parlamentinə seçkilərdə sağ-mərkəzçi partiyaların qalib gəlməsi, liberal-demokratların isə uzun illərdən bəri ilk dəfə azlıqda qalması Türkiyəni məyus edib. Buna səbəb sağ-mərkəzçi qüvvələrin Türkiyənin Avropa İttifaqına üzvlüyünə qarşı olmasıdır. Seçkilərin nəticələrinə əsasən, Avropa parlamentində Türkiyəni dəstəkləyənlərin sayı kəskin azalıb. Almaniyada kansler Angela Merkelin xristian-demokratlar partiyası və Fransada prezident Nikola Sarkozinin sağ-mərkəzçi partiyasının qələbə qazanması da Türkiyə üçün yaxşı heç nə vəd etmir. Çünki onların hər ikisi Türkiyənin üzvlüyünə qarşıdır. Ehtimal olunur ki, Avropa Parlamentinə seçkilərin nəticələri Türkiyə ilə Aİ arasında onsuz da çətin gedən üzvlük danışıqlarını daha da mürəkkəbləşdirəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər