• cümə, 19 Aprel, 05:47
  • Baku Bakı 18°C

Avropa ciddi təlatümlərlə üzləşə bilər

04.01.18 17:40 695
Avropa ciddi təlatümlərlə üzləşə bilər
Avropada baş verən son hadisələr, bu qurum daxilində problemlərin yaşandığını göstərir. Əksəriyyət hesab edir ki, qitə ölkələrinin cəm olduğu Avropa İttifaqı ciddi sınaqlar qarşısında qalıb. Miqrasiya, vahid ailədə təmsil olunmamaq məsələsi qitəni çətin bir duruma salıb. Nüfuzlu "Daily Express” qəzetində dərc edilən məqalədə müəllif Rebekka Perrinq yazır ki, Avropa 2017-ci ildə yaşanan seçkilərin nəticələrini yavaş-yavaş dərk etməyə başlayıb. Müəllifin qənaətinə görə, bu il Avropanın altı ölkəsində baş verəcək seçkilərin nəticələri Avropa İttifaqı liderlərini əməlli-başlı özündən çıxarmaq qabiliyyətinə malikdir.
Məsələn, bu il İtaliyada qalmaqallı siyasətçi kimi tarixə düşmüş Silvio Berluskoni yenidən hakimiyyətə dönə bilər, Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban isə böyük ehtimalla, növbəti müddətə seçiləcəklər. Bundan əlavə, Avropa İttifaqını Çexiyada keçiriləcək seçkilərin nəticələri narahat edir. Bu ölkənin Mərkəzi Avropanın qiyamçı dövlətlər statusu almış Macarıstan və Polşaya qoşula biləcəyi, Avropa İttifaqına qarşı çıxacağı narahatlıq yaradır. Məlumat üçün bildirək ki, Çexiyada seçkilər bu ilin yanvarın 12-də baş tutmalıdır. Çexiyanın hazırkı prezidenti Miloş Zeman növbəti müddətə dövlət başçısı seçilməyə iddialı görünür. Çex lider Avropa İttifaqını, ölkəsinə ediləcək təsirə qarşı çıxmaqla hədələyir. Belə bir təhlükə qismində baş nazir Andrey Babiş də çıxış edə bilər. Onu, hətta Çexiyanın Donald Trampı da adlandırırlar. Əgər o, stabil hökumət formalaşdırmağa müvəffəq olarsa, bu təhlükə reallaşa bilər. Babiş Çexiyanı "ailə firması” kimi idarə edəcəyi vədini verib. ABŞ prezidenti Donald Trampla onu, keçmişdə sahibkarlıqla məşğul olması və isteblişmentə qarşı çıxışlar birləşdirir. Onun seçkilərdə qələbəsi Avropa İttifaqı üçün əsl zərbə oldu. Belə ki, Babiş seçki kampaniyası zamanı Aİ-nin miqrasiya siyasətinə, eləcə də avrozonaya qarşı çıxması ilə yadda qalıb. Bu yaxınlarda Zeman Şərqi Avropa liderləri, daha dəqiq ifadə etsək, Macarıstanın baş naziri Orbanın ardınca miqrant axınının Avropada terror təhlükəsini gücləndirməyə gətirib çıxardığını bəyan edib.
Çexiyanın ardınca, martın 4-də İtaliyada parlament seçkiləri keçirilməlidir. Keçirilən sorğuların nəticələrinə görə, bu ölkədəki "Beş ulduz Hərəkatı” digər partiyaları sürətlə qabaqlayır. Hərəkatı rəyi soruşulanların 28 faizi dəstəkləyir, Demokratik Partiyanı 24, "İtaliya irəli” partiyasını isə 15 faiz dəstəkləyir. Lakin əksər mərkəzlərin gəldiyi nəticə budur ki, Berluskonin sağ-mərkəzçi bloku - "İtaliya irəli” seçkilərdə əsas siyasi qüvvə olacaq, lakin parlament çoxluğunu əldə edə bilməyəcək. Onun bloku Siciliyada keçirilən regional seçkilərdə dörd dəfə siyasi qələbə qazanıb. Berluskoni bu seçkilərdə sağ koalisiyadan olan namizəd Nello Muzumeçini dəstəkləyib. Bu şəxs Berluskoninin qalmaqallı "İtaliya irəli”, partiyası ilə yanaşı, "Şimal liqası” və "İtaliya qardaşları” partiyaları tərəfindən də dəstək alıb. Berluskoninin namizədinin qalib gəldiyi Siciliyada keçirilən seçkilərin nəticələri bir çoxları tərəfindən mayda keçiriləcək parlament seçkilərinə ali məşq kimi dəyərləndirilib. Qalmaqallı baş nazir indiyə qədər bir neçə dəfə problemlə üzləşib - 2014-cü ildə boşandı, ardınca bir neçə seks-qalmaqal yaşadı. Sonra isə Avropa məhkəməsi onun vergi dələduzluğuna yol verdiyi barədə qərar çıxarıb. Hazırda Berluskoni bu qərarın ləğvinə çalışır. Əgər qərar ləğv olunarsa, onda o, seçkilərdə namizədliyini irəli sürə biləcək. Bundan əlavə, sabiq baş nazir şahidləri pulla ələ almaqda ittiham olunur.
Avropanın sanksiyaları altında inləyən Rusiya da seçkilərə hazırlaşır. Martın 18-də bu ölkədə seçkilər keçiriləcək. Artıq 18 ildir ki, hakimiyyətdə olan Putinin bu seçkilərdə də səslərin böyük əksəriyyətini qazanacağı şübhə doğurmur. Müstəqil sosioloji seçki mərkəzi –"Levada-Mərkəz”in nəticələrinə görə, onun reytinqi 80 faizi keçir. Onun əsas rəqibi Aleksey Navalnıya isə seçkilərdə iştirak etmək qadağan edilib. Bir çoxları ehtiyat edirlər ki, Rusiya lideri ona qarşı çıxan namizədlərə qarşı repressiv addımlar ata bilər.
Bu ilin ən önəmli seçkilərindən biri Macarıstanda keçiriləcək. Eksentrik siyasətçi kimi ad çıxarmış Orban Avropanın bir sıra nüfuzlu liderlərinə, xüsusən də Angela Merkel kimi liderlərə problem yaratmaqda davam edir. Onun bu seçkilərdə qələbə qazanacağı gözlənilir. Lakin Orban sağ mərkəzçi "Yobbik” partiyası, eləcə də, "Fides” hərəkatının lideri ilə də mübarizə aparmalı olacaq. Məsələ ondadır ki, "Yobbik” liderini seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirdiyinə görə, seçkilərdən uzaqlaşdıra bilərlər.
Avropanın başqa bir nüfuzlu dövləti İsveçdə də seçkilər keçiriləcək. Sentyabrın 9-da bu ölkədə keçiriləcək parlament seçkilərində kimin qalib gələcəyi sual doğurur. Stefan Leven ümidvardır ki, onun rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası qalib gələcək və bu da ona növbəti dəfə baş nazir postunda qalmağa imkan verəcək. Lakin sosioloji sorğuların nəticələrinə görə, onun koalisiya üzrə müttəfiqi Yaşıllar Partiyası populyarlığa malik deyil. Bu isə o deməkdir ki, Leven ola bilsin, mühafizəkarlarla ittifaqa girsin. Bununla yanaşı, antimiqrant partiyası - "İsveç demokratları” seçicilər arasında dəstəyini artırmaqda davam edir. Bu partiya 2014-cü ildən sürətlə tərəfdarlarının sayını artırmaqda davam edir. Keçirilən rəy sorğularının nəticələrinə görə, bu partiya seçkilərdə 14 faiz səs toplaya bilər.
İsveçlə yanaşı, Polşa da bu il seçkilərə hazırlaşır. Avropa Komissiyası bu ölkəni, məhkəmə sistemində həyata keçirdiyi islahatlardan sonra səsvermə hüququndan məhrum etməklə hədələyib. Hazırda Polşa Brüssellə münaqişə vəziyyətindədir. Avropa Komissiyası hesab edir ki, elektoral islahatlar Polşa hökumətinin məhkəmə sistemi üzərində nəzarətinin gücləndirir. Avropa Məhkəməsi Polşanın "Ədalət və hüquq” partiyasına islahatları ləğv etməklə bağlı üç ay vaxt verib. Lakin Polşa da geri çəkilmək niyyətində deyil. Hesab edir ki, qurum daxilindəki müttəfiqləri və tərəfdarları bu qərara veto qoyacaq və ölkənin səsvermə hüququndan məhrum edilməsinə imkan yaratmayacaqlar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər