• şənbə, 20 Aprel, 14:44
  • Baku Bakı 23°C

Avropa İttifaqı ilə assosiativ üzvlük Azərbaycanı qane etmir

02.05.14 09:06 1912
Avropa İttifaqı ilə assosiativ üzvlük Azərbaycanı qane etmir
Postsovet məkanının 5 ölkəsinin Avropa İttifaqına (Aİ) inteqrasiyasını nəzərdə tutan «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində «başıbəlalı» assosiasiya sazişi məsələsi yenə də gündəmdədir. Aİ rəsmiləri tərəfindən bu məsələ daim gündəmdə saxlanmaqdadır.
Ötən ilin noyabrında keçirilən Vilnüs sammiti öncəsi Ukraynanın bu sazişi imzalamaqla bağlı öhdəlik götürməsi və sonradan bundan imtina etməklə düşdüyü vəziyyət Azərbaycan dövlətinin apardığı siyasətin müdrikliyini bir daha ortaya qoydu. Həmin dövrdə Azərbaycanın assosiasiya saziş ilə bağlı nümayiş etdirdiyi mövqe bəzi radikal qüvvələr tərəfindən tənqid olunmuşdu. Hazırda baş verənlər isə kimin haqlı olduğunu ortaya qoyur.
Sonrakı mərhələlərdə də həm dövlət başçısı, həm də müvafiq dövlət qurumlarının rəhbərləri Azərbaycanın sazişlə bağlı mövqeyinə dəfələrlə aydınlıq gətiriblər. Məsələn, prezident İlham Əliyev bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı RİA “Novosti”yə müsahibəsində bildirib ki, ölkəmiz Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağı nəzərdə tutmur: “Azərbaycan və Avropa İttifaqı arasındakı qarşılıqlı münasibətlər assosiasiyadan daha yüksək formalı əməkdaşlıq tələb edir. Onu da qeyd edim ki, “assosiasiya” sözü bizim üçün o qədər də qəbuledilən deyil. “Assosiasiyaya girmiş üzv” – bu necə tərəfdaşdır? Burada dəqiq izah yoxdur. Azərbaycan bütün mənalarda özü-özünə kifayət edir. Əlavə imtiyaz əldə etmək üçün istənilən inteqrasiya prosesinə girmək lazımdır. Hələ ki assosiasiya layihəsi çərçivəsində bunu görmürük. Əməkdaşlığın başqa formaları, məsələn, strateji tərəfdaşlıq olarsa, o zaman, əlbəttə, biz bu məsələyə baxa bilərik”.
Assosiasiya sazişilə bağlı aprelin 29-da Vişeqrad qrupu və Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə Elmar Məmmədyarov da Azərbaycanın mövqeyini bir daha ortaya qoyub. O, çıxışı zamanı bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi V4 ölkələrinin ən iri ticarət tərəfdaşıdır və Azərbaycan qeyri-neft sektoruna investisiyalar baxımından V4 ölkələri üçün olduqca cəlbedici bazar olaraq qalmaqdadır. Ölkəmiz Avropa İttifaqı ilə qarşılıqlı razılaşdırılmış prioritetlər və ümumi maraqlara əsaslanan münasibətlərin qurulmasında maraqlı olduğunu bildirən mövqeyinə sadiqdir.
Nazir, həmçinin Azərbaycanın birtərəfli prioritetlərdən qaynaqlanan məhdud sahələrlə özünü məhdudlaşdırmaq əvəzinə, imkanlarına əsaslanan daha məqsədyönlü və müxtəlif gündəliyin inkişafının tərəfdarı olduğunu deyib. Nəzərə çatdırıb ki, Aİ tərəfindən indi təklif olunan assosiasiya çərçivəsi Azərbaycanın və Aİ-nin ehtiyaclarını əks etdirmir və biz ikitərəfli strateji çərçivəni inkişaf etdirmək üçün birliklə yaxından işləməyə hazırıq.
Göründüyü kimi, Azərbaycan dövləti və hökuməti Aİ-nin təklif etdiyi assosiasiya sazişini dar və tərəflərin potensialını özündə tam əks etdirməyə imkan verməyən çərçivə hesab edir. Və əlbəttə ki, diqqət yetirsək, rəsmilərin bəyanatlarında bunun konkret səbəbləri göstərilir.
Qeyd olunduğu kimi, Azərbaycan dövləti və hökuməti əvvəlcədən bu məsələdə daha ehtiyatlı və xalqın milli maraqlarından çıxış edən iradə nümayiş etdirir. Azərbaycan tərəfi bir tərəfdən haqlı olaraq sazişi imzalamamaqla öz milli maraqlarının, həmçinin iqtisadi və siyasi maraqlarının təmin olunması məqsədilə manevr edirsə, digər tərəfdən bölgədəki geosiyasi durumu da nəzərə alır. Və hiss olunur ki, ölkəmiz bu məsələdə Aİ ilə Rusiya arasında gedən rəqabətdən yararlanmağa çalışır. Belə ki, Azərbaycan Aİ ilə münasibətlərdən qaçmır, lakin Aİ-nin prosesdəki marağını nəzərə alaraq daha çox divident və üstünlük əldə etməyə çalışır. Ölkəmiz öz strateji əhəmiyyətini dəyərləndirərək Aİ ilə assosiativ üzvlükdən daha üstün statuslu əməkdaşlığa - strateji tərəfdaşlığa can atır. Bu da əlbəttə ki, daha əlverişlidir.
Həmçinin Azərbaycan bununla Aİ ilə saziş imzalamaqdan imtina etmədiyini nümayiş etdirməklə yanaşı, faktiki olaraq məsələni açıq saxlayır ki, bu da Rusiyanı qıcıqlandırmamaq baxımndan incə manevr hesab edilə bilər.
Digər tərəfdən Azərbaycan hazırda Aİ ilə assosiasiya sazişi imzalayaraq başqa gücləri özündən narazı salmadan Avropa ilə əməkdaşlığın alternativ variantlarına üstünlük verməklə Avrointeqrasiya istiqamətində siyasi iradəsini də ortaya qoyur. Bu isə əlbəttə ki, daha məntiqi və Avropa dövlətləri tərəfindən də normal qarşılanan addımdır. Belə ki, ölkəmiz bir sıra Aİ ölkələrinin enerji təchizatında iştirak etməklə, Avropaya inteqrasiyanın, Aİ ilə münasibətlərin daha rasional nümunəsini nümayiş etdirməklə real iş görür. «Şahdəniz 2» layihəsi üzrə yekun investisiya sazişinin imzalanması, TANAP, TAP kimi tranzit layihələri üzrə bağanmış müqavilələr Avrointeqrasiya prosesinin, Aİ ilə münasibətlərin daha geniş formatlarda aparılma potensialını ortaya qoyur.
Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, Azərbaycanın Aİ ilə daha geniş çərçivədə və daha üstün formada əməkdaşlığa hazır olduğunu bəyan etməsinə, həmçinin ölkəmizin İttifaq üçün əhəmiyyətinin böyük olmasına baxmayaraq, Aİ-nin bəzi dairələrində bu, lazımınca qiymətləndirilmir. Xüsusilə İttifaq Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirməməklə münasibətlərin gələcək taleyini sual altına alır. İttifaq başbilənləri regionda baş verən prosesləri, Rusiyanın aktivləşməsini və s. kimi geosiyasi amilləri nəzərə almaqla, ən azından özlərinin maraqları naminə daha çevik olmalıdırlar. Belə ki, Aİ Azərbaycanla gələcək münasibətlərinin üfüqlərini aydın görmək istəyirsə, buna qarşılıqlı sərfəlilik prizmasından yanaşmalıdır. Çünki Aİ ölkəmizlə münasibətlərə yalnız öz maraqlarından çıxış edərək və bir də «demokratiya, insan hüquqları, açıq cəmiyyət» mahnılarını eninə-uzununa oxuyaraq yanaşacaqsa, onda çətin ki, öz niyyətinə çata bilsin. Azərbaycan milli maraqlarını, xüsusilə də ərazi bütövlüyünü şübhə altına alacaq istənilən müstəvidə münasibətdən imtina edəcəyini daim bəyan etməkdədir.
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın bu məsələdə mövqeyini Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində çıxış edərkən bir daha ortaya qoyub. O, bildirib ki, ATƏT-in Minsk qrupu və dünyanın digər aparıcı güc mərkəzlərinin, həmçinin Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ədalətli mövqe sərgiləmir: “Avropa İttifaqı bizə təklif edirdi ki, assosiasiya sazişi imzalayaq, oradan isə bizim ərazi bütövlüyü məsələsi çıxarılıb. Avropa İttifaqı 15 il ərzində sənədlərdə bizim ərazi bütövlüyümüzü tanıyıb, lakin son illərdə bunu qəbul etmək istəmir, biz bunu necə başa düşə bilərik”. Şöbə müdiri vurğulayıb ki, biz gənc dövlət kimi, ilk gündən Avropa istiqamətində seçimimizi müəyyənləşdirdiyimiz üçün düşünürük və bəzən tərəddüd keçiririk. Çünki bizə layiq olduğumuz, hüququmuz olduğu ədalətli dəstək yoxdur.
Aİ-nin Azərbaycanla münasibətlərdə bəzi destruktiv qüvvvələrin, o cümlədən erməni diasporunun təsiri altında olduğu da faktdır. Məhz bu da bir sıra hallarda qarşılıqlı münasibətlərdə problemlərin ortaya çıxmasına səbəb olur.
Lakin bütün bunlarla bərabər, Azərbaycanın Avropa strukturları, xüsusilə Aİ ilə münasibətlərə böyük önəm verdiyi danılmaz faktdır. Və arzuolunandır ki, qarşı tərəf də buna adekvat reaksiya nümayiş etdirsin. Prezident İlham Əliyev Praqada keçirilən «Şərq Tərəfdaşlığı» sammitinin 5 illik yubileyində ölkəmizin Avrointeqrasiya proseslərinə, Avropa dəyərlərinə sadiqliyini bir daha bəyan edib: «Avropa təsisatları ilə daha yaxından əlaqə qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab edirik. Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti əlbəttə ki,
müsbət istiqamətdə dəyişir.
Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir».
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər