• şənbə, 20 Aprel, 13:20
  • Baku Bakı 23°C

Avropa Birliyi Azərbaycanda vəziyyətin gərginləşməsində maraqlı deyil

18.12.13 08:46 1650
Avropa Birliyi Azərbaycanda vəziyyətin gərginləşməsində maraqlı deyil
Ukrayna paytaxtında cərəyan edən hadisələr dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Kütləvi aksiyaların bir neçə gündür davam etdiyi Avromeydanı müxalifətdən prezidentliyə vahid namizəd irəli sürülməsini tələb edib. Hakimiyyətlə razılığa gələ bilməyən müxalifət liderləri də ölkədə yaranmış indiki siyasi böhrandan yeganə çıxış yolunu yeni seçkilərdə görürlər. Bu səbəbdən onlar 2014-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Kiyevdə yaşanan son olaylar, bunun region ölkələrinə təsiri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.
- Fəzail müəllim, Azərbaycandakı radikal müxalifət Kiyevdəki etiraz dalğasının Cənubi Qafqaza, o cümlədən ölkəmizə də hansısa formada təsir edəcəyinə ümid edir. Siz necə düşünürsünüz, bu olayların Azərbaycanda da yaşanması mümkündürmü?
- Bu, o halda ola bilər ki, Rusiya Azərbaycana qarşı təzyiqlərini gücləndirsin, ölkəmizin Avrasiya Birliyinə, Gömrük İttifaqına qoşulması üçün çox ciddi təhdidlərə əl atsın. Bununla yanaşı, eyni münasibəti Avropa Birliyi də Azərbaycana qarşı sərgiləsin. Bəlkə o zaman nəzəri cəhətdən burada da hansısa oxşar hadisə baş versin. Lakin bu, Azərbaycanda görünmür. Ukraynadan fərqli olaraq, Avropa Birliyinin ölkəmizdə çox ciddi geopolitik maraqları olmaqla bərabər, Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında son dərəcə əhəmiyyətli rola malikdir. Elə bu gün (dünən) Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalandı. Cənab prezidentin də dediyi kimi “Şahdəniz 2” çərçivəsində gerçəkləşdiriləcək layihələr Azərbaycan qazının tələbat olan bazarlara çıxarılmasına imkan yaradacaq. “Şahdəniz 2”, TAP, TANAP kimi layihələr dünyanın ən iri enerji layihələridir. Bu layihələr çərçivəsində 35 milyard dollar yatırım qoyulması və 30 min yeni iş yerinin açılması gözlənilir. Bu layihələrdən Avropa ölkələri də mənfəət əldə edəcəklər. Bu baxımdan Avropa Birliyi Azərbaycanda vəziyyətin gərginləşməsinə və kataklizmlərin baş verməsində maraqlı deyil. Digər tərəfdən, Azərbaycanda Ukraynadakı proseslərin reallaşması həm də ona görə mümkün deyil ki, ölkə prezidenti xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Demək olar ki, bütün Azərbaycan xalqı ölkə başçısının siyasətini dəstəkləyir. Bunun əksi olaraq müxalifət və onun ayrı-ayrı qanadları hər zaman olduğu kimi indi də yaranmış situasiyadan istifadə edib Azərbaycana qarşı iş aparmaqda həvəslidirlər. Halbuki müxalifət Avropa İttifaqının bayrağı altında iqtidarla mübarizəyə girişsə belə, bunun heç bir nəticəsi olmayacaq. Çünki onların xalq arasında nüfuzu, sosial dayaqları, bazası yoxdur. Ukraynada yaşananları Azərbaycanda da təşkil etmək üçün müxalifətin hüquqi, siyasi və sosial sifariş baxımından imkanları məhduddur. Ona görə də hesab edirəm ki, Ukrayna hadisələri parktiki olaraq Azərbaycanda təkrarlana bilməz.
- Bəzi müxalifət liderləri Ukrayna hadisələrini əsas gətirərək, belə bir ərəfədə Azərbaycanda iqtidar-müxalifət dialoqunu zəruri sayırlar. Sizcə, belə bir dialoq mümkündürmü, zəruridirmi?
- Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan mətbuatının aparıcı simaları ilə görüş keçirdi. Həmin görüş çox səmimi, səmərəli, açıq şəkildə keçdi. Dövlətimizin başçısı o görüşdə səsləndirdiyi fikirlərlə cəmiyyət üçün nə dərəcədə açıq siyasi xadim olduğunu bir daha ortaya qoydu. Əgər zərurət yaranarsa, Azərbaycandakı bütün siyasi partiya və təşkilatlarla birlikdə ölkə prezidenti bu və ya digər məsələlər ətrafında müzakirələr apara bilər. Mən düşünmürəm ki, bu müzakirələrin formatı dialoq ola bilər. Adətən, dialoq ortaya çıxan hər hansı ciddi hadisə, ölkənin taleyüklü məsələsi ətrafında ola bilər. Azərbaycanda belə bir ciddi məsələ işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlıdır. Bütövlükdə Azərbaycan cəmiyyəti, o cümlədən partiya və təşkilatları, sadə vətəndaşları da Dağlıq Qarabağ problemin həlli düşündürür. Gələcəkdə elə bir situasiya yarana bilər ki, bu problem ətrafında dialoq gerçəkləşər. Mən hətta buna da dialoq deməzdim. Dialoq o halda ola bilər ki, üz-üzə gələn qüvvələrin heç biri digəri üzərində qələbə qazana bilmir. Belə halda danışıqlara gedən hər iki siyasi qüvvə çalışır ki, özünün maraqlarını maksimum səviyyədə təmin etsin. Danışıqlar prosesində müəyyən kompromislər əldə olunur, razılığa gəlinir. Hazırda isə Azərbaycanda belə bir situasiya yoxdur. Bu səbəbdən də ölkəmizdə iqtidarla müxalifətin dialoqu real deyil. Çünki dialoq üçün mövzu, şərait yoxdur. Amma, ölkə prezidenti nə zaman məsləhət bilsə, siyasi partiya rəhbərləri ilə görüş keçirilə bilər. Belə bir qərar qəbul etmək ixtiyarı onun özünə məxsusdur.
- Dekabrın 15-də Milli Şuranın icazəli aksiyası keçirildi. Bir neçə partiyanın təşkil etdiyi bu mitinqdə az sayda adam iştirak etdi. Sizcə sosial şüarla keçirilən mitinqə geniş ictimaiyyətdən niyə dəstək gəlmədi?
- Məsələ burasındadır ki, mitinq eləyən Milli Şuranın, oradakı partiyaların cəmiyyətdə nüfuzu, reytinqi yoxdur, mövqeləri son dərəcə zəifdir. Sosial dayaqları həddən artıq zəif olan bu təşkilatlar yalnız Bakıda fəaliyyət göstərən ofis partiyalarına çevriliblər. Ona görə də müxalifətin çağırışına Azərbaycan xalqı səs vermir. Bundan sonra da bu mənzərənin müxalifətin xeyrinə dəyişəcəyi gözlənilən deyil. O ki, qaldı qiymət artımına, bu məsələ əhalinin həyat tərzinə ciddi təsir göstərmədiyi üçün xalq buna elə də əhəmiyyət vermədi, hadisədən öz məqsədləri üçün yararlanmaq istəyən müxalifətə dəstək olmadı. Düzdür, ilkin vaxtlarda bunu narazılıqla qarşılayanlar oldu, amma iqtisadi prosesləri, dünyadakı vəziyyəti izləyən vətəndaşlar sonradan bunu normal hal kimi qarşıladılar. Ümumiyyətlə, qiymət artımı cəmiyyətdə heç zaman birmənalı qəbul olunmayıb. Ancaq bundan istifadə edib siyasi müstəvidə şou göstərmək Azərbaycan xalqı tərəfindən məqbul sayılmadı. Biz müəyyən qədər siyasi proseslərdən keçən xalqıq. Müxalifətin çağırışlarının arxasında müəyyən siyasi sifarişin, məqsədin dayandığını, onların fikrinin qeyri-səmimi olduğunu anlayan xalq Milli Şuraya, onun mitinqinə dəstək olmadı.
- Milli Şuranın aksiya təyin etdiyi gün Müsavat başqanı Kiyevə gedərək mitinq iştirakçıları qarşısında çıxış edib. Sizcə, belə bir məqamda İ.Qəmbərin Ukraynaya yollanması nədən irəli gəlib?
- İsa Qəmbər bu hərəkəti ilə gündəmdə qalmağa, diqqət mərkəzində olmağa, müxalifətin əsas güc mərkəzi görüntüsünü yaratmağa çalışır. O, Maydandakı mitinqdə iştirak etməklə özünü Ukraynada cəmləşən diqqətin bir elementinə çevirmək arzusundaydı. Bundan başqa, Müsavat başqanının Ukrayna səfərinin hər hansı əhəmiyyəti, siyasi çəkisi yoxdur. İsa Qəmbərin Kiyevə getməsi, Maydanda çıxış etməsi, ABŞ senatoru Con Makkeynlə görüşməsi onun siyasi nüfuzunun artmasına hər hansı formada təsir etmir. Yaddan çıxarmaq olmaz ki, hər bir siyasətçi özünün dayaqlarını yaşadığı ölkədə, mənsub olduğu xalqın içərisində axtarmalıdır. Siyasətçinin nüfuzunun artması, onun siyasi ambisiyalarının reallaşması üçün başqa format yoxdur.
- Mətbuatda R.Quliyev, sabiq səhiyyə naziri Əli İnsanov və keçmiş deputat Hüseyn Abdullayevin “Yeni Nəfəs” partiyası yaradaraq, bir araya gəlməsi barədə xəbər yayılıb. Sizcə bu təşkilat müxalifət düşərgəsində yer ala biləcəkmi?
- Bu barədə bir şey demək, hələ tezdir. Partiyanı yaratsınlar, ondan sonra görərik. Bu adamlardan birincisi, eks-spiker Rəsul Quliyev uzun müddətdir partiyalar yaratmaq, daha sonra oradan uzaqlaşmaq təcrübəsinə malikdir. O, əvvəlcə Azərbaycan Demokrat Partiyasını, ardınca Açıq Cəmiyyət Partiyasını yaradıb. Müxtəlif vaxtlarda hər iki partiyadan istefa verib, uzaqlaşıb. İndi də yeni siyasi təşkilat yaratmaq eşqinə düşübsə, inanmıram ki, bu dəfə də ciddi uğura imza atsın, nailiyyət əldə eləsin. Çünki, digər müxalifətçilər kimi Rəsul Quliyevin də Azərbaycanda dayaqları yox dərəcəsindədir. Yerdə qalan iki nəfərin bu günə kimi baş verən hər hansı siyasi proseslərdə iştirakı müşahidə edilməyib. Əli İnsanov həbsxanadadır. Hüseyn Abdullayev isə indiyə qədər müxalif fikirlərini ortaya qoysa da, bu fikirlər müəyyən siyasi çalarları özündə ehtiva etsə də, onun özü Azərbaycan cəmiyyətində bir siyasətçi kimi yer tutmayıb. Əgər mətbuatın verdiyi məlumat düzgün olsa və onlar həqiqətən də partiya yaratsalar, bu təşkilatın nə dərəcədə ciddi siyasi qüvvəyə çevrilməsini, müxalifətdə üstün mövqeyə çıxmasını gələcək göstərəcək. Lakin reallıq budur ki, Azərbaycan müxalifətində kifayət qədər mühafizəkar mövqeyə malik qüvvələr yeni təşkilatların, yeni simaların meydana gəlməsinə qısqanclıqla yanaşırlar. Bu qüvvələr ən müxtəlif yollarla müxalifətə yeni simaların, təşkilatların gəlməsinə qarşı çıxırlar. Bu yolda hətta böhtana, iftiraya da əl atırlar. Belə addımların önündə gedənlər isə İsa Qəmbər və Əli Kərimlidir. Ona görə də Rəsul Quliyev, Əli İnsanov və Hüseyn Abdullayev “Yeni Nəfəs” Partiyası yaratsalar, qarşılarında ilk növbədə iqtidar partiyalarını deyil, elə AXC və Müsavat partiyalarını görəcəklər. Onların bu baryeri aşmaları ciddi sual altındadır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər