• cümə, 19 Aprel, 15:48
  • Baku Bakı 25°C

Avropa İttifaqı Ermənistandan demokratiya tələb edir

13.07.13 08:43 1496
Avropa İttifaqı Ermənistandan demokratiya tələb edir
“Ermənistanda demokratik islahatlar istiqamətində yüksək tərəqqi göstəriciləri qeydə alındığını nəzərə alaraq, Avropa İttifaqı əlavə maliyyə yardımı göstərmək üzrə tədbirlərini davam etdirə bilər”. Bu sözləri Ermənistanda olan Avropa İttifaqının genişlənmə və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Füle ölkə prezidenti Serj Sarkisyanla görüşündə deyib. Səfərin məqsədi noyabrda Vilnüsdə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitindən qabaq Avropa Birliyi ilə münasibətlər və əməkdaşlıq məsələlərini müzakirə etmək, Ermənistanın Avropa İttifaqı ilə Assosiativ müqavilə bağlaması üzrə prosesin son mərhələsinə qiymət verməkdir.
Vilnüsdə Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə Avropa İttifaqı arasında Assosiasiya haqqında müqavilənin paraflanması nəzərdə tutulur. Avropa Birliyi rəsmisi Ermənistanla azad ticarət haqqında müqavilə bağlanmasının vacibliyini qeyd edib və bu müqavilə çərçivəsində birliyin Ermənistana maddi yardımla yanaşı, beynəlxalq investisiyalar qoyuluşuna yardım göstərməyə hazır olduğunu bildirib. Ştefan Füle Ermənistanda demokratiya baxımından tərəqqi müşahidə olunduğunu, lakin son seçkilərdən sonra ATƏT tərəfindən göstərilən nöqsanların aradan qaldırılması üzərində işləməyi tövsiyə edib. O, xüsusilə korrupsiyanın aradan qaldırılması, hökumətin təkmilləşdirilməsi və təsisatların möhkəmləndirilməsi istiqamətində fəal işləməyə çağırıb.
Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Ştefan Füle Ermənistanı “Madrid prinsipləri ətrafında razılıq əldə edilməsi üzrə səyləri” dəstəkləməyə çağırıb. “Siz son müddəti əldən buraxsanız, biz sizi məhkəməyə verərik. Zarafat edirəm. Bu, çox ciddi sənəddir, ona görə mən təkid edərdim ki, sənəd dərc edilsin, hər kəsə nə fayda verəcəyi ictimaiyyətə izah olunsun” – deyə Avropa rəsmisi vurğulayıb. “Biz Assosiasiya müqaviləsi çərçivəsində islahatlara yeni impuls verən ölkələr üçün növbəti maliyyə dövründə (2014-2020-ci il) daha əhəmiyyətli maliyyə yardımı nəzərdə tutulduğunu bəyan edirik” - deyən Füle əlavə edib ki, sözügedən ölkələr üçün Avropa bazarlarının açılması səviyyəsi həmin ölkələr tərəfindən öhdəliklərinin necə yerinə yetirilməsindən asılı olacaq.
Ekspertlər qeyd edir ki, Ermənistanın problemlərini həll etmək üçün AB-nin ayıracağı maliyyənin xeyri olmayacaq. Bu ölkədə korrupsiya və miqrasiya əsas problem olaraq qalacaq. Ən böyük problemlərdən biri də yeni iş yerlərinin yaradılması əvəzinə köhnələrinin də bağlanılmasıdır. Məsələn, kimyəvi məhsullar istehsal edən “Nairit” Açıq Tipli Səhmdar Cəmiyyəti buna misaldır. Cəmiyyət fəaliyyəti üçün xammal tapa bilmir, Rusiya ilə aparılan danışıqlar da nəticə vermir. Ermənistan Milli Konqres Partiyasının üzvü, iqtisadçı Vaqan Xaçatryanın qənaətinə görə, kauçuk tələbatının olmaması ilə bağlı məlumat əsassızdır, əsl problem pis menecmentlik və korrupsiyadır: "Fakt fakt olaraq qalır. “Nairit” bu gün bağlanıb. Müəssisənin 400 milyon borcu var. Rusiya tərəfi ilə danışıqlar dayandırılıb. Rusiya belə bir şərt qoyub ki, yalnız “İtera” şirkətinin borclarının bağlanmasından sonra zavodun fəaliyyətinə imkan veriləcək”.
Ölkədə yaranan acınacaqlı vəziyyəti Böyük Britaniyanın Ermənistandakı səfirliyi ilə bu ölkənin ombudsman aparatının uşaq evləri və psixiatriya xəstəxanalarının fəaliyyəti haqqında birgə hesabatı da təsdiq edir. Hesabat müəllifləri bildiriblər ki, uşaq evlərinin sakinləri günlərlə ac qalaraq zibilxanalardan yemək qırıntıları tapıb yemək məcburiyyətində olurlar. İllərlə uşaqların yorğan və döşəklərinin üzləri dəyişdirilmir ki, bu da onlarda dəri xəstəliklərinin yaranmasına səbəb olur. Psixiatriya xəstəxanalarına toxunan hesabat müəllifləri qeyd ediblər ki, Yerevandakı xəstəxanada bir şprislə yüzə yaxın xəstəyə iynə vurulur. Ərzaqla təminat yox dərəcəsindədir. Yetkinlik yaşına çatmayanlar böyüklərlə bir yerdə saxlanılır ki, bu da qətiyyən yolverilməzdir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər