Avropa İttifaqı regional layihələrə diqqəti artırır - fotolar

Avropa İttifaqı regional layihələrə diqqəti artırır - fotolar

Cəmiyyət
27 Aprel 2013, 08:29 2853
Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobianın rəhbərliyi ilə bir qrup nümayəndə heyəti aprelin 25-də Bərdə rayonunda və Gəncə şəhərində səfərdə olub. Bərdə rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Vidadi İsayev qonaqları salamlayaraq, onlara Bərdə rayonunun tarixi, burada dövlət tərəfindən həyata keçirilən islahatlar barədə geniş məlumat verib. O, Bərdənin Qarabağ bölgəsində yerləşdiyini diqqətə çatdıraraq, ərazisinə, əhalisinin sayına, kənd təsərrüfatı sahəsinə Azərbaycanın ən böyük rayonlarından biri olduğunu deyib. Bildirib ki, Bərdə Qarabağ bölgəsində regional mərkəz formasında, cəbhə xəttinə yaxın ərazidə yerləşir: “Şərqin və Avropanın, eləcə də Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bu şəhərin salınmasının 3 min il yaşı var. 500 il Azərbaycanın paytaxtı olub. Burada insan yaşayışının 9 min il yaşı var. Xüsusilə orta əsrlərdə Bərdə İpək Yolu üzərində ən mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olub. Bərdə Qarabağ bölgəsində strateji məntəqədir. Burada təxminən 150 min insan yaşayır. Ermənistanın təcavüzü zamanı öz torpaqlarını itirən insanların ən çoxu da Bərdədə məskunlaşıb. Onların sayı 50 mindən artıqdır. O insanların əksəriyyəti indi də yaxşı olmayan şəraitdə yaşayırlar. Bir çoxları məktəblərdə sinif otaqlarında, yol kənarlarında heç bir şəraiti olmayan yerlərdə yaşayırlar. Azərbaycan əraziləri işğaldan azad edilənə qədər onların sosial vəziyyətinin, yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən zəruri tədbirlər görülür. Ötən il 195 ailənin yaşaya biləcəyi bir qəsəbə tikilib istifadəyə verilib. Hazırda 15 ədəd 5 mərtəbəli binalardan ibarət ikinci qəsəbə də salınır. Burada isə təxminən 900 ailənin yerləşdirilməsi planlaşdırılıb. Əgər yaxın gələcəkdə münaqişə həllini tapmasa, 2015-ci ildə 2000 ailəlik daha bir qəsəbə də salınacaq. Lakin heç bir qayğı, heç bir diqqət onlara öz doğma torpaqlarındakı şəraiti əvəz edə bilməz”.

V.İsayev Avropa İttifaqı təşkilatının xətti ilə Bərdədə bir sıra işlər həyata keçirildiyini xatırladıb. Deyib ki, həmin layihələrin davamlı xarakter alması, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etməsi vacibdir. İcra başçısı bunun üçün lazımi dəstəyin veriləcəyini vurğulayıb: “Bakı şəhəri ilə bölgələr arasındakı fərqi azaltmaq, tarazlığı bərpa etmək üçün yalnız dövlət xətti ilə deyil, həm də beynəlxalq strukturlarla əlaqələr genişləndirilməli, müəyyən layihələr həyata keçirilməlidir. Bu mənada, sizin təşkilatın Bərdədə həyata keçirdiyi layihələrin iqtisadi, siyasi, sosial və mənəvi əhəmiyyəti var. Ona görə də bu əməkdaşlığı yüksək qiymətləndiririk. Kənd yerlərində tibbi xidmətin, su təchizatının, yol infrastrukturunun yaxşılaşdırılması təqdirəlayiq haldır. Bu, davamlı xarakter almalıdır. Sizin yerlərdə həyata keçirəcəyiniz bu və ya başqa layihələrinizə də dəstək verməyə hazırıq. Çünki bu layihələr yerli icmaların fəaliyyətini də aktivləşdirir, vətəndaş cəmiyyətinin formalaşmasına dəstək verir, dövlətlə QHT-lər arasında uzlaşma yaradır. Rayon icra hakimiyyəti olaraq əməkdaşlığa bundan sonra da hazırıq”.

Səfir Roland Kobia bildirib ki, nümayəndə heyətində əcnəbi və yerli jurnalistlərlə bərabər, Almaniya və İtaliyanın Azərbaycandakı səfirinin müavinləri, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin bir sıra əməkdaşları da daxildir. O, regiona səfərinin məqsədindən də söhbət açıb: “Bizim səfərimizin məqsədi sizin regionla, buradakı əhali və onların potensialı ilə tanış olmaqdır. Bərdə rayonu cəbhə xəttinə yaxındır və mən əminəm ki, bu amil rayonun həyatına təsirsiz ötüşmür. Avropa İttifaqının Azərbaycanla əməkdaşlıq siyasəti ondan ibarətdir ki, biz Bakı ilə regionlar arasında göstərilən yardımın tarazlaşdırılmasını istəyirik. Biz inkişaf sahəsindəki əməkdaşlığımızı regionlarda daha da genişləndirmək istəyirik. Bu istiqamətdə bir sıra layihələr icra edə bilərik. Ancaq istərdik, sizin də fikirlərinizi və təkliflərinizi öyrənək və bilək ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı bu əməkdaşlığı Bərdədə necə genişləndirmək olar. Biz hazırda Azərbaycan hökuməti ilə müzakirələr aparırıq ki, bu əməkdaşlıq regionlara doğru daha da genişləndirilsin. Biz də öz fəaliyyətimizlə Azərbaycan dövlətinin bu istiqamətdəki siyasətinə qoşulmaq, iqtisadi inkişafın təmin edilməsinə dəstək vermək istəyirik. Danışıqların tezliklə başa çatmasını istəyirik”.

Görüş başa çatdıqdan sonra nümayəndə heyəti rayonun Xasılı kəndinə gedib. Burada Avropa İttifaqının və yerli icmanın dəstəyi ilə tikilən tibb məntəqəsinə baxış keçirilib. Tibb məntəqəsinin baş həkimi Aygün Kərimova bildirib ki, əvvəllər kənddə böyük xəstəxana olub. Lakin Ermənistanın təcavüzü, Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində öz torpağından çıxarılan qaçqın və məcburi köçkünlərin bu binada yerləşməsi, ölkənin müharibə şəraitində olması zamanla səhiyyə müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərib. Ancaq hazırkı tib məntəqəsi istifadəyə verildikdən sonra bu kənddə, eləcə də ətraf ərazidəki daha 6 yaşayış məntəqəsinə səhiyyə xidmətinin göstərilməsi təmin olunub. Paralel olaraq həmin məntəqəyə, məktəbə və kənddəki bir sıra ərazilərə su xətti çəkilib. Məntəqədə qəbul, peyvənd, həkim və doğum otaqları var. Burada pediator, laborant, terapevt və 8 tibb bacısından ibarət kollektiv əhaliyə xidmət edir.
Nümayəndə heyəti Bərdə rayonunun Əliyanlı kəndində də olub. Bu yaşayış məntəqəsində isə Avropa İttifaqının və yerli icmanın dəstəyi ilə ərsəyə gətirilən içməli su təchizat sisteminin açılışı olub. “Oxfam” humanitar təşkilatının idarəetmə proqramının rəhbəri Orxan Əliyev hazırkı su təchizatı modelinin Bərdə, Ağcabədi və Tərtər rayonunun 10 kəndində qurulduğunu söyləyib. Qeyd edib ki, əsas məqsəd bu su təchizat sistemini bələdiyyələrə ötürmək və bələdiyyələr tərəfindən yerli əhaliyə su xidmətinin göstərilməsini təmin etməkdir.

Bərdədən sonra nümayəndə heyəti Gəncəyə gələrək burada şəhər icra hakimiyyətində görüş keçiriblər. Səfir R.Kobia bildirib ki, Avropa İttifaqı Azərbaycan hökuməti ilə münasibətlər çərçivəsində Gəncə ilə də əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır: “Bu səfər çərçivəsində gələcək əməkdaşlığımızın davam etdirilməsi istiqamətində danışıqlar aparmaq, həmçinin burada Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşan layihələrə baş çəkməkdir. Sizin dəstəyiniz sayəsində bizim əvvəlki layihələrimiz burada maneəsiz icra olunub. Hazırda da Azərbaycan hökuməti ilə bizim müzakirələrimiz gedir. Növbəti illər üçün bizim əməkdaşlıq sektorlarımız müəyyənləşdirilir. Bunlar regional inkişaf, iqtisadiyyatın diversifikasiyası, ədliyyə sektoru, təhsil sistemidir. Fikirləşirik ki, bu sahələrdə edə biləcəyimiz yardımı əhəmiyyətli dərəcədə artıraq. Bununla bərabər sizin də təkliflərinizi, fikirlərinizi də dinləmək, müzakirələr aparmaq istərdik”.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Avropa İttifaqının və yerli icmanın dəstəyi ilə regionlarda, o cümlədən Gəncə şəhərində gerçəkləşdirilən layihələrin əhəmiyyətindən danışıb. Psixatriya xəstəxanasında reallaşdırılan layihəyə toxunan icra başçısı burada müayinə və müalicə aparacaq, müasir tələblərə cavab verəcək peşəkar kadrlara, həkim briqadasına zərurət yarandığını dilə gətirib. O, bunun təmin edilməsi üçün icra hakimiyyəti tərəfindən lazımi dəstəyin veriləcəyini söyləyib. İcra başçısı digər əməkdaşlıq əlaqələrindən, Gəncədə həyata keçirilən islahatlardan, dövlət dəstəyindən də geniş söhbət açıb: “Rasmussen proqramı var. Bu proqrama Gəncədəki Aqrar və Gəncə Dövlət universitetləri qoşulublar. Bundan başqa Fransa ilə iqtisadiyyat sahəsində əlaqələrimiz var. Fransanın kənd təsərrüfatı nazirinin və şərabçılıqla məşğul olan bütün şirkətlərin təmsilçilərinin bu ilin oktyabr ayında Gəncə şəhərində keçiriləcək Şərab Festivalında iştirakı gözlənilir. Buraya Fransa ilə yanaşı, İtaliya, İspaniya, eləcə də postsovet məkanındakı ölkələrdən nümayəndələr gələcəklər. Azərbaycan 45-ci ölkə kimi Ümumdünya Şərab Federasiyasına üzv qəbul olunub. Bu uğurda Gəncənin də özünəməxsus payı və rolu var. Qərara alınıb ki, Ümumdünya Şərab Federassiyasının növbəti konfransı da məhz Gəncədə keçirilsin. Bundan başqa, illik istehsal gücü 1 milyon ton olacaq metallurgiya zavodunun inşası da planlaşdırılıb. 1 milyard avroya başa gələcək bu zavodda quraşdırılacaq müasir avadanlıqlar Almaniyanın “Simens” şirkəti tərəfindən ölkəyə gətiriləcək. Eyni zamanda Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtına iddialı şəhərdir. Biz bu kimi digər əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlıyıq”.

Görüşün ardınca nümayəndə heyəti Gəncə şəhərində Avropa İttifaqının maliyyə yardımı ilə reallaşan layihələrə baxış keçiriblər. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Gəncə Şəhər Rayonlararası İctimai Birliyinin “Kiçik Mətbəə”sinə gələn qonaqlar burada quraşdırılan avadanlıqlar, yaradılan iş şəraiti ilə tanış olublar. Birliyin nümayəndəsi Faiq İlyasov bildirib ki, 2013-cü ilin avqust ayına kimi icra olunacaq layihə buradakı 1 və 2 saylı Təlim və istehsalat müəssisələrinin üzvləri, onların ailələri üçün davamlı gəlir əldə etmək imkanlarının yaradılmasına kömək etməklə, xüsusi qayğıya ehtiyacı olan insanlar arasında yoxsulluğun azaldılmasını hədəfləyib.

Avropalı qonaqlar Gəncə şəhərində “Gənclər üçün liberal dəyərlər məktəbi” layihəsinin icra olunduğu ofisə də baş çəkiblər. “Kamil vətəndaş” İctimai Birliyinin Maarifləndirmə Mərkəzinin direktoru Həsən Hüseynli görüşün monitorinq xarakterli olduğunu ifadə edib. Deyib ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin bu il verdiyi qrantları Gəncədən iki təşkilat alıb. Bunlardan biri “Kamil vətəndaş” İctimai Birliyidir ki, onun layihəsi “Gənclər üçün liberal dəyərlər məktəbi”dir: “Bu layihə sırf Gəncədə həyata keçirir. O biri isə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin layihəsidir. Bu təşkilat Bakıda yerləşsə də, onların da Gəncədə nümayəndəliyi var. “Kamil vətəndaş” İctimai Birliyinin məqsədi Azərbaycanın Qərb rayonlarında vətəndaş cəmiyyəti ideyalarının yayılmasıdır. Bizim həyata keçirdiyimiz layihənin məqsədi isə gənclərin ictimai fəallığa cəlb olunması, onlara liberal dəyərlər, demokratiyanın üstünlükləri barədə gənclərə maarifləndirmə kursları keçməkdir. O cümlədən praktiki məşğələlərlə onların ictimai fəallığını artırmaqdır. Bu layihədə ümumilikdə 200 nəfərə yaxın gənc iştirakçı olacaqdır ki, artıq onlardan 160-ı iştirakçılığını həyata keçirib. Onlara tənqidi düşüncə, liderlik, demokratiyanın tarixi, həmçinin Azərbaycanda demokratiyanın tarixi haqqında nəzəri kurslar keçirilir”.

Rufik İSMAYILOVfotolar"> fotolar"> fotolar"> fotolar">