• cümə axşamı, 18 aprel, 15:12
  • Baku Bakı 22°C

Avropa İttifaqı kritik durumda

17.09.16 08:00 1061
Avropa İttifaqı kritik durumda
Son zamanlar ciddi problemlərlə üz-üzə qalan Avropa İttifaqı (Aİ) daxilində meydana çıxan problemlərin həllində aciz qalıb. Bir sıra dövlətlərin müstəqil siyasət yeritmək iddiası, milliyyətçiliyin radikal məzmun alması, miqrantlar, işsizlik kimi məsələlər ön plana çıxıb. Onları aradan qaldıra biləcək səmərəli proqramları isə hələ ki, tapmaq olmur. Daxili problemlərlə yanaşı, xarici siyasətdə də müəyyən mürəkkəbliklər üzə çıxmağa başlayıb. Məsələn, Ukrayna böhranının fonunda Aİ-nin Rusiya ilə münasibətləri necə qurmalı olduğunu Brüssel özü üçün aydınlaşdırmayıb. Bir sıra dövlətlər Rusiya ilə münasibətlərin normallaşmasını, hətta onun layihələrinə qoşulmaq tərəfdarı kimi çıxış edir. Digərləri isə Rusiyanın enerji asılılığından qurtulmağı prioritet hesab edir.
Bütün bunların fonunda Avropa İttifaqının gələcək taleyi haqqında bədbin proqnozlar verilir. Qurumun gələcəyi ilə əlaqədar müxtəlif ssenarilər irəli sürülür. Əsas etibarilə də Aİ daxilində maliyyə-iqtisadi böhran önə çəkilir. Aİ iqtisadiyyatının qeyri-müəyyən vəziyyətə düşdüyü iddia edilir. Üstəlik, Aİ-yə daxil olan ölkələr arasında inkişaf templəri də fərqli gedir. Məsələn, Almaniyada artım gözlənildiyi halda, təşkilatın digər dövlətlərində tənəzzül proqnozlaşdırılır. Müşahidəçilər hesab edir ki, bu prosesin çox təhlükəli olduğunu dərk etmək gərəkdir. Çünki belə olduğu halda, Aİ-nin bir sistem kimi inkişafı mümkün deyil. Yaranmış vəziyyətdə Aİ-nin geosiyasi güc olaraq nə kimi addımlar atacağından çox şey asılıdır və Brüssel də hələlik bu istiqamətdə tam aydın mövqe nümayiş etdirmir.
Belə bir mürəkkəb durumda Avropa İttifaqı növbəti sammitini keçirmək qərarına gəlib. Slovakiyanın paytaxtı Bratislavada baş tutan tədbirdə Böyük Britaniyanın ittifaqdan ayrılma qərarı, arxa-arxaya baş verən terror hücumları və qaçqın böhranı müzakirəyə çıxarılıb. Londonun dəvət edilmədiyi sammitdə hər hansı bir qərarın qəbul olunması gözlənilmir.Avropa İttifaqı Şurasının sədri Donald Tusk Bratislavaya gəlişində verdiyi açıqlamada "İttifaqın keçirdiyi böhranın yayılmasına imkan verməməliyik” deyib.D.Tusk Aİ liderlərini Böyük Britaniyanın birlikdən çıxmasından sonra blokun problemlərinə "ayıq və ədalətli” baxmağa çağırıb. O deyib ki, bir qədər əvvəl Avropa "böhranın bütün növü” ilə sarsılıb və indi heç nə olmamış kimi davrana bilməz. D.Tusk əlavə edib ki, "Aİ "Brexit”in səbəblərinə real diaqnoz” qoymalıdır. O, Aİ liderlərinə çağırış edərək deyib ki, onlar insanları əmin etməlidirlər ki, "Brexit-dən dərs alıblar” və "stabilliyi və təhlükəsizlik hissini” geri gətirməyə qadirdirlər. Onunla həmfikir olanAlmaniya kansleri Angela Merkel isə "Avropa İttifaqı kritik vəziyyətdədir və dəyişə bilmək qabiliyyətini təcrübədə göstərməlidir” deyib. "Atılan addımlarla təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım və əmək bazarı məsələlərində daha yaxşı nəticə əldə edə biləcəyimizi göstərmək lazımdır”, - deyə o bildirib.
Qeyd edək ki, Angela Merkel və Fransa prezidenti Fransua OllandBratislava sammitindən əvvəl Parisdə görüşüblər.İki lider Avropa İttifaqının üzləşdiyi böhrandan çıxa bilməsi və yenidən güc qazanması üçün birgə mövqe əldə etməyə çalışıblar.Liderlər xüsusilə qaçqın böhranı və terror hücumları ilə əlaqədar sərhəd təhlükəsizliyinin təmin olunması məsələlərinin əhəmiyyətini qeyd ediblər. Aİ liderləri Bratislava sammitindən sonra yeni ildə Maltada bir araya gələcəklər.
Sammitə ev sahibliyi edən Slovakiya baş naziri Robert Fiko deyib ki, Slovakiya "bir nəfər də olsun müsəlman miqrant” qəbul etməyəcək və bunun hüquqi sxemini hazırlayıblar. Daha sonra bəyan edib ki, sammit Aİ-nin "səhhəti il bağlı diaqnoz və müalicə ilə bağlı resept yazacaq”.
Yeri gəlmişkən, Aİ liderləri qurumun gələn il keçiriləcək 60 illiyi ilə bağlı "siyasi birlik” yaradılması məsələsini gündəmə gətirəcəklər. Gələn il Riqada Aİ-nin 60 illiyi ilə bağlı yubiley sammiti baş tutmalıdır. Sammit qeyri-formal olsa da, əksəriyyət bu görüşün qüvvələr balansına təsir edəcəyini proqnozlaşdırır. Narahatçılığa əsas da var. Belə ki, sammit qurum daxilində daxili siyasi və maliyyə böhran şəraitində keçir. Aİ-nin vəziyyətini ağırlaşdıran başqa bir hadisə Afinada bu yaxınlarda qəbul edilən "Afina bəyannaməsi” olub. Quruma daxil olan Cənubi Avropa ölkələri az qala ultimativ şəkildə Aİ qarşısında qurumun maliyyə vəziyyətinin nizamlamaq tələbi qoyublar. Müşahidəçilər bunun Aİ-nin parçalanması cəhdi kimi qiymətləndiriblər. Aİ rəsmisi Günter Ettinqer bildirib ki, "Afina sammiti” büdcə kəsirinə malik ölkələr arasında gərginliyi daha da artırıb. Müşahidəçilər hesab edir ki, Cənubi Avropa ölkələrinin "hücumu” öz nəticəsini xüsusən yanvarda göstərəcək. Həmin tarixdə Aİ-yə sədrlik Maltaya keçəcək.
Yeri gəlmişkən, sammitdə Türkiyə ilə bağlı hər hansı bir qərar qəbul edilməyəcək. Avropa Parlamentinin sədri Martin Şults miqrant böhranının həlli üçün Türkiyə ilə əldə olunan razılaşmanın ləğv edilməyəcəyini açıqlayıb. Alman siyasətçi Türkiyənin güvənli tərəfdaş olduğunu deyib:"Türkiyə miqrantların qəbul olunmasında əksər dövlətə örnək ola biləcək davranış sərgilədi. Ankara güvənli tərəfdaşımızdır və razılaşmalar olduğu yerdən davam edəcək”.
Hazırda ən aktual məsələlərdən biri də Aİ-nin ordusunun yaradılması məsələsidir. Avropa Komissiyasının rəhbəri, Lüksemburqun keçmiş baş naziri Jan-Klod Avropa deputatlarına məlumat verib ki, NATO-ya maliyyə ödəmək əvəzinə, nəhayət, Aİ ordusunun yaradılması üzrə köhnə layihəni yada salmaq niyyətindədir. Həm də olduqca effektli lobbiçi kimi məşhur olan Yunkerin əsas ideyası hətta vahid Avropa ordusu da deyil, Aİ-nin ümumi hərbi büdcəsinin qəbul edilməyidir. Onun sözlərinə görə, Aİ ölkələri arasında müdafiə sahəsində yetərsiz əməkdaşlıq səviyyəsi Avropaya 20 milyondan 100 milyonadək məbləğə başa gəlir: "Madam Lissabon müqaviləsi Aİ üzvlərinin istəyi ilə "müdafiə imkanlarını daimi struktur formada birləşdirməyə imkan verirsə”, deməli, bu hüquqdan istifadənin vaxtı çatıb”. Bolqarıstan məhz bunu etməyə səy göstərir. Bu ölkənin baş naziri Boyko BorisovBratislava sammiti ərəfəsində Aİ üzrə həmkarlarından ölkəsinə müdafiə və sərhədin qorunması üçün kömək – həm də təcili – tələb edərəkultimatumla çıxış edib. Yunkerin vəd etdiyi 200 sərhədçi və 50 avtomobil onu qane etmir. O, 160 milyon avro, həm də sammitin qeyri-rəsmi xarakterinə baxmayaraq, birbaşa Bratislavada ayrılmasını istəyir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər