AZE | RUS | ENG |


Avropa Azərbaycan Məktəbində Beynəlxalq Ana Dili Günü tədbiri keçirilib

Avropa Azərbaycan Məktəbində Beynəlxalq Ana Dili Günü tədbiri keçirilib
Fevralın 16-da Avropa Azərbaycan Məktəbinin (AAM) geniş iclas salonu yenə qapılarını Beynəlxalq Ana Dili Günü ərəfəsində müəllimlərin, şagirdlərin, valideynlərin və məktəbə dəvət olunmuş qonaqların üzünə açıb. Azərbaycanın tanınmış mədəniyyət xadimləri –  Azərbaycan İncəsənət Universitetinin Səhnə Danışığı kafedrasının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürov və kafedranın dosenti, bədii qiraət ustası Məleykə Alı qızı məktəblilərlə görüşə gəliblər.
Avropa Azərbaycan Məktəbinin 2016-2017-ci dərs ilinə aid illik planlaşdırmasında nəzərdə tutulmuş "Beynəlxalq Ana Dili Günü” adlı tədbir çərçivəsində baş tutan görüşün təşəbbüsçüsü və təşkilatçısı Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri idi.
Tədbirə hazırlaşarkən məktəbin şagirdləri Azərbaycan yazılı və şifahi ədəbi dili üzrə bacarıqlarını yaxşılaşdırmaq üçün mütaliə, ifadəli oxu, aktyorluq bacarıqlarının nümayişi istiqamətində müxtəlif fəaliyyətlərə cəlb olunmuşdular. Nümunəvi çıxış edə bilən şagirdlər tədbir zamanı öz bacarıqlarını  tamaşaçılar qarşısında nümayiş etdiriblər.
Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, Əməkdar müəllim H.Şahbəndəyev  açaraq ələmətdar günün tarixi, görüşün məqsədi haqqında məlumat verib. Görüşün sonrakı axarı məktəblilərin ixtiyarına verilib.
Əməkdar artist Azad Şükürovun dilimizə məhəbbət və vətənpərvərlik ruhunda çıxışı, "Yetim segah”ın sədaları altında söylədiyi müharibə acılarından bəhs edən şeir məktəblilərin yaddaşında uzun zaman yaşayacaq.
Xəlil Rza Ulutürkün "Mənim dilim” şeirini ifa edən Aytac Aslanlının və  Gülsüm Cəfərovanın çıxışları qonaqların və şagirdlərin alqışları ilə qarşılanıb.
İsmayılzadə Nur "Şirin dil” mahnısını ifa edərkən təkcə musiqi istedadını nümayiş etdirmirdi, həm də dilimizə məhəbbətini öz müəllimləri  və şagird dostları ilə  bölüşürüb.
Bədii qiraət ustası Məleykə xanım Alı qızının Azərbaycan dilinə məhəbbət aşılayan çıxışı, tövsiyələri və ifaçılıq mədəniyyəti salondakılar tərəfindən hərarətlə alqışlanıb.
S.Vurğunun "Vaqif” pyesindən kiçik bir hissəni səhnələşdirən 6-7-ci sinif şagirdlərinin - Qərib Hacıyev, Murad Hacıyev, Nihad Vəlili, Fəxri Qacar  və Murad Əliyevin çıxışları olduqca gözəl təsir bağışlayıb. Şagirdlərin natiqlik məharəti, nitq mədəniyyəti və aktyor sənəti haqqında suallarına qonaqlar tərəfindən  əhatəli və səmimi cavablar verilib.
Tədbir AAM-ın Kadrlar və İR üzrə direktoru Amalya Sezgin tərəfindən yekunlaşdırılıb. O, hörmətli qonaqlara AAM-da təhsil alan şagirdlərə bu anları yaşatdığı üçün təşəkkürünü bildirib.
Sonda müəllim və şagirdlərlə qonaqlar xatirə şəkilləri çəkdirdilər. Tanınmış səhnə ustaları ilə görüş məktəb həyatında yaddaqalan saatlardan, şərəfli səhifələrdən biri kimi tarıxə qovuşdu.
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7085
GBP 1 İngilis funt sterlinqi 2.1781
TRY 1 Türk lirəsi 0.4676
KWD 1 Küveyt dinarı 5.5883
SEK 1 İsveç kronu 0.1894
EUR 1 Avro 1.8242
CHF 1 İsveçrə frankı 1.7036
USD 1 ABŞ dolları 1.7022