AZE | RUS | ENG |

Avropa İttifaqı Mərkəzi Asiyada mövqelərini gücləndirir

Avropa İttifaqı Mərkəzi Asiyada mövqelərini gücləndirir
Brüssel region ölkələrinə Şərq və Qərb arasında seçim etmək şərti də qoymur

Fövqəldövlətlərin Mərkəzi Asiyada nüfuz savaşına daha bir qüdrətli oyunçu qoşulur.  Çin, Rusiya və Birləşmiş Ştatlarla yanaşı Avropa İttifaqı da Mərkəzi Asiyada aktiv siyasət həyata keçirməyə start verib. Region ölkələrində xüsusən də Özbəkistanda həyata keçirilən dəyişikliklərdən sonra qurumun buraya marağı artıb desək, yanılmarıq. Elə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerininin səfərini də bu qəbildən hesab etmək olar. Ali nümayəndə Bişkekdə yeni "Aİ-Mərkəzi Asiya” inkişaf strategiyasını təqdim edib. Sənəddə deyilir ki, bu strategiyadan məqsəd İttifaqla sözü gedən region arasında "güclü və davamlı” tərəfdaşlığın qurulmasıdır. Bildirib ki, bundan əvvəl Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş bir sıra təkliflər sözü gedən strategiya ilə birlikdə ittifaqın Mərkəzi Asiyaya yönəlik "yeni siyasətinin iş çərçivəsini” təşkil edəcək. Nazirlər 2007-ci ildə ilk belə strategiya qəbul olunandan bəri ittifaqın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla münasibətlərinin xeyli möhkəmləndiyini bildiriblər. 2016-cı ildə Qazaxıstan Avropa İttifaqı ilə Gücləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini imzalayan ilk Mərkəzi Asiya ölkəsi olub. Bu saziş Qazaxıstanla Aİ arasında siyasi dialoqun gücləndirilməsinə və qarşılıqlı ticarət və investisiya münasibətlərinin fəallaşdırılmasına dəstək verməlidir. Avropa İttifaqının Xarici İşlər Şurası bildirib ki, Brüssel region ölkələri ilə "ambisiyalı, genişmiqyaslı və qarşılıqlı faydalı” münasibətlərin qurulmasına can atır.
Beləliklə, Bişkekdə əldə olunan ilkin razılaşmaya görə, region ölkələrinə 72 mln. avro ayrılması barədə qərar qəbul edilib. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan xarici işlər nazirlərinin 15-ci toplantısında çıxış edən Mogerini bildirib ki, Brüssel Mərkəzi Asiyanı güclü və sabit görmək istəyir. Onun qənatincə, Aİ-nin əsas məqsədi regionda yeni strategiyanın köməyi ilə təhlükəsizliyin möhkəmləndirilməsi və maraqların təmin edilməsidir. Aİ həmçinin, ticarət və enerji daçıyıcıları üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. F.Mogerinin qənaətincə, əməkdaşlığın yeni xəttinin genişlənməsində demokratiyanın böyük rolu olacaq: "Yalnız müstəqil kütləvi informasiya vasitələri, vətəndaşı cəmiyyəti, qanunun aliliyi və yaxşı idarəçilik şəraitində Mərkəzi Asiya güclü və biznes üçün əlverişli və cəlbedici ola bilər”.
Bişkekdə yerləşən "Prudent Solution” analitik mərkəzinin direktoru Esen Usubaliyev hesab edir ki, Aİ-nin işləyib hazırladığı yeni strategiya 2007-ci ildə qəbul edilən strategiyanın yenilənmiş formasıdır. O zaman strategiya Almaniyanın təşəbbüsü ilə qəbul edilmiş və sonradan qeyri-effektiv elan edilmişdi: "Yeni strategiya Mərkəzi Asiyada ilk regional uğurlar eyforiyası fonunda tərtib edilib. Brüsseldə Özbəkistanın regional inteqrasiya üçün açılmasından ruhlanıblar. Qurumda hesab ediblər ki, regional inteqrasiyanı stimullaşdırmaq və dəstəkləmək üçün yeni təşəbbüslə çıxış etməyin zamanı yetişib. Bu, yeni strategiyada əks olunan məqamlardan biridir”. Bununla belə, ekspert məsələyə ehtiyatlı optimizmlə yanaşır. Səbəb də odur ki, region ölkələrinin hər birinin müxtəlif məqsəd və hədəfləri var. Ən əsası, onların xarici siyasəti milli maraqlara söykənir. Usubaliyev diqqəti eyni zamanda sənəddə konkretliyin olmamasına yönəldib.
"Möhdəşəm boşluq”. Bunu isə Strateji qiymətləndirmələr və proqnozlar Mərkəzinin direktor müavini İqor Pankratenko yeni strategiyaya qiymət verərkən bildirib: "Brüssel üçün Mərkəzi Asiya coğrafiyanın sonu deməkdir”. Lakin bununla belə, strategiyada müəyyən faydanın olduğunu da etiraf etməli olub. Öz növbəsində Brüsseldə hesab edirlər ki, Avropa İttifaqı regionun inkişafı məsələsində əsas tərəfdaşdır. 2014-2020-ci illər ərzində Avropa İttifaqı hüququn aliliyi, ətraf mühitin qorunması, su resursları, ticarət və sərhəd rejiminin maliyyələşməsinə 1 mlrd. dollardan artıq vəsait ayırıb. Bu səbəbdən də Aİ əlavə olaraq Mərkəzi Asiya ölkələrinə 72 mln. avro ayırmaq qərarına gəlib. Avropa Komissiyasının mətbuat üçün açıqlamasında bildirilir ki, bu vəsaitin 20 mln-u Tacikistana veriləcək. Vəsait yeni su elektrik stansiyasının inşası üçün ayrılır. Bununla da Düşənbə Əfqanıstanın şimalına elektrik enerjisini ixrac etmək imkanı əldə edəcək. Qırğızıstan isə təhsili inkişaf etdirmək üçün 36 mln. avro əldə edəcək. Əlavə 14 mln. avro SWITCH regional proqramının inkişaf etdirilməsinə ayrılacaq. Məqsəd də yaşıl iqtisadiyyata keçidi təmin etməkdir. Yerdə qalan 2 mln. avro qadınların iqtisadi hüquqları və imkanlarının genişlənməsinə ayrılacaq. Bu da Qazaxıstan və Özbəkistanla birgə reallaşdırılacaq. Layihə çərçivəsində əfqan qadınlarının təhsili və onların ölkələrinin iqtisadi həyatına cəlb edilməsi də nəzərdə tutulur. F.Mogerini də keçirdiyi görüşlərin əsas nəticəsi kimi Qırğızıstanla əməkdaşlığın genişləndirilməsi və Türkmənistanda nümayəndəliyin açılması barədə sənədin imzalanmasını göstərib. Maraqlıdır ki, qırğız nazir Çingiz Aydarbekov avropalı diplomatı iki ölkə arasındakı əməkdaşlığın inkişaf etdirilməsindəki  xidmətlərinə görə ordenlə də mükafatlandırıb. Mogerini bu zaman bildirib ki, Aİ Mərkəzi Asiya ölkələrinə onlar və digər ölkələr arasında əməkdaşlıq üzrə seçim etmək şərtini qoymur.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968