• cümə, 29 Mart, 12:00
  • Baku Bakı 14°C

Avropa İttifaqı - Azərbaycan əməkdaşlığında yeni mərhələ

08.02.17 12:30 2622
Avropa İttifaqı - Azərbaycan əməkdaşlığında yeni mərhələ
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun dəvəti ilə bazar günü Belçika Krallığına səfərə gedib. Səfər çərçivəsində o, Avropa Şurası (AŞ) Parlament Assambleyasının (PA) sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, Belçika Kralı Filip, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Aİ Şurasının prezidenti D.Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb. Paytaxt Brüsseldə keçirilən görüşlərdə Azərbaycan dövlət başçısı ikitərəfli münbasibətlər, əməkdaşlıq əlaqələrinin perspektivləri, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu və sair məsələlər ətrafında geniş müzakirələr aparıb.

Aİ Şurasının prezidenti D.Tusk keçirilən görüşlə bağlı mətbuata verdiyi bəyanatda bildirib ki, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü dəstəklənən Azərbaycan Aİ üçün mühüm tərəfdaşdır. O, enerji sahəsində etibarlı və strateji tərəfdaşlığa əsaslanaraq, Aİ-nin ölkəmizlə işbirliyini daha da artırmaq istədiyini dilə gətirib. Deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. D.Tusk Aİ-nin Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyinin olduğunu da diqqətə çatdıraraq, bunun faktiki olaraq hər iki tərəf üçün əsas prioritet sayıldığını vurğulayıb. O, əlaqələrin enerji və ticarət hüdudlarını aşdığını da qeyd edib. Bildirib ki, Aİ Azərbaycanla əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək istəyir. D.Tusk deyib ki, Aİ ilə ölkəmizin paylaşdığı yeni qlobal siyasi və iqtisadi maraqlar, birlikdə mübarizə aparmaq istədiyimiz çağırışlar nəzərə alınarsa, yeni Aİ-Azərbaycan sazişi əlaqələrin miqyasını genişləndirəcək. Azərbaycan Prezidenti İ.Əliyev də mətbuata verdiyi bəyanatda Aİ ilə ölkəmiz arasında indiyə qədər mövcud olan və gələcəkdə daha da inkişaf etdiriləcək əlaqələrdən söhbət açıb. O, Azərbaycanın Aİ-yə üzv dövlətlərlə də əməkdaşlıq sahəsində yaxşı təcrübəsinin mövcudluğunu, həmin ölkələrin 9-u, yəni üçdəbir hissəsi ilə strateji tərəfdaşlığa dair imzalanmış sazişlərimizin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu amil Aİ ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır. Dövlət başçısı Aİ-Azərbaycan sazişi ilə işbirliyimizin yeni səhifəsinin açılacağını vurğulayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Prezident İ.Əliyevin Brüssel səfərini "Kaspi”yə şərh edərkən bildirib ki, səfər çərçivəsində ölkə rəhbərinin Aİ rəsmiləri ilə keçirdiyi görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Onun sözlərinə görə, Azərbaycan öz milli maraqları çərçivəsində Aİ ilə əməkdaşlığa böyük önəm verir: "Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir”.

Millət vəkili S.Fətəliyeva qeyd edib ki, Azərbaycanla Aİ arasında gələcək münasibətlərin inkişafına dair saziş üzərində danışıqlara başlanılıb. O, deyib ki, bu sazişdə ikitərəfli münasibətlərin bütün aspektləri əks olunmalıdır. Deputatın fikrincə, bu, əlaqələrin perspektiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ilə görüşündə Aİ Şurasının prezidentinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinin və status-kvonun dəyişməsinin zəruriliyini vurğulamasının olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləyən xanım millət vəkili onu da əlavə edib ki, bu, Azərbaycanın uğurlu xarici siyasət kursunun qanunauyğun nəticəsidir: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal xarici siyasət həyata keçirir. Bunun nəticəsi kimi, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini xüsusi olaraq bəyan edirlər. Bu kontekstdə, Avropa İttifaqına daxil olan ölkələr də mühüm yer tuturlar. Bütövlükdə isə, Aİ Şurasının prezidentinin bəhs olunan fikirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə beynəlxalq hüquq normaları əsasında, obyektiv yanaşmanın ifadəsidir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bizimlə söhbətində qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr Aİ ilə Azərbaycan arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı barədə dünyaya verilən mesajdır. Partiya sədri bildirib ki, artıq Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində işləyir: "Bu saziş bir sıra sahələri əhatə edəcək. Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində tərəfdaşlıq sazişini də artıq imzalayıb. Yeni saziş isə siyasi, iqtisadi və humanitar sahələri də əhatə edəcək. Cənab prezidentin Donald Tuskla birlikdə mətbuata verdiyi bəyanatda da qeyd edildiyi kimi, Avropa Azərbaycanın əsas investoru və ticarət tərəfdaşıdır. Azərbaycan bir çox Avropa ölkələrini neftlə təchiz edir və yaxın gələcəkdə həmin ölkələri təbii qazla da təchiz edəcək. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan bölgədə yeni dəmir yolu xəttinin çəkilməsinə böyük sərmayələr yatırır. Asiyanı Avropa ilə birləşdirən yeni marşrutun, Şərqlə Qərb arasında körpü rolunu oynayacaq nəqliyyat dəhlizinin istifadəyə verilməsi Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq. Bu layihənin istifadəyə verilməsi də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Bu layihə bilavasitə Avropa İttifaqının da maraqlarına uyğundur. Ümumiyyətlə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün də Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin inkişafı önəmlidir. Bu əlaqələr qarşılıqlı maraqlara söykənir. Avropa İttifaqı Azərbaycanı bir tərəfdaş kimi qəbul etməklə, eyni zamanda ölkəmizin dəyərlərinə böyük qiymət verir. Şərqin ilk demokratik cümhuriyyəti sayılan Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq, dözümlülük ənənəsinə malikdir. Avropa ölkələrinin bəzisində isə islamofobiya, antisemitizm artmaqdadır. Bu mənada, Azərbaycanın sahib olduğu dəyərlər, ənənələr də Avropa İttifaqı ilə ölkəmiz arasındakı əlaqələrə öz töhfəsini verə bilər”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Bəxtiyar Əliyevdə qəzetimizə açıqlamasında bildirib ki, Prezident İ.Əliyevin Brüssel səfəri və Azərbaycanın Aİ ilə gələcək əməkdaşlığı mövzusunda danışıqlar aparması yüksək səviyyədə baş tutub, çox uğurlu olub. Deputatın sözlərinə görə, bu əməkdaşlıq əlaqələrindən həm Aİ, həm də Azərbaycan qazanacaq: "Sözügedən səfəri, keçirilən görüşləri, verilən bəyanatları media üzərindən izlədim. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bəyanatında olduqca ciddi mesajlar var idi. Cənab Tusk Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və təchizatı üçün olduqca əhəmiyyətli bir tərəfdaş olduğunu vurğuladı. O, Azərbaycanda gedən demokratik proseslərin ardıcıl və davamlılığını, Cənub Qaz Dəhlizi ilə bağlı öhdəliklərə Avropa İttifaqının da sadiq qaldığını, bu əməkdaşlığın hər iki tərəf üçün əlverişli olduğunu qeyd elədi. Bu fikirlər bizim üçün olduqca əhəmiyyətli nəticə idi. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin məntiqi nəticəsidir. Cənab Prezidentin də Brüsseldəki görüşlərdə səsləndirdiyi fikirlər, Azərbaycanın mövqeyini, ölkəmizin real vəziyyətini, bütün sahələri əhatə edən inkişafımızın mənzərəsini ortaya qoydu”.

Millət vəkili B.Əliyev deyib ki, Prezident İlham Əliyev bütün xarici səfərlərində olduğu kimi, Brüsseldə keçirdiyi görüşlərdə də ölkəmizin bir nömrəli problemi sayılan Dağlıq Qarabağ münaqişəsini, Ermənistanın 20 faiz ərazimizi işğal etməsini, beynəlxalq hüququn tələb və prinsiplərini pozduğunu, münaqişənin sülh yolu ilə həlli üçün mövcud imkanları növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıb, prinsipial mövqeyimizi bildirib. Onun sözlərinə görə, məhz bunun sayəsində Donald Tusk Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən dəstəkləndiyini növbəti dəfə qeyd edib: "Donald Tusk Azərbaycanın ərazi bütövlüyünün, suvverenliyinin Avropa İttifaqı tərəfindən dəstəkləndiyini bir daha bəyan edib. Hesab edirəm ki, bu, Azərbaycan siyasətinin, diplomatiyasının uğurudur. Bütün bunları nəzərə alaraq qeyd etmək istərdim ki, yaxın gələcəkdə Avropa İttifaqı ilə əməkdaşlığımızın səmərəsini görə biləcəyik. Azərbaycan dəfələrlə bəyan edib ki, Avropa İttifaqı ilə bərabərhüquqlu şəkildə əməkdaşlıq etməyə hər zaman hazırdır. Artıq bu bərabərhüquqlu əməkdaşlıq üçün zəruri olan yeni saziş üzərində hazırda iş gedir”.

Yeri gəlmişkən, Milli Məclis sədrinin müavini Bahar Muradova da Azərbaycan Prezidentinin Brüssel səfəri barədə AZƏRTAC-a açıqlama verib. O, dövlət başçısı İ.Əliyevin Brüsseldə Aİ-nin yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşləri, səslənən fikirləri əsas gətirərək deyib ki, Azərbaycanla Aİ arasında münasibətlərdə yeni bir səhifə açılıb, bu münasibətlər yeni mərhələyə qədəm qoyub. Vitse-spiker qeyd edib ki, artıq Aİ ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması üçün danışıqlara başlanılıb. Onun sözlərinə görə, hər iki tərəfin danışıqlardan gözləntiləri böyükdür: "Bu danışıqların nəticəsi kimi, yeni dövrün tələblərinə uyğun olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında humanitar, mədəni, siyasi və iqtisadi əlaqələr inkişaf edəcək. Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif aspektləri ilə bağlı mövqeyini ifadə etdi. Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, enerji sahələrində əlaqələrin inkişafı həm Avropanın, həm regionun, həm də Azərbaycanın maraqlarına xidmət edir. Brüsseldə keçirilən görüşlərdən sonra səslənən bəyanatlarda diqqəti çəkən məqamlardan biri də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycanın ərazi bütövlüyünü, suverenliyi və müstəqilliyini dəstəkləməsi oldu. Bu, onun göstəricisidir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər enerji, ticarət əlaqələrini aşaraq, yüksək siyasi əməkdaşlığı da əhatə edir. Hesab edirəm ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkcə bəyanatlarla kifayətlənməməlidir, həmçinin öz təsir rıçaqlarından istifadə etməlidir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər