• cümə axşamı, 25 aprel, 00:52
  • Baku Bakı 19°C

Avropa İttifaqı Azərbaycana strateji tərəfdaş kimi baxır

25.07.15 10:46 1395
Avropa İttifaqı Azərbaycana strateji tərəfdaş kimi baxır
Politoloqların sözlərinə görə, qurumun ölkəmizə münasibətinin müsbətə doğru dəyişməsi Prezident İlham Əliyevin qələbəsidir
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə görüşərək, Dağlıq Qarabağ problemi də daxil olmaqla bir çox məsələləri müzakirə edib. “Kaspi” qəzeti Avropa İttifaqı Şurası prezidentinin səfəri haqqında politoloqların fikirlərini öyrənib.
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, I Avropa Oyunlarından öncə və bu tədbir zamanı Azərbaycanın qarşısında erməni lobbisinin dediyi ilə hərəkət edən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Avropa var idi: “Avropanın bu hərəkətinə Azərbaycan tərəfindən layiqincə cavab verildi. Lakin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin qarşısında tamam fərqli Avropanın olduğunu nümayiş etdirdi. Təsəvvür edin ki, Donald Tusk Azərbaycan Prezidentinə ölkəmizə qarşı şər kampaniyası zamanı təmkinli davrandığına görə təşəkkür etdi. Bundan belə bir nəticə çıxarmaq olar ki, Prezident İlham Əliyev daha da güclüdür və daha sərt cavab verə bilərdi. Avropa ilə münasibətlərin qorunmasında İlham Əliyevin əvəzsiz rolu oldu. Hazırda Gürcüstan ilə Ermənistan Avropa İttifaqına Şengen zonasına qoşulmaq üçün yalvarırlar. Lakin Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanı Şengen zonasına daxil olmağa çağırır və təmsil etdiyi qurumun bu məsələdə maraqlı olduğunu bildirir. Hazırda qeyd etməliyəm ki, Avropa İttifaqına daxil olan bəzi ölkələr Şengen zonasına daxil edilməyib. Bununla Avropa İttifaqı Azərbaycana böyük dəyər verdiyini göstərir. Bizə qarşı bu cür yaxşı münasibəti Avropa İttifaqının keçmiş rəhbərlərindən görmüşdük. Donald Tusk bu siyasi xətti davam etdirir və Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin keyfiyyətcə daha da inkişaf etməsində maraqlı olduğunu göstərir. Bu səfər Bakı ilə Brüssel arasında yeni keyfiyyət mərhələsinin əsasını qoydu. Avropa İttifaqı Şurasının prezidenti həmçinin Azərbaycan ilə bu təşkilat arasında ikitərəfli strateji əməkdaşlığın vacib olduğunu da qeyd edib. Donald Tusk Dağlıq Qarabağ münaqişəsi haqqında şəxsən mənin gözləmədiyim fikirləri səsləndirdi. O, həm öz adından, həm də Avropa İttifaqının adından Dağlıq Qarabağ münaqişəsinin həllində hazırkı status-kvonun qəbul edilməyəcəyini də vurğuladı. Donald Tusk Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini də qeyd etdi. Donald Tuskun Yerevana səfəri zamanı mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycan Prezidentinin ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərə etinasız yanaşması və dəstəkləməməsi diqqətimi çəkdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyan haqqında səsləndirdiyi fikirlərə Donald Tuskun dəstək verdiyi sezilirdi”.
Politoloq qeyd edib ki, Avropa Azərbaycanla enerji əməkdaşlığından razı qalmalıdır: “Hazırda Avropa İttifaqına daxil olan ölkələr maliyyə böhranı yaşayır və iqtisadi problemləri mövcuddur. Lakin Azərbaycan enerji resurslarını nəql edəcək borularının çəkilişində heç bir xarici dövlətin maliyyə vəsaitindən asılı deyil. Yəni ölkəmiz Avropanın maraqlarına uyğun olan və enerji resurslarının şaxələndirilməsində əvəzsiz rol oynayacaq layihələrin həyata keçirilməsinə böyük səy göstərir. Həmçinin Donald Tuskun səfəri bu siyasətin uğur qazanacağını da göstərir. Avropa İttifaqının ölkəmizə qarşı münasibətinin müsbətə doğru dəyişməsini Azərbaycan Prezidenti İlham Əliyevin qələbəsi kimi təqdim etmək lazımdır”.
M.Əhmədoğlunun sözlərinə görə, qısa müddətdə Avropa İttifaqının siyasətini dəyişdirməsi təsadüfi deyil: “Bu, şəxsən Azərbaycan Prezidentinin şəxsi bacarığının sayəsində baş verib. Ölkə rəhbəri bununla heç bir qurumun ona təzyiq edə bilməyəcəyini sübuta yetirdi. Lakin Donald Tusk başda olmaqla Avropa liderlərinin xəyanətkar siyasət yeridəcəyi də istisna deyil. Çünki Qərb Azərbaycanı anti-Rusiya kampaniyasına qoşmaq niyyətində də ola bilər. Lakin Qərb dövlətləri Azərbaycan rəhbərliyinin hazırkı siyasətinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu unutmamalıdır. Bu kursu Prezident İlham Əliyev layiqincə davam etdirir. Heç bir təşkilat və ölkə Azərbaycanı təzyiq və yaxud başqa vasitələr ilə başqa ölkəyə qarşı qoya bilməz. Azərbaycan heç vaxt öz müstəqil siyasətindən üz döndərməyəcək”.
Politoloq vurğulayıb ki, Donald Tuskun Dağlıq Qarabağ münaqişəsi haqqındakı fikirlərini Avropa İttifaqının yeni yanaşması kimi təqdim etmək olar: “Donald Tuskun bu münaqişə haqqında danışması Avropa İttifaqında Dağlıq Qarabağ problemi haqqında geniş müzakirələr aparıldığını göstərir. Donald Tusk etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini Ermənistan rəhbərliyinə də bildirib. Bütün bunlar Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllində bir aktivliyin olduğunu nümayiş etdirir”.
Politoloq Elman Nəsirov da bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri bir neçə parametrə görə çox vacibdir: “Birincisi, I Avropa Oyunları ərəfəsində və oyunlar zamanı Avropa İttifaqında müəyyən siyasi dairələr Azərbaycana münasibətdə qərəzli siyasət həyata keçirdilər. Bu qurum ölkəmizə qarşı təzyiq dili ilə danışmağa çalışdı. Bu kimi faktlar ikitərəfli münasibətlərdə soyuqluq yaratdı. Donald Tuskun bu səfəri bütün hallarda Avropa İttifaqının ölkəmizə tərəfdaş kimi baxdığını sübuta yetirdi. Avropada sağlam düşüncəli siyasətçilər Azərbaycana qarşı yalnış münasibətin elə bu quruma mənfi təsir göstərdiyini və zərər verdiyini başa düşdü. İkincisi isə, Donald Tuskun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə aydın oldu ki, Avropa İttifaqı Azərbaycana strateji tərəfdaş kimi baxır. Strateji tərəfdaşlıq zamanı tərəflər fundamental ortaq mövqedən çıxış edirlər. Ölkəmizin fundamental məsələləri dedikdə bir neçə məqam üzərində xüsusi dayanmaq lazımdır. Bunlardan birincisi Azərbaycan üçün bir nömrəli problem olan Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələdə Avropa İttifaqı hansı mövqedən çıxış edirsə, bizim onlarla münasibətimiz bununla tənzimlənir. Donald Tusk Bakıya səfəri zamanı açıq şəkildə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, qondarma Dağlıq Qarabağ respublikasını tanımadığını və bu münaqişənin həllində status-kvonun qəbul edilməyəcəyini vurğuladı. Bu üç prinsip bizim üçün həlledici məqamdır. Digər tərəfdən, enerji sahəsində tərəflərin strateji tərəfdaş olduğu öz təsdiqini tapdı. Enerji təhlükəsizliyi ilk növbədə Azərbaycan üçün enerji marşrutlarının şaxələndirilməsində, Avropa İttifaqı üçün isə enerji mənbələrinin şaxələndirilməsində öz əksini tapır. Yəni hər iki tərəf bu məqamda ortaq mövqedən çıxış edir. Avropa İttifaqı Şurasının prezidentinin “Cənub” qaz dəhlizi layihəsini müdafiə etməsi də bunu sübuta yetirir. Həmçinin ölkəmizin bu qurum ilə ticarət əlaqələri də yüksək səviyyədədir. Azərbaycanın ticarət dövriyyəsinin təxminən 50%-i Avropa İttifaqına daxil olan ölkələrin payına düşür. Prezident İlham Əliyev də Donald Tuskun səfərini yüksək qiymətləndirdiyini qeyd edib”.
Politoloq Donald Tuskun ölkəmizə səfərinin gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsində böyük rol oynayacağını qeyd edib: “Həmçinin bu səfər ilə Azərbaycanla Avropa İttifaqı arasında yaranan anlaşılmazlıq da aradan qalxacaq. Avropa İttifaqı Azərbaycana cənub qonşusu kimi baxır. Bu qurum başa düşür ki, qloballaşan dünyada öz qonşusuna yardım edərsə, bu addım digər ölkələr ilə münasibətlərə də müsbət təsir göstərəcək. Hazırda Cənubi Qafqazda sülhün və sabitliyin olmamasının birinci səbəbi Ermənistanın işğalçı siyasətidir. Bu reallığı Avropa İttifaqı son dövrlərdə dərk etməyə başlayıb. Bu qurum münaqişənin həlli ilə bağlı birbaşa tərəf qismində iştirak etməsə də, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini həmişə bəyan edib. Lakin Donald Tuskun səfəri fundamental məsələlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında fikir ayrılığının olmadığını sübuta yetirdi”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər