Avropa İttifaqı kritik durumda
Son zamanlar ciddi problemlərlə üz-üzə qalan Avropa İttifaqı (Aİ) daxilində
meydana çıxan problemlərin həllində aciz qalıb. Bir sıra dövlətlərin müstəqil
siyasət yeritmək iddiası, milliyyətçiliyin radikal məzmun alması, miqrantlar,
işsizlik kimi məsələlər ön plana çıxıb. Onları aradan qaldıra biləcək səmərəli
proqramları isə hələ ki, tapmaq olmur. Daxili problemlərlə yanaşı, xarici
siyasətdə də müəyyən mürəkkəbliklər üzə çıxmağa başlayıb. Məsələn, Ukrayna
böhranının fonunda Aİ-nin Rusiya ilə münasibətləri necə qurmalı olduğunu
Brüssel özü üçün aydınlaşdırmayıb. Bir sıra dövlətlər Rusiya ilə münasibətlərin
normallaşmasını, hətta onun layihələrinə qoşulmaq tərəfdarı kimi çıxış edir.
Digərləri isə Rusiyanın enerji asılılığından qurtulmağı prioritet hesab edir.
Bütün bunların fonunda Avropa İttifaqının gələcək taleyi haqqında bədbin
proqnozlar verilir. Qurumun gələcəyi ilə əlaqədar müxtəlif ssenarilər irəli
sürülür. Əsas etibarilə də Aİ daxilində maliyyə-iqtisadi böhran önə çəkilir. Aİ
iqtisadiyyatının qeyri-müəyyən vəziyyətə düşdüyü iddia edilir. Üstəlik, Aİ-yə
daxil olan ölkələr arasında inkişaf templəri də fərqli gedir. Məsələn,
Almaniyada artım gözlənildiyi halda, təşkilatın digər dövlətlərində tənəzzül
proqnozlaşdırılır. Müşahidəçilər hesab edir ki, bu prosesin çox təhlükəli
olduğunu dərk etmək gərəkdir. Çünki belə olduğu halda, Aİ-nin bir sistem kimi
inkişafı mümkün deyil. Yaranmış vəziyyətdə Aİ-nin geosiyasi güc olaraq nə kimi
addımlar atacağından çox şey asılıdır və Brüssel də hələlik bu istiqamətdə tam
aydın mövqe nümayiş etdirmir.
Belə bir mürəkkəb durumda Avropa İttifaqı növbəti sammitini keçirmək
qərarına gəlib. Slovakiyanın paytaxtı Bratislavada baş tutan tədbirdə Böyük
Britaniyanın ittifaqdan ayrılma qərarı, arxa-arxaya baş verən terror hücumları
və qaçqın böhranı müzakirəyə çıxarılıb. Londonun dəvət edilmədiyi sammitdə hər
hansı bir qərarın qəbul olunması gözlənilmir.Avropa İttifaqı Şurasının
sədri Donald Tusk Bratislavaya gəlişində verdiyi açıqlamada "İttifaqın
keçirdiyi böhranın yayılmasına imkan verməməliyik” deyib.D.Tusk Aİ
liderlərini Böyük Britaniyanın birlikdən çıxmasından sonra blokun problemlərinə
"ayıq və ədalətli” baxmağa çağırıb. O deyib ki, bir qədər əvvəl Avropa
"böhranın bütün növü” ilə sarsılıb və indi heç nə olmamış kimi davrana bilməz.
D.Tusk əlavə edib ki, "Aİ "Brexit”in səbəblərinə real diaqnoz” qoymalıdır. O, Aİ
liderlərinə çağırış edərək deyib ki, onlar insanları əmin etməlidirlər ki,
"Brexit-dən dərs alıblar” və "stabilliyi və təhlükəsizlik hissini” geri
gətirməyə qadirdirlər. Onunla həmfikir olanAlmaniya kansleri Angela Merkel isə "Avropa İttifaqı kritik
vəziyyətdədir və dəyişə bilmək qabiliyyətini təcrübədə göstərməlidir” deyib.
"Atılan addımlarla təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, müdafiə
sahəsində əməkdaşlıq, iqtisadi artım və əmək bazarı məsələlərində daha yaxşı
nəticə əldə edə biləcəyimizi göstərmək lazımdır”, - deyə o bildirib.
Qeyd edək ki, Angela Merkel və Fransa prezidenti Fransua
OllandBratislava sammitindən əvvəl Parisdə görüşüblər.İki lider
Avropa İttifaqının üzləşdiyi böhrandan çıxa bilməsi və yenidən güc qazanması
üçün birgə mövqe əldə etməyə çalışıblar.Liderlər xüsusilə qaçqın böhranı
və terror hücumları ilə əlaqədar sərhəd təhlükəsizliyinin təmin olunması
məsələlərinin əhəmiyyətini qeyd ediblər. Aİ liderləri Bratislava sammitindən
sonra yeni ildə Maltada bir araya gələcəklər.
Sammitə ev sahibliyi edən Slovakiya baş naziri Robert Fiko deyib ki,
Slovakiya "bir nəfər də olsun müsəlman miqrant” qəbul etməyəcək və bunun hüquqi
sxemini hazırlayıblar. Daha sonra bəyan edib ki, sammit Aİ-nin "səhhəti il
bağlı diaqnoz və müalicə ilə bağlı resept yazacaq”.
Yeri gəlmişkən, Aİ liderləri qurumun gələn il keçiriləcək 60 illiyi
ilə bağlı "siyasi birlik” yaradılması məsələsini gündəmə gətirəcəklər. Gələn il
Riqada Aİ-nin 60 illiyi ilə bağlı yubiley sammiti baş tutmalıdır. Sammit
qeyri-formal olsa da, əksəriyyət bu görüşün qüvvələr balansına təsir edəcəyini
proqnozlaşdırır. Narahatçılığa əsas da var. Belə ki, sammit qurum daxilində
daxili siyasi və maliyyə böhran şəraitində keçir. Aİ-nin vəziyyətini
ağırlaşdıran başqa bir hadisə Afinada bu yaxınlarda qəbul edilən "Afina
bəyannaməsi” olub. Quruma daxil olan Cənubi Avropa ölkələri az qala ultimativ
şəkildə Aİ qarşısında qurumun maliyyə vəziyyətinin nizamlamaq tələbi qoyublar.
Müşahidəçilər bunun Aİ-nin parçalanması cəhdi kimi qiymətləndiriblər. Aİ
rəsmisi Günter Ettinqer bildirib ki, "Afina sammiti” büdcə kəsirinə malik
ölkələr arasında gərginliyi daha da artırıb. Müşahidəçilər hesab edir ki,
Cənubi Avropa ölkələrinin "hücumu” öz nəticəsini xüsusən yanvarda göstərəcək.
Həmin tarixdə Aİ-yə sədrlik Maltaya keçəcək.
Yeri gəlmişkən, sammitdə Türkiyə ilə bağlı hər hansı bir qərar qəbul
edilməyəcək. Avropa Parlamentinin sədri Martin Şults miqrant böhranının həlli
üçün Türkiyə ilə əldə olunan razılaşmanın ləğv edilməyəcəyini açıqlayıb. Alman
siyasətçi Türkiyənin güvənli tərəfdaş olduğunu deyib:"Türkiyə
miqrantların qəbul olunmasında əksər dövlətə örnək ola biləcək davranış
sərgilədi. Ankara güvənli tərəfdaşımızdır və razılaşmalar olduğu yerdən davam
edəcək”.
Hazırda ən aktual məsələlərdən biri də Aİ-nin ordusunun yaradılması
məsələsidir. Avropa Komissiyasının rəhbəri, Lüksemburqun keçmiş baş naziri
Jan-Klod Avropa deputatlarına məlumat verib ki, NATO-ya maliyyə ödəmək əvəzinə,
nəhayət, Aİ ordusunun yaradılması üzrə köhnə layihəni yada salmaq
niyyətindədir. Həm də olduqca effektli lobbiçi kimi məşhur olan Yunkerin əsas
ideyası hətta vahid Avropa ordusu da deyil, Aİ-nin ümumi hərbi büdcəsinin qəbul
edilməyidir. Onun sözlərinə görə, Aİ ölkələri arasında müdafiə sahəsində
yetərsiz əməkdaşlıq səviyyəsi Avropaya 20 milyondan 100 milyonadək məbləğə başa
gəlir: "Madam Lissabon müqaviləsi Aİ üzvlərinin istəyi ilə "müdafiə imkanlarını
daimi struktur formada birləşdirməyə imkan verirsə”, deməli, bu hüquqdan
istifadənin vaxtı çatıb”. Bolqarıstan məhz bunu etməyə səy göstərir. Bu ölkənin
baş naziri Boyko BorisovBratislava sammiti ərəfəsində Aİ üzrə
həmkarlarından ölkəsinə müdafiə və sərhədin qorunması üçün kömək – həm də
təcili – tələb edərəkultimatumla çıxış edib. Yunkerin vəd etdiyi 200
sərhədçi və 50 avtomobil onu qane etmir. O, 160 milyon avro, həm də sammitin
qeyri-rəsmi xarakterinə baxmayaraq, birbaşa Bratislavada ayrılmasını istəyir.
Azər NURİYEV