• cümə, 19 Aprel, 02:55
  • Baku Bakı 18°C

Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejimi ləğv edilərsə...

03.12.16 09:25 1027
Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejimi ləğv edilərsə...
"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin yumşaldılması, yaxud ləğv edilməsinin iqtisadiyyatımız üçün çox böyük əhəmiyyəti var. Çünki bizim Avropa dövlətləri ilə böyük ticarət əlaqələrimiz var. Əgər viza rejimi yumşaldıla, yaxud ləğv edilərsə, bu əlaqələr daha da genişlənə və iqtisadiyyatımız daha çox gəlir əldə edə bilər”.Bu sözləri bizimlə söhbətində iqtisadçı, millət vəkili Vahid Əhmədov bildirdi.
Qeyd edək ki, Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Trend”ə açıqlamasında bildirib ki, Aİ ilə viza rejiminin sadələşdirilməsi barədə sazişin uğurla icra olunmasından sonra Azərbaycan Avropa ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək: "Azərbaycan və Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş imzalayıb. Mənə məlum olduğu qədər Azərbaycan tərəfindən ciddi qayda pozuntusu qeydə alınmayıb. Ölkəmizdən Avropaya gedən miqrantların sayı azdır. Əgər hər şey yaxşı davam etsə, Aİ və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Prosedur belədir: əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır”.
Nazir müavini bildirib ki, hazırda Azərbaycanla Aİ arasında vizasız rejim yalnız diplomatik pasport sahiblərinə şamil olunur.
"Azərbaycan Aİ ilə əlaqədar bütün öhdəliklərini yerinə yetirib”
Vahid Əhmədov deyir ki, bizim sahibkarlar, yaxud Avropa İttifaqı ölkələrindəki sahibkarlar hər dəfə viza almağa məcburdurlar: "Bu da təbii ki, vaxt tələb edir: Düzdür, bizdə viza rejimi müəyyən qədər sadələşdirilib. Amma bunun tam sadələşdirilməsinə, ləğvinə ehtiyac var. Ümumiyyətlə, iqtisadiyyatı inkişaf etdirmək, işgüzar adamların gediş-gəlişini intensivləşdirmək, yaxud turizm səfərlərinin çoxalması üçün bu təklifin gerçəkləşdirilməsi yaxşı olardı. Viza rejimi sadələşdirilərsə, iş adamları rahat şəkildə daha tez-tez səfərlər edər, bizneslərini daha da inkişaf etdirərlər. Ümumiyyətlə, Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı xeyli müddətdir ki, danışıqlar gedir. İnanıram ki, bu proses çox keçmədən öz müsbət həllini tapacaq. Çünki Azərbaycan Aİ ilə əlaqədar bütün öhdəliklərini yerinə yetirib. Buna görə də Azərbaycanla bağlı elə bir ciddi problem görmürəm”.
Millət vəkilinin fikrincə, sözügedən məsələ həllini tapsa, iki Aİ ilə Azərbaycan arasında turistlərin də sayı durmadan çoxalacaq: "Həm Azərbaycandan Avropa ölkələrinə gedənlər, həm də bizim ölkəyə gələn avropalı turistlər çoxalacaq. Bu da iqtisadiyyatımız üçün təbii ki, qazancdır. Azərbaycan son vaxtlar turizm baxımından çox önəmli dövlətlərdən birinə çevrilib və ölkəmizə maraq həddən artıq çoxdur. Bunun da səbəbi ölkəmizdə turizmlə bağlı işlərin görülməsi, inkişafın getməsidir. Düzdür, etiraf edək ki, müəyyən xidmətlərdə hələlik problemlər var. Amma bu da yavaş-yavaş aradan qaldırılacaq”.
"Avropalı viza almaq üçün çox vaxt xərcləmək istəmir”
Turizm üzrə mütəxəssis Rəvan Rəsulov deyir ki, Avropa ölkələri ilə viza rejimi ləğv edilsə, Azərbaycana böyük turist axını gözlənilir: "Düzdür, Azərbaycandan da turist axını olacaq. Ancaq bütün hallarda Avropa ölkələrindən gələn turistlərin hesabına ölkəmizdə turizm daha da inkişaf edəcək. Çünki heç bir avropalı viza almaq üçün çox vaxt xərcləmək istəmir. Buna görə də Avropa ölkələri ilə vizasız gediş-gəlişi olan ölkələrə getməyə üstünlük verirlər. Bildiyiniz kimi, turizmin ölkəmizdə inkişafı üçün böyük işlər görülür. Sözügedən addım atılsa, iqtisadiyyatımız Türkiyə kimi turizmdən xeyli gəlir əldə edər”.
Dəniz
banner

Oxşar Xəbərlər